Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Azad Qaradərəli. Neft, suya dönəsən…


Azad Qaradərəli
Azad Qaradərəli

-

"Sən, neft... Sovetin cibini doldurdun, ondan qabaq milyonçuların... İndi yenə milyonçulara işləyirsən."

Azad Qaradərəli

Neft, suya dönəsən…

Anam “nəfit” deyərdi sənə. Nəfini görməsək də.

Qara çırağa, ya da onluq lampalara tökərdilər. Başçatladan qoxun, göztökən acı tüstü-dumanın vardı. Birinci sinfi sənin o qara çırağının öləziyən işığında oxudum...

Sən, neft... Sovetin cibini doldurdun, ondan qabaq milyonçuların... İndi yenə milyonçulara işləyirsən.

Qara qızıl deyirlər sənə, bilirsənmi niyə? Çox-çox insanların taleyini qaraltdın, çox-çox insanlara od vurdun, tüstü çıxdı təpələrindən...

Bakı
Bakı

Neft... Mən heç mutlu olmadım səninlə. Xaraba kəndim, yiyəsiz rayonum, yetim Şuşam, namusu tapdanan Xocalı bacım... sənin badına getdi rusun əliylə.

Tanrı səni müsəlmana paymı verdi, payamı verdi? İslam ümmətini sənə görə payaya keçirirdilər keçmişdə, indi raketdən keçirirlər.

Neft... Nə deyim sənə? Belə getsə, digərlərinə neft-yağ, müsəlmana, türkə yağı olacaqsan!

Biz, sənə bilirsənmi nə diləyirik? Bitəsən deyirik. Quruyasan deyirik. Sönəsən deyirik... Suya dönəsən...

Neft... səni bizdə çıxardan kişi öz vətəninə gedib bizdən apardığı pulla mükafat qurdu. Onlar sənin uğrunda savaşır, biz o mükafatın – bilə-bilə ki, onu heç vaxt ala bilməyəcəyik, çünki biz ağılla mükafat alan deyil, bazarda alış-veriş edənik...

Neft, sən bizi heç sevmədin ki... Sevsəydin o sütül oğlanların, o bəxtsiz cavanların, o taleyi qaraların çırağını qaraltmazdın.

Ucuzlaşmısan deyirlər. “Neftdən əlinizi üzün” deyiblər təzəlikcə. Üzüləsən elə. Həmişə ayağa düşəsən, heç baha günün olmasın. Başa çıxmayasan - insanımıza qıydığın yerdə...

Neft... Heç sevmədin bizi... Sevgi qarşılıqlıdı, bil!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG