-
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Qırğızstanın “Beynəlxalq Poeziya Akademiyası” təşkilatının prezidenti, xalq şairi Omor Sultanov və Qırğızıstanda çıxan “Türk Dünyasının Ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı Aydarbek Sarmanbetov ilə Azərbaycan Səfirliyində görüşü keçirilib.
Omor Sultanov redaksiya heyətinin sədri olduğu yeni nəşr etdiyi “Türk Dünyası Ədəbiyyatı” almanaxının ilk sayını səfirə təqdim edib.
Türk dünyası almanaxının ilk sayında Azərbaycandan Rəsul Rzanın və Hidayət Orucovun şeirləri, Türkiyədən Yunus Əmrənin, Nazim Hikmətin, Özbəkistandan Şükrullonun, Qazaxstandan Abayın, Qaraçay-Çərkəzdən Fəridə Sidəhmədovanın, Qaqauziyadan Todur Zanetin və digər türk xalqlarının yazıçılarının əsərlərindən nümunələr çap olunub.
Almanaxın redaksiya heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, Tatarıstandan Ravil Fayzulinin, Türkiyədən Yaqub Öməroğlunun və digərlərinin adları yazılıb.
Baş redaktor Ayderbek Sarmanbetov Azərbaycanın səfirindən xahiş edib ki, almanaxın ilk sayını nəzərə alaraq, növbəti saylarının çapına Azərbaycan səfiriyi büdcə ayırsın. Səfir almanaxı vərəqləyib, belə profilli dərginin çapına görə təşəkkür edib və bu nəşrin davam etməsi üçün Azərbaycanın yardımçı olacağını bildirib.
Oxu Zalı