Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:45

"Parovozlar Akif Çovdarovun oğlunundu"


Bakı bulvarı.
Bakı bulvarı.

-

«Bakı bulvarındakı gəzinti parovozları Akif Çovdarovun oğluna məxsusdur».

Bunu virtualaz.org saytına MTN-in hazırda həbsdə olan sabiq idarə rəisi, Akif Çovdarov tərəfindən təhdid olunan, öldürüləcəyi ilə hədələnən sahibkar Roman Səfərov deyib.

R.Səfərovun dediklərindən belə məlum olub ki, bulvarda fəaliyyət göstərən parovozlar generalın oğlu Ruslan Çovdarova məxsusdur. Əsasən turistləri gəzdirən bu dekorativ qatarlar Eldar Mahmudovun gündən-günə böyüyən biznes imperiyasına hər gün öz «qəpik-quruş töhfəsi»ni verirmiş.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

RABİTƏ NAZİRLİYİNDƏ MƏCBURİ İSTEFA ƏRİZƏLƏRİ YIĞILIR

«Azadlıq» qəzeti yazır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qulluqçularına məcburi şəkildə işdən çıхmaqla bağlı ərizələr yazdırılır:

«Amma istefa ərizələrinə tarix yazmırlar. Son məlumata görə, artıq 90 nəfər belə ərizəni yazıb. Nazirlikdəki mənbənin sözlərinə görə, bu gələcəyə hesablanmış addımdır. Yəni, qarşıdakı günlərdə hansı məmuru işdən çıxarmaq istəsələr, istefa ərizəsinə ehtiyac qalmayacaq. Həmin ərizələrin üzərinə tarix qoyub qəbul edəcəklər. Məhz bu səbəbdən məcburi şəkildə yazdırılan ərizələrə tarix qoyulmur».

Manat
Manat

MANATIN TALEYİ DEKABRIN 18-DƏ HƏLL OLUNACAQ

«Bizim Yol» qəzeti yazır ki, maliyyə bazarında növbəti ajiotaj və ikirəqəmli devalvasiya gözlənilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qəzetə deyib ki,

manatın məzənnəsində dəyişikliklər dekabrın 18-nə kimi davam edəcək: «Amma böyük dəyişiklik müşahidə edilməyəcək. Mində bir-mində iki faizlərlə dolların möhkəmlənməsi prosesi davam edəcək. Federal Ehtiyat Fondunun dekabrın 18-dəki qərarından sonra manatın taleyi məlum olacaq. FED uçot dərəcəsini artırmaq qərarını verəcəksə, nəticədə növbəti dövrlər üçün dolların möhkəmlənməsi davam edəcək. İkinci variant isə üzən məzənnəsi sisteminə keçid qərarı ola bilər».

Nardaran
Nardaran

NARDARAN AZƏRBAYCAN REALLIĞINA QAYTARILMALIDIR

«Azərbaycan» qəzeti yazır ki, bəzi qüvvələr din pərdəsi altında məkrli məqsədlərini həyata keçirmək üçün bütün imkanlardan istifadə etməyə çalışırlar:

«Nardaran qəsəbəsi istisna olmaqla ölkəmizin heç bir inzibati ərazi vahidində mövcud qanunlardan və ictimai həyat normalarından fərqli durum yoxdur. Uzun illərdir bu qəsəbənin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsuli-idarə modeli tətbiq ediblər. Dövlət institutlarının fəaliyyəti əvəzinə qəsəbədə anlaşılmaz «ağsaqqallar şurası hakimiyyəti» yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənir. Qəsəbənin küçələrini Azərbaycan reallığına tamamilə yad olan dini bayraqlar, şüarlar bəzəyir. Dini ayinlərin icrası şəriət qaydalarının hökm sürdüyü bəzi Şərq ölkələrinin mənzərəsini xatırladır. Qəsəbədə təhsil və səhiyyə sistemi tamamilə pozulub. Nardaran Azərbaycan reallığına qaytarılmalı, bu reallığı qəbul etməyənlərə qarşı isə sərt tədbirlər görülməlidir. Nardaran Azərbaycanın gözəl bir məkanından orta əsr qanunlarının hökm sürdüyü «qara yara»ya çevrilib. Qəsəbədə qanunlar, hakimiyyət orqanlarının fəaliyyəti qeyd-şərtsiz bərpa olunmalıdır. Nardaranda özlərini «səlahiyyət sahibi» elan edənlərin dövlət orqanları ilə şərtli, ultimativ davranışına son qoyulmalıdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG