-
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər. «Bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub», - universitetin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bunun nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirir. Çünki bundan əvvəl cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib: «Adətən klapan dəyişmə əməliyyatı özü kifayət qədər ciddi bir əməliyyatdır. Bundan əlavə, bu xəstəmizdə ikincili klapan dəyişmə əməliyyatı planlaşdırılırdı. Bu, işin ciddiyyətini daha da artırırdı. Xəstə qadının hamilə olduğunu, ana bətnində dölün olduğunu nəzərə alsaq, belə əməliyyatın həddən artıq məsuliyyətli olduğunu deyə bilərik. Çünki əməliyyat ana və dölün həyatı üçün riskli idi».
Hazırda xəstə evə buraxılıb və həkimlər onun da, dölün də vəziyyətini normal qiymətləndiriblər və hesab edirlər ki, qadın normal doğuş keçirə biləcək.