Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:39

«Dedilər ki, hamını təhlükəsiz yerə çıxarmışıq»


Ünvanı təkrar-təkrar soraqlamaq, bir xeyli üzü yoxuşa çıxmaq lazım gəldi.
Ünvanı təkrar-təkrar soraqlamaq, bir xeyli üzü yoxuşa çıxmaq lazım gəldi.

-

«Qardaşımın itkin düşdüyünü mənə deyə bilmədilər. Dəstəyi qırağa qoyub, susdular. Bir azdan qız dəstəyi götürdü, qərargaha zəng vurmağı məsləhət gördü... Hər şeyi anladım...».

Ünvanı təkrar-təkrar soraqlamaq, bir xeyli üzü yoxuşa çıxmaq lazım gəldi. Köhnə, bomboz sovet tikililəri arasından Xəzərə gözəl mənzərə açılır: mavi dəniz quzu balası kimi sakitdir bu gün, soyuq da olsa, günəşli havada bir başqa görünür. Elə bil, iki gün öncə tufan qoparan, 30 canı dibinə çəkən o deyildi.

-115-ci bina buradır?

- Düz gəlmisiniz. Kim lazımdır?

- Biz...

- Yas yerinə gəlmisiniz?

- Qəzada itkin düşən Habil İsgəndərova görə...

- Düz gəlmisiniz. Qardaşı burdadır.

Həyətdə çardaq altında yığışan bir neçə kişi yol göstərir:

Biz də elə yasa gəlmişik...

Xeyir-şər evini əvəzləyən tikiliyə sinilərdə şoraba, çörək, ardınca çay daşınırdı.

Fərman İsgəndərov – dənizdə itkin düşən Habil İsgəndərovun qardaşı gəlir.

«KAŞ İŞƏ DÜZƏLTMƏYƏYDİM»

Neft mədənlərində 12 ildir çalışan Habil İsgəndərovun 50 yaşı varmış. Onacan Rusiyada yaşayıb. Sonra neft sahəsində işləyən qardaşının məsləhəti ilə burda işə düzəlib. İndi isə qardaşı Fərman özünü qınayır: «Kaş düzəltməyəydim...» - deyir. Söhbətboyu birinci və bircə dəfə bu yerdə doluxsunur, səsi titrəyir: «Fəhlə işləyirdi, adicə fəhlə».

Habil İsgəndərov iki övlad atasıdır. Böyüyü oğlandır, 20 yaşındadır, İqtisad Universitetinin son kursunda oxuyur. Kiçiyinin - qızının 10 yaşı var: «Ürəyi partlayar sizi görsə. Bu gün evə gələn günüdür Habilin... Gözünü açıb atasını dənizdə görmüşdü».

«ZƏNG VURDUM, DEDİLƏR Kİ, HAMINI TƏHLÜKƏSİZ YERƏ ÇIXARMIŞIQ»

Xəbəri Fərman İsgəndərov saytlardan oxuyub:

- Zəng vurdum, dedilər ki, hamını təhlükəsiz yerə çıxarmışıq. Beşinci gün axşam idi, saat 10 olardı mən zəng vuranda. «Şlyupka»lara doldurublarmış camaatı. Amma sonra tros qırılıb, qayıq sallanıb bir az, camaat tökülüb suya».

Fərman İsgəndərov
Fərman İsgəndərov

Fərman İsgəndərov qardaşının da «təhlükəsiz yerdə» olduğuna inanıb və ümidlə səhəri gözləyib. Səhər günorta, gündüz axşam olub. Nəhayət, axşam saatlarında - Dövlət Neft Şirkəti siyahını açıqlarkən, o da qardaşının işlədiyi idarəyə zəng vurub:

- «Habil İsgəndərovun adı siyahıda varmı?» – deyəsoruşdum. Baxdılar, sonra dəstəyi qırağa qoydular. Məni tanıyırlar. Qardaşımın itkin düşdüyünü mənə deyə bilmədilər. Dəstəyi qırağa qoyub susdular. Bir azdan qız dəstəyi götürdü, qərargaha zəng vurmağı məsləhət gördü... Hər şeyi anladım.

Fərman İsgəndərov möcüzəyə - qardaşının sağ qalmasına inanmır:

- Bu diletant yanaşma olardı. O soyuqda, o dərinlikdə sağ qalmaq mümkün deyil.

- Bəs deyirlər ki, xilasedici jiletləri olsaymış, sağ qala bilərmişlər.

- Jilet olub, amma buz kimi soyuq suda insan yarım saat, bir saat sağ qalar.

- Axtarışlardan xəbəriniz varmı? Nə deyirlər?

- Şənbə günü hava soyuq oldu. Bu gün dəniz sakitdir. Axtarırlar...

«YAXŞI BİLİRƏM Kİ...»

Fərman İsgəndərov qardaşının ailəsi ilə görüşməyə icazə vermir:

- Yoldaşının halı yaxşı deyil. Birtəhər sakitləşdirmişəm. Demişəm axtarırlar, bəlkə tapıldı. Qızınınsa... Evə getməyin...

Sağollaşırıq. Nə deyəcəyimizi bilmirik. İtkin düşən Fuad Tağıyevin əmisinin sözü yadımıza düşür: «Bura gələnlər də karıxır. Bilmirlər başsağlığı versinlər, bilmirlər təsəlli. Biz özümüz də ümidlə ümidsizlik arasında qalmışıq...».

Fərman İsgəndərovsa ümidini üzüb: «Mən özüm neft sahəsində işləyən adamam. Yaxşı bilirəm ki, heç bir ümid yoxdur...». Deyir və baxışlarını dənizə zilləyir...

XS
SM
MD
LG