Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:58

«Azərbaycan, hələ ki, danışıqlara hazır deyil...»


Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev

-

«Biz lazımi sənədləri, hələlik, təqdim etmədiyimiz üçün Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi uzanır».

APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsinin nə yerdə olduğuna diqqət çəkib: «Sonuncu görüş bu ilin fevralında olub. Onlar qarşımıza suallar, təkliflər qoyublar. Bəzi məsələlərdə bizdən tariflər istəyirlər. Biz hələlik cavab verməmişik. Hələ ki, sənədlər yoxdur. Biz hələ danışıqlara hazır deyilik. Onların istədikləri sənədləri hazırlayanda vaxt təyin edəcəklər, işçi qrupunun görüşü olacaq, ikitərəfli danışıqlar aparılacaq. Bizim məqsədimiz odur ki, əvvəlcə iqtisadiyyatımızı şaxələndirək, sonra danışıqlar aparaq».

EKSPERT: «ÜTT-YƏ ÜZVLÜK İSLAHATLAR TƏLƏB EDİR»

İqtisadçı ekspert Natiq CəfərliMahmud Məmmədquliyevin «lazımi sənədləri təqdim etmədiyimiz üçün Azərbaycanın ÜTT-yə üzvlük məsələsi uzanır» fikrinə belə şərh verib: «ÜTT ilə danışıqlarda məsul şəxs kimi səmimi etiraf edir ki, biz özümüz bu məsələni uzadırıq, istənilən sənədləri vermirik, hazırlamırıq. Azərbaycan ÜTT-yə üzv olmaq üçün 1997-ci ildə müraciət edib».

Ekspert xatırladır ki, Gürcüstan və Ermənistan 10 ildən çoxdur, Rusiya 2 ildir, Qazaxıstan isə bu ildən ÜTT üzvüdürlər: «Azərbaycan hökuməti bu işi bilərəkdən uzadır, məqsəd də aydındır: ÜTT üzvlüyü gömrük və vergilərdə, məhkəmə sistemində bəlli islahatlar, normal, sivil oyun qaydaları tələb edir. Bizimkilər feodal oyun qaydalarından əl çəkmək istəmirlər, gömrükdəki dərəbəyiliyin davamını istəyirlər ki, qaz vurub qazan doldursunlar».

Sözügedən quruma üzvlüyü yubatdıqlarını daha əvvəllər də hökumət rəsmiləri, hətta prezident İlham Əliyev açıqca bildirib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş konfransda (5 fevral 2014-cü il) prezident söyləmişdi ki, Azərbaycanı təkidlə ÜTT-yə üzv olmağa dəvət etsələr də, yerli istehsalın müdafiəsi naminə buna gedilmir.

«RƏQABƏT DAHA DA ÇƏTİNLƏŞƏCƏK»

ÜTT məsələləri eksperti Elxan Mikayılov deyir ki, Azərbaycan təşkilatdan kənarda qaldığı müddətcə təşkilata üzv ölkələrin istehsalçıları beynəlxalq bazarlarda üstünlük qazanırlar: «Bazar paylarını əldə edirlər. Sonralar Azərbaycan istehsalçılarının onlarla rəqabət aparması daha da çətinləşəcək».

Ekspert buna da diqqət çəkir ki, Azərbaycanın qanunvericiliyi ÜTT sənədlərinə uyğun gəlmədiyindən, investorlar başqa ölkələrə vəsait yatırırlar:

«Azərbaycan öz üzvlüyünü gecikdirdikcə, üzvlük tələbləri daha da artacaq. İndi sürən çoxtərəfli danışıqlar, çox güman, yeni sazişlərin qəbulu ilə nəticələnəcək və Azərbaycan üzvlüyə qəbul olmazdan əvvəl bunlara da əməl etməli olacaq. Və bu, Azərbaycanın təşkilata qəbulunu daha da çətinləşdirəcək və gecikdirəcək».

XS
SM
MD
LG