Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

Uğur qazanmaq üçün yenidən başlaya bilmək lazımdır


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Statistikaya inansaq, bir adamın Yeni il arzusunun növbəti ildə çin olmaq ehtimalı heç də çox deyil. Amma xoşbəxtlikdən həmin arzuya çatmaqdan ötrü səylərinizi təzələmək üçün 2017-ci il yanvarın 1-ni gözləməyə ehtiyac yoxdur. İl ərzində hər şeyə yenidən başlamaq üçün xeyli imkanınız olur.

Bunun üçün keçid anları sayıla biləcək günləri seçin. Bununla siz alimlərin «yeni başlanğıc effekti» adlandırdıqları gücdən faydalanmış olarsınız. Hər dəfə biz tənbəl, uğursuz keçmişimizi arxada qoyub daha uğurlu, yeni bir cizgidə yola başlamaq şansı yaxaladığımızı düşünəndə, özümüzü məqsədimizə çatmağa daha motivasiyalı hiss edirik.

«Yeni başlanğıc effekti»ni Uorton Məktəbindən Katherine Milkman-in rəhbərlik etdiyi bir qrup araşdırmaçı bu yaxınlarda aşkarlayıb. Onların fikrincə, bir fitnes mərkəzinə yazılmaq belə doğum günü, semestrin, yeni ayın və ya həftənin başlanması kimi dönüş nöqtəsi rolu oynaya bilər.

TƏSƏVVÜR EDİN TƏZƏ EVƏ KÖÇMÜSÜNÜZ...

Alimlər bu araşdırmanın nəticələrindən çıxış edərək yeni bir neçə eksperiment aparıblar. Onlar eksperimentdə iştirak edən insanlardan əvvəlcə nail olmağa çalışdıqları arzularını soruşublar. Sonra isə onlardan yenicə təzə bir evə köçdüklərini təsəvvür etmələrini xahiş ediblər. Bəzilərinə 10 ilə qədərdir yaşadıqları şəhərdə ilk dəfə yeni bir mənzilə köçdüklərini, digərlərinə isə hər il evlərini dəyişdiklərini, yəni mənzil dəyişikliyinin onlar üçün adi bir hal olduğunu təsəvvür etmək xahiş olunub. Sonda isə onlardan yeni mənzildə məqsədlərinə çatmaq baxımından özlərini nə qədər motivasiyalı hiss etdikləri, öz keçmişlərinə nəzərən nə qədər məsafə qət olunduğunu düşündükləri soruşulub. Belə məlum olub ki, son 10 ildə mənzillərini ilk dəfə dəyişdiklərini təsəvvür edən iştirakçılar özlərini daha motivasiyalı hiss ediblər. Nəinki bu dəyişikliyin adi bir hal kimi hər il baş verdiyini təsəvvür edənlər.

ÖZÜNÜZƏ YENİ BAŞLANĞICLAR AXTARIN

Araşdırmadan belə nəticə çıxarmaq olar ki, «yeni başlanğıclar» şəxsi hədəflərimizə nail olmaq baxımından bizi daha əzmkar edə bilər. Çünki bu zaman biz özümüzü keçmişimizi bütün uğursuzluqları ilə birlikdə arxada qoymağa qadir hiss edirik.Bu da insana gümrahlıq, özünəinam hissi bəxş edir.

Araşdırmanın nəticələri həm də pis vərdişləri tərgitməyə çalışıb, heç cür buna nail ola bilməyənlərə də bir ismarış verir. Bu ismarış da ondan ibarətdir ki, onlar hər bir dönüş anından (ad günü, yeni il, yeni işə başlama, yeni evə köçmə, yeni kursa getmə və s.) yeni başlanğıc kimi istifadə edərək, öz məqsədlərinə çatmaq istiqamətində daha əzmkar, daha həvəslə irəliləyə bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG