-
"Əgər o, 45 mini oğlunun təhsilinə qoysaydı, söhbət həqiqi təhsildən gedir, diplom almaqdan yox, heç vaxt belə çıxılmaz duruma düşməzdi."
"Kitab yarmarkalarında valideynlərin uşaqlarına kitab almasını müşahidə etmək adamı hipnoz edir, sanki ana öz övladına yemək verir, balaca qaşıqda ehtiyatla yeməyi uşağın ağzına aparır, sonra digər əlini uşağın çənəsinə tutur..."
Şahbaz Xuduoğlu
Kitab elə bir hədiyyədir ki, onu təkrar-təkrar aça bilirsən
Əziz oxucu,
Həyatımızda bayramların sayı çoxdur. Yeni il bayramı, Uşaq günü, Ana günü, Ata günü, Valideyn günü, ad günləri və s. Bu günlərdə bir-birimizə hədiyyələr veririk.
Çox zaman hədiyyə verən daha çox narahat olur, həyəcan keçirir, axı hədiyyə adamın dünyagörüşünü, zövqünü, səviyyəsini ifadə edir. Bu günlərdə gərək altruist olasan, hədiyyə verməkdən zövq alasan.
Verdiyiniz hədiyyə o insanın həyatına nə dərəcədə təsir edəcək? Bunu öncədən düşünmək lazımdır.
Hədiyyə mütləq rəmzi olmalıdır, diqqət, qayğı, arzu ifadə etməlidir. Təmənnasız olmalıdır.
Uşaqlara verilən hədiyyələr isə sətiraltı məna daşımalıdır.
Əgər bayramlarda uşağına kitablar hədiyyə edirsənsə, demək, sən onun həyatının kitablarla bağlanmasını arzu edirsən.
Bir tanışım vardı, bir dəfə böyük fəxrlə dedi ki, orta məktəbi bitirmək münasibətilə oğluna maşın hədiyyə edib. Maşının dəyəri 45 min dollar olardı.
Tez-tez salamlaşıb söhbət etdiyim, bəzən oturub çay içdiyim tanışımı bir də 7 ildən sonra gördüm.
Oğlunu soruşdum, üzgün halda "işsizdir" dedi, “avaraçılıq edir, özüm də işimi itirmişəm”.
Əgər o 45 mini oğlunun təhsilinə qoysaydı, söhbət həqiqi təhsildən gedir, diplom almaqdan yox, heç vaxt belə çıxılmaz duruma düşməzdi.
Tanışımda günah görmürəm, o, elə görüb, bildiyi bu qədərdir; atası vəzifədə olanda şəhərin mərkəzində ona ev hədiyyə etmişdi. O da təbii ki, uşağına maşın hədiyyə edəcəkdi...
Kiçik hədiyyə böyük məna ifadə edir. Belə yanaşma sizə hədiyyə seçməkdə yardım edə bilər. Böyük hədiyyənin mənası isə kimisə almaq cəhdidir.
Mənə görə ən yaxşı hədiyyə kitabdır. Kitab bahalı deyil, amma orda bir dünya var, əlbəttə, sən dünyanı ala bilməzsən, amma kitab verməklə bir dünya hədiyyə edə bilərsən.
Hədiyyənin dəyəri onun qiyməti ilə ölçülə bilməz. Nə qədər bahalı olsa, ondan daha bahalı olan digəri mütləq var.
Hədiyyənin dəyəri onun qiyməti ilə ölçülə bilməz. Nə qədər bahalı olsa, ondan daha bahalı olan digəri mütləq var.
Son illər bizdə mənadan daha çox hədiyyənin qiymətinə baxılır.
Rayon icra başçısı bir nazirə villa tikdirib adını hədiyyə qoyur, yaxud bir iş adamı işi keçən birinə daha bahalı mülk bağışlayır. Əlbəttə, hər kəs bilir ki, belə hədiyyə olmur, bu, rüşvətdir.
Kitab yarmarkalarında valideynlərin uşaqlarına kitab almasını müşahidə etmək adamı hipnoz edir, sanki ana öz övladına yemək verir, balaca qaşıqda ehtiyatla yeməyi uşağın ağzına aparır, sonra digər əlini uşağın çənəsinə tutur...
Belə anları müşahidə edəndən sonra təzələnirsən. Çox vaxt kitab alan valideynlərə təklif edirəm ki, kitabı elə yerindəcə yazıb uşağa hədiyyə etsinlər.
Uşaq hər dəfə bu kitabı açanda, ilk olaraq valideynə, bu kitabın alındığı dövrə dönəcək..., görün necə silinməz bir xatirə yaradırsız onun üçün.
Əgər bir insanın ağlı, təfəkkürü barədə məlumat almaq istəyirsənsə, ilk olaraq onun oxuduğu kitablarla maraqlanırsan. Oxuduğu kitablarla onu tanıyırıq, onun haqqında fikir formalaşdırırıq.
Adam açmadığı kitabın içini bilməz. Gərək onu aça, oxuya, sonra içində nəyin yazıldığının fərqində ola. Amma ilk öncə ona yaxınlaşmaq, vərəqləmək, içindən sətirlər oxumaq lazımdır. Yarmarkalarda bəzən kənardan baxıb keçən adamları kitablara baxmağa dəvət edirəm.
Hər bir kitabın qapağı sanki bir qapıdır, ona toxumasan, heç zaman açılmayacaq. Həm də bir rəsm əsəridir, o səni mütləq təzə bir havaya kökləyəcək, beynində yeni fikirlər doğuracaq.
Bəzən valideynlərlə övladların konfliktini asanlıqla bir kitabı müzakirə etməklə aradan qaldırmaq olur.
Eyni kitabları oxumayanların ortaq məxrəcə gəlməsi asan deyil.
Bəzən valideynlərlə övladların konfliktini asanlıqla bir kitabı müzakirə etməklə aradan qaldırmaq olur.
Uşaqlar valideynlərini təkrar edərlər. Əgər uşaq evdə kitab hədiyyəsi alarsa onun nə dərəcədə qiymətli olmasının fərqinə varsa, demək o da həyatı boyu bu ənənəni davam etdirəcək.
Əziz oxucu, qarşıdan Yeni il bayramı, Novruz bayram və sonra digər bayramlar gəlir.
Belə əziz günlərdə bir-birinizə, xüsusən uşaqlara kitab hədiyyə edin. Buna görə sizdən böyük xərc tələb olunmur, amma gələcəyə böyük bir yatırım edirsiz. Axı oxumadığın kitabı hədiyyə almaq ən böyük bəxşişdir.