Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Hay-həşirlə içəri gir, guya müəlliməni xilas edirsən. Uşaq hekayəsi


İllüstrasiya
İllüstrasiya

-

"Müəllimə, nə yaxşı ki, Sizə bir şey olmadı. Siz olmasaz, bizim bağça batar. Biz sizi çox sevirik."

Vüqar Haqverdiyev

Qıvrımsaçın hoqqaları

Əvvəli burada

II fəsil

İmişlidə bir uşaq bağçası
İmişlidə bir uşaq bağçası

Qıvrımsaça bağçada çox qayğı ilə yanaşırdılar.

Bağça müdirəsinin qorxusundan ona gözün üstə qaşın var, deyən olmurdu. Yeməyinə, içməyinə xüsusi diqqət yetirilirdi.

Səhər yeməyində südlü çay və ya kakao, dadlı şirniyyatlar, meyvə saatında alma, armud, banan, portağal, naharda salat, şorba, makaron, toyuq qızartması və s. Özü də hamısı iki porsiya verilirdi.

Qıvrımsaç görmədiyi günə düşmüşdü. Bir neçə günə kökəlib əmələ gəlmişdi, yanaqları qıpqırmızı olmuşdu. Lakin bu xoşbəxt günlər çox çəkmədi. Bağçaya yeni müdirə gəldi.

Bəstəboy və qaşqabaqlı təzə müdirə çox ciddi və tələbkar adama oxşayırdı, adı Almaz idi. Tünzalə müəllimə onun yanından əl çəkmirdi. İşi oldu-olmadı, tez-tez kabinetinə girib çıxırdı. Özünü müdirəyə yaxın adam kimi göstərirdi.

Qıvrımsaç hiss edirdi ki, Tünzalə müəllimə ondan hayıf çıxmaq üçün əlverişli məqam axtarır. Çünki hər rastlaşanda tərbiyəçi dişlərini qıcayıb intiqam hissi ilə onu qanlı-qanlı süzürdü.

Situasiyanı qiymətləndirən Qıvrımsaç özünü nümunəvi uşaq kimi aparmağa çalışırdı, bütün bağça qayda-qanunlarına əməl edirdi. Lakin dəcəl və ərköyün uşaq üçün bu, çox çətin idi.

Əvvəlki xoş günlərə qayıtmaq üçün plan cızırdı. Birdən tutuquşu Cimmi yadına düşdü. Öz-özünə dedi:

- Yalnız Cimmi mənə kömək edə bilər.

Günorta yuxusu vaxtı Tünzalə müəllimə uşaqları bir-bir yatağa uzadıb getdi. On-on beş dəqiqədən sonra Qıvrımsaç mobil telefonunu şortikinin cibində gizlədib tualetə getmək adı ilə yataq otağından çıxdı.

Dəhliz bomboş idi, sonda yerləşən ayaqyoluna çatmamış üçüncü otaq Tünzalə müəllimənin idi. Qıvrımsaç səs salmasın deyə? barmaqlarının ucunda tərbiyəçinin otağına yaxınlaşdı. Əyilib qapının deşiyindən baxdı, müəllimə kresloda oturmuş, başını iş stolunun üstünə qoyduğu qollarına dirəyib yatmışdı.

Uşaq tualetə girib Cimmiyə “vızov” atdı. Tutuquşu pəncərədən özünü yetirdi.

Qıvrımsaç dedi:

- Cimmi, xoş gördük!

Cimmi dedi:

- Xoş gördük balaca, işlər necədir?

Qıvrımsaç dedi:

- Yaxşı deyil, bağça müdirəsini dəyişiblər, tərbiyəçi də mənə göz verib işıq vermir. Bir səhv hərəkət axtarır ki, qaçıb müdirəyə çatdırsın.

Tutuquşu dedi:

- Elə bunun dərdini çəkirsən, mən də deyirəm, nə olub, tərbiyəçi hardadır?!

Qıvrımsaç dəhlizə çıxıb müəllimənin otağını göstərdi:

- Bax, ordadır, iş vaxtı kresloda yatıb.

Cimmi dedi:

- İndi yuxusuna haram qataram!

Tualetin qabağındakı qapısı açıq otaq camaşırxana idi. Orada döşəkağlarını, dəsmalları yuyub qurutmaq üçün asırdılar. Tutuquşu caynaqları ilə ağ mələfələrdən birini götürdü, dimdiyi ilə iki göz yeri açıb başına keçirdi. Dəhlizdə uçub dövrə vurdu.

– Hə necədir?

Qıvrımsaç dedi:

- Əla, ruha oxşayırsan. Tünzalə müəllimə görsə qorxudan ürəyi gedəcək.

Tutuquşu dedi:

- Qapını ehtiyatla arala, mən içəri girim, özün də götür o döşəməsiləni, – qanadı ilə koridorun küncünə söykənmiş taxta aləti göstərdi: – Çöldə gözlə, mən içəridən qapıya iki dəfə toxunanda hay-həşirlə içəri gir, guya müəlliməni xilas edirsən, mən də uçub aradan çıxaram.

Qıvrımsaç dedi:

- Afərin Cimmi, gözəl plandır!

Cimmi Tünzalə müəllimənin başını qoyub yatdığı stolunun üstünə qonaraq, mələfənin ucunu tərbiyəçinin boynuna, qulağına toxundurdu. Müəllimə yuxulu-yuxulu bir əlini başının altından çıxardı, boynunu, qulağını ovuşdurub qaşıdı, elə bildi ki, toxunan milçək və ya ağcaqanaddır.

Tutuquşu yenə mələfəni toxunduranda Tünzalə müəllimə səksənib yerindən dik atıldı. Ağa bürünmüş quşu ruh zənn edib elə qorxdu ki, az qaldı ürəyi partlasın. Cimmi döşəkağının altında qanadlarnı çırpa-çırpa vahiməli səslə otaqda dövrə vura-vura çığırtı ilə dedi:

Vüqar Haqverdiyev
Vüqar Haqverdiyev

- Ey, iş vaxtı niyə yatmısan, mən ruham, gəlmişəm səni aparam.

Tünzalə müəllimənin dəhşətdən dili tutulmuşdu, qışqıra bilmirdi.

Üstəlik, ayaqları da tutuldu, əli ilə ürəyini tutub kresloya çökdü.

Cimmi istədiyinə nail olduğunu görüb fırlana-fırlana iki dəfə qapıya toxundu. Çöldə gözləyən Qıvrımsaç əlində pol taxtası içəri cumdu, taxtanı havada yelləyə-yelləyə qışqırdı:

- Uuu, cəhənnəm ol burdan, yoxsa səni yox edərəm!

Cimmi guya qorxdu, pəncərədən uçub aradan çıxdı.

Tünzalə müəllimə təhlükə sövuşduğunu görüb özünə gəldi. Uşağı qucaqlayıb qıvrım saçlarını sığalladı.

- Oy Qıvrımsaç, sən nə yaxşı, qoçaq oğlanmışsan, məni xilas etdin, heç bilmirəm sənə necə təşəkkür edim.

Qıvrımsaç dedi:

- Müəllimə, Sizə bir şey olmadı ki, o ruh az qalmışdı Sizə xətər yetirsin.

Müəllimə üst-başını sahmana saldı.

- Deyəsən, salamatam, nə yaxşı özünü yetirdin Qıvrımsaç, hardan bildin ki, müəllimə dardadır.

Qıvrımsaç dedi:

- Müəllimə uzanmışdım, birdən yanımdan ruh keçdi. Düşdüm dalınca görüm hara gedir. Dəhlizə çıxdı, sonra sizin otağa girdi. Mən də döşəməsiləni götürüb onu qovmağa gəldim.

Müəllimə dedi:

- Sən vaxtında gəlməsəydin, Allah bilir nələr olcaqdı?!

Qıvrımsaç dedi:

- Müəllimə, nə yaxşı ki, Sizə bir şey olmadı. Siz olmasaz, bizim bağça batar. Biz sizi çox sevirik.

Qıvrımsaç elə yağlı sözlər işlətdi ki, tərbiyəçinin gözləri yaşardı. Uşağı bağrına basıb dedi:

- Qıvrımsaç, sən burdakı uşaqların ən ağıllısı, ən tərbiyəlisisən. Mən bunu Almaz xanıma da deyəcəm, qoy sənə təşəkkürnamə versin.

Bir neçə gündən sonra Qıvrımsaça valideynlərinin və digər bağça uşaqlarının iştirakı ilə təntənəli şəkildə bağçanın Fəxri Fərmanı təqdim edildi.

Evə gələndə atası anasına dedi:

- Mənim heç bu işdən gözüm su içmədi.

Anası dedi:

- Ay kişi, keçən dəfə də belə deyirdin, görmürsən uşaq əməlli başlı ağıllanıb, gərək yenə başına duz çevirim, balama göz dəyməsin.

Anası bir çimdik duz gətirib uşağına başına fırladı. Qıvrımsaç isə başında yeni planlar cızırdı...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG