Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:10

Putin qapıları bağladı, türk TIR şoferləri Bakıda çarəsiz qaldı...


TIR-lar
TIR-lar

-

virtualaz.org saytı Rusiyanın türk TIR-larına,yəni beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapılarını bağlamasından sonra Azərbaycan üzərindən keçən dəhlizin necə işlədiyini araşdırıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı əməkdaşları hazırda burada təxminən 160 yük maşını olduğunu bildiriblər. Əməkdaşların dediyinə görə, başlıca problem pis hava şəraitinin bərənin standart qrafikini pozmasıdır.

Ancaq TIR sürücüləri ilə söhbət tamamilə fərqli, ürəkaçan olmayan mənzərəni ortaya çıxarıb. Sürücülər deyir ki, onların əksəriyyəti bir həftədən çoxdur ki, limandadır, amma bərə tapa bilmədiklərinə görə yükləri mənzil başına çatdıra bilmirlər.

Limana yan alan bərələr isə TIR-lar üçün çox az yer ayırır. Onlar əsasən konteynerləri yükləyib gedirlər. Ona görə də limanda gözləyən 200-ə yaxın yük maşınının sayı hər gün artır.

Sürücülər bildirdilər ki, limana hər gün 50-yə yaxın yük maşını daxil olur, burada isə onların məşəqqətli günləri başlayır.

Sürücü Sadun Tokay-ın sözlərinə görə, əsas narahatlıq gəmi-bərənin vaxtında gəlib çıxmamasıdır: «Azərbaycan dövlətindən xahiş edirik ki, bizə kömək etsin. Neçə gündür ki, burada qalmışıq. Qırğızıstanda məni 1 aydır gözləyirlər ki, yük gətirəcəyəm, amma gedib çıxa bilmirəm. Mümkündürsə, gəmilərin gəlməyini tezləşdirsinlər».

Sürücülər deyir ki, 8 gün ərzində limana cəmi bir gəmi-bərə yan alıb.O da dəmiryol vaqonlarını, ya da konteynerləri yükləyib, boş qalan yerə cəmi 10-15 TIR götürüb və gedib.

Rauf Mirqədirov
Rauf Mirqədirov

YUNUSLARIN AZAD EDİLMƏSİ JURNALİSTİN İŞİNƏ «YAŞIL İŞIQ» YANDIRIB

«Yeni Müsavat» yazır ki, Leyla və Arif Yunusların azadlığa buraxılmasından sonra bir sıra məhbusların Yeni il qabağı həbsxana həyatı ilə vidalaşacaqları barədə xəbərlər yayılıb.

«Azad ediləcəklərinə inam yaranan məhbuslar içərisində ilk göz önünə gələn isim «Ayna»- «Zerkalo» qəzetlərinin əməkdaşı Rauf Mirqədirovdur.

Vicdan məhbusunun azadlığına «yaşıq işıq» yandıracaq amillərdən birincisi Yunusların şərti azadlığa buraxılmasıdır. Mirqədirov məhz Yunuslara qarşı irəli sürülmüş ittihamlar çərçivəsində həbs edilib, onlarla əlaqələrinin olmasında ittiham olunur.

Mirqədirovun azadlığa çıxacağı ehtimallarını yüksəldən nüanslardan biri də Yunuslara qarşı irəli sürülmüş cinayət maddələrindən «Dövlətə xəyanət»in ayrıca icraata götürülməsi, hələ də bu maddəyə baxılıb-baxılmamasının sual altında qalmasıdır», - qəzet yazır.

Mirqədirovun əməkdaşı olduğu «Ayna»- «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı məhkəmədən müsbət qərar gözlədiklərini bildirib: «Belə xoş xəbəri eşitməyi çox istərdim. Məntiqlə Leyla və Arif Yunus azadlıqdadırsa, Rauf Mirqədirovun da həbs-qətimkan tədbirindən azad edilməsi gözəl olardı. Məntiqə uyğun addım budur. Amma Azərbaycanda, Raufun vəkili demişkən, proqnoz vermək müşkül məsələdir. Bununla belə, Raufun azad edilməsi üçün bütün münbit şərait yaranıb. Onu düşünmək lazımdır ki, Raufu həbs edən, onun işini aparan MTN əməkdaşlarının 80-90%-i hazırda işindən uzaqlaşdırılıb, 70%-i barəsində də həbs-qətimkan tədbiri seçilib».

Nardaran
Nardaran

NARDARANIN PROBLEMLƏRİNİN HƏLLİNİ DÖVLƏT ÖZ ÜZƏRİNƏ GÖTÜRDÜ

«Nardaran qəsəbəsinin sosial problemlərinin həllini dövlət öz üzərinə götürdü». «Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

«İndi qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılmaqdadır. Dövlət başçısının humanizm prinsiplərinə sadiqliyi burada da özünü göstərdi. Belə ki, qəsəbədə nəqliyyat sistemi yenidən təşkil edildi, böyük miqdarda borclara baxmayaraq, minə yaxın ailəyə işıq verilməsi bərpa olundu. Azərbaycan hökuməti «Azərişıq», «Azərsu», «Azəriqaz» və «Azəravtoyolservis» rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoydu», - məqalədə deyilir.

Qəzet prezident İlham Əliyevin Nardaran qəsəbəsinin abadlaşdırılmasına 12 milyon manat ayırdığını yazır:

«Bu vəsait ilkin məbləğdir, qəsəbənin problemlərinin həlli, abadlıq-quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılacaq. Azərbaycan reallığına qaytarılan Nardaranda hazırda ictimai-siyasi vəziyyət normal məcraya düşüb. Radikal ekstremist qrupun nardaranlıları arxaizmə, mövhumata və xurafata sürükləmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Nardaranda hakimiyyət orqanları və dövlət strukturlarının funksiyalarının, səlahiyyətlərinin ən müxtəlif dini «qurum»lar, habelə «Ağsaqqallar şurası» tərəfindən mənimsənilməsinə son qoyulub».

XS
SM
MD
LG