Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 07:48

Lerikdə evdən çıxanlar geri qayıda bilmirlər


Qar
Qar

-

«İki gündür yağan qarın arası kəsmir. Evlərimizdən çıxa bilmirik. Təsərrüfatımız iflic vəziyyətə düşüb. Avtomobillər qarın altında qalıb. İstiliksiz, işıqsız qalmışıq. Kömək istəyirik».

AzadlıqRadiosunun «Qaynar xətt»inə zəng vuran Lerik sakinləri yağan qarın fəsadlarından danışırlar.

«PALTOYA BÜRÜNÜB OTURMUŞUQ»

Nücü kənd sakini Məhəmməd Qəniyev deyir, qar və külək onsuz da köhnə olan elektrik naqillərini və dirəkləri böyrü üstə qoyub. Kənd işıqsız qalıb:

«Kimin generatoru varsa, istifadə edir. Belə isə Lerikin özündə də, kəndlərində də işıq yoxdur. Rayonun mərkəzində qarın hündürlüyü 1, dağ kəndlərində 1.5 metrə çatır. Başımızı itirmişik. İstilik yoxdur, evlərdə paltoya bürünüb otururuq. O qədər soyuqdur ki, odun da çatdırmırıq. Qapıları açmaq mümkün deyil, qar evə dolur».

Kənd sakininin deməsinə görə, kəndin icra nümayəndəliyi və bələdiyyə qarın təmizlənməsi işlərini təşkil etmək əvəzinə, qapılarını bağlayıb evə gediblər.

ÇÖRƏK ÜÇÜN GEDİB, HƏLƏ DƏ QAYITMAYIB

Tilə kəndinin sakinləri də hazırda yerli bələdiyyədə işləyənlərin və icra nümayəndəliyinin əməkdaşlarının axtarışındadırlar. Anaxanım Mirzəyeva deyir, 1 sutka əvvəl çörək almağa gedən 31 yaşlı oğlu qonşu kənddə qalıb, yolları 1.5 metrədək qar bağladığından nəqliyyat işləmir:

«Dünən evindən çıxanlar hələ də qayıdıb gələ bilmirlər. Bir texnika yoxdur ki, yolları təmizləsin. İki gündür evdən çıxa bilmirik. Burada həyat dayanıb. Telefon, işıq xətləri qırılıb. Sanki yer üzündən təcrid olmuşuq».

Kəndlərdə ərzaq köşkləri də işləmir. Ən böyük zərər mal-qaraya, toyuq cücəyə dəyib. Kəndlilər adam boyunca yağmış qarın altında toyuq-cücə axtarırlar.

ENERJİ VERİLİŞİ BƏRPA OLUNUB

Lerik rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, qarın hündürlüyü rayonda 80-sm, ucqar kəndlərdə isə 1 metr 40 sm-dən çoxdur. Qəflətən və aramsız yağmağa başlayan qar əksər yaşayış məntəqələrinə avtomobillərin hərəkətində çətinliklər yaradıb. Dekabrın 4-də 162 yaşayış məntəqəsinə verilən elektrik enerjisi tamamilə dayanıb. Lənkəran-Hamarat-Lerik və alternativ xətt olan Masallı-Yardımlı-Lerik yüksəkgərginlikli 35 min kilovoltluq hava xətlərində qəzalar yaranıb.

İcra hakimiyyətindən bildiriblər ki, görülən tədbirlər nəticəsində rayon mərkəzinə enerji verilməsi dünən (dekabrın 4-də) günün sonuna yaxın bərpa olunub. Hazırda isə quruma məxsus ağır texnika ucqar kəndlərə gediş-gəliş yollarına yağmış qarı təmizləməklə məşğuldur.

Lerikə hələ də qar yağır.

XS
SM
MD
LG