Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:49

Bakı-Ankara müttəfiqliyi yeni mərhələdə - dostlar məmnun, düşmənlər məyus


İlham Əliyev və Ahmet Davutoğlu
İlham Əliyev və Ahmet Davutoğlu

-

DOSTLAR MƏMNUN, DÜŞMƏNLƏR MƏYUS

«Yeni Müsavat» qəzeti şənbə sayında Türkiyənin baş naziri Ahmet Davutoğlu-nun Bakıya səfərini qiymətləndirir. Qəzet yazır ki, iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə qaldıracaq: «Bakı mesajlarından Türkiyə-Azərbaycan tandeminə qarşı olanların hamısına, o cümlədən Rusiya və Ermənistana məxsusi pay düşür».

«Ahmet Davutoğlu və İlham Əliyevin görüşdən sonrakı mətbuat konfransında səsləndirdikləri bəyanatlar göstərdi ki, iki ölkə münasibətlərinə «Su-24» insidentinə görə gərginləşmiş Ankara-Moskva əlaqələrinin neqativ təsiri olmayıb və gözlənilmir», - «Yeni Müsavat» yazır:«Əksinə, rəsmi Bakı aydın şəkildə işarə vurdu ki, əsas strateji müttəfiqini nəinki bu məsələdə, digər aktual məsələlərdə də tək buraxmaq niyyətində deyil və müdafiə etməkdə davam edəcək».

Qəzetin siyasət şöbəsinin mövqeyinə görə, Bakı təkcə sözlə kifayətlənməyəcək, Türkiyənin Rusiyadan enerji asılılığını azaltmaq üçün Ankaranın bütün qayğılarını bölüşəcək, onun yeni planlarında yer alacaq və ya ən azından, bu planlara dəstəkçi olacaq. Bu məqsədlə həmçinin TANAP-in inşası sürətləndiriləcək, habelə Rusiyada yasaqlanan Türkiyə malları üçün yeni bazarlar tapılmasına kömək edəcək və s.

Nardaran
Nardaran

NARDARAN NOTLARI

«Azadlıq» qəzetində çap edilən «Nardaran notları» adlı yazıda Bakı kəndindəki olaylar təhlil olunur. Müəllif yazır ki, Nardaranda 2015-ci il noyabr hadisələrinə bənzər olaylar 2002-ci ildə də yaşanmışdı: «Qısaca xatırladaq: onda da silahlı qarşıdurma yaşanmış, onda da qan tökülmüş, bir nəfər Nardaran sakini ölmüş, polislər arasında yaralananlar olmuş, polis maşınları yandırılmışdı.

Onda nardaranlılar olayın kökünü sosial problemlərinə bağlamış, hökumət isə qarşıdurmanın İranın təhriki ilə baş verdiyinə işarə vurmuşdu».

Müəllif yazır ki, bu gün hansısa kənddə dini radikalizmi ifadə edən şüarlar, rəmzlər yığışdırılırsa, bu heç nəyi həll etmir: «Nəticə ilə mübarizə əbəsdir. Səbəblər araşdırılmalı, səbəblər üzərində düşünülməli, səbəblər aradan qaldırılmalıdır. Səbəblər qaldıqca, nəticələr dəyişməyəcək. Axı necə ola bilər, sən güclü dövlətsən, hətta o qədər güclüsən, bütün dünya sənə heyranlıq duyur, «inkişafın Azərbaycan modeli»ni öyrənmək üçün əldən-ayaqdan gedir, amma öz ölkəndə kimlərsə İrana heyranlıq duyur? Kimlərsə Rusiya təəssübü çəkir, kimlərsə Səudiyyə Ərəbistanı aşiqidir? Niyə hətta Gürcüstandakı həyat tərzinə belə həsəd aparır sənin vətəndaşların? Niyə onlar beş-üç manat üçün xarici missionerlərin təsiri altına düşürlər? Niyə bu ölkənin insanları sizin, haqqında təntənə ilə danışdığınız «analoqsuz inkişafı»nızı, yaratdığınız xoş güzəranı, yerüstü cənnəti qoyub Suriyada, İraqda «cənnətə düşmək» uğrunda qanlı yarışa girirlər?! Bu suallar cavabsız qalmamalıdır, çünki hakimiyyətdəkilər o sualların cavabı üzərində baş sındırmadıqca acı nümunələr, nə yazıq ki, təkrarlanmaqda davam edəcək».

Məktəb
Məktəb

CƏRİMƏ ÇIXIŞ YOLU DEYİL, ƏKSİNƏ, RÜŞVƏT MƏNBƏYİDİR

İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişiklik Azərbaycanda dərslərdən yayınan məktəblilərin valideynlərinin cərimələnməsini nəzərdə tutur.

Təhsil eksperti Nadir İsrafilov «Bizim yol»a açıqlamasında deyir ki, belə bir sanksiyanın tətbiqi digər daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər: «Bu, əslində övladının əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.

Öpüş
Öpüş

BAKI BULVARINDA ÖPÜŞMƏK QADAĞAN EDİLİB

modern.az saytı Bakı bulvarından hazırladığı reportajdan bu qənaətə gəlib ki, burda gənclərin öpüşməsi qadağan edilib: «Yaşlı və orta nəslin yadında olar, əvvəllər bulvar sevgililərin də ən çox seçdiyi görüş yerlərindən biri sayılırdı. Bəzi cütlüklər hətta yan-yörədən ötənlərə məhəl qoymadan qucaqlaşır, öpüşürdülər. Bu mövzuda sorğumuza maraqlı cavablar aldıq.

Rusiyadan olan turist David: «Öpüşməkdə qəbahət heç nə yoxdur, onlar bunu küçədə də edə bilərlər».

Zakir adlı Gəncə sakini: «Belə hallar olmasa yaxşıdır. Ona görə ki, bura uşaqları, qız-gəlinləri ilə gələnlər var».

Qusar sakini Tural: «Bizim milli mentalitetimiz açıq yerlərdə belə hərəkəti qəbahət sayır. Həm də ki, artıq bulvarda belə hallara yol verilmir».

Dənizkənarı Bulvar İdarəsinin ərazidə olan əməkdaşları da artıq burada öpüşmək və digər bu kimi hallara yol verilmədiyini qeyd ediblər. Belə halların qarşısını isə bulvarda mühafizə ilə məşğul olan polis işçiləri alır».

İş elanları
İş elanları

NAXÇIVANDA 466 BOŞ İŞ YERİ...

«Azərbaycan» qəzeti yazır ki, Naxçıvanda keçirilən əmək yarmarkasına 500-ə yaxın boş iş yeri çıxarılıb, amma 20 nəfərə göndəriş verilib: «Əmək yarmarkasında şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov tədbirin əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, şəhərdə fəaliyyət göstərən dövlət təşkilatları və özəl müəssisələrdəki vakant iş yerlərinin qeydiyyatı aparılıb, yarmarkaya 47 təşkilatdan 466 boş iş yeri çıxarılıb. Çıxış edənlər muxtar respublikada, eləcə də Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən də söz açaraq, bu işlərin əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynadığını qeyd ediblər. Sonra iş axtaran vətəndaşlar yarmarkada onlara təqdim olunan iş yerləri ilə tanış oldular. Tədbirdə 20 nəfərə işə göndəriş verilib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG