Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:37

Türkiyə Qarabağda antiterror əməliyyatına başlaya bilər


Türkiyə ordusu.
Türkiyə ordusu.

-

«Yeni Müsavat» qəzeti yazır ki, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun ötən həftə Azərbaycana səfəri yekunlaşandan dərhal sonra baş nazir Ahmet Davutoğlu-nun da dekabrın 3-də Bakıya gələcəyi məlum oldu: «Türkiyə hökumətinin xarici işlər nazirinin və başçısının ard-arda səfərlərinin Türkiyə ilə Rusiya arasında gərginliyin yaşandığı zaman həyata keçirilməsi bir çox suallar yaradır.

Məsələnin ciddiliyini artıran daha bir məqam isə Türkiyə baş naziri Ahmet Davutoğlu-nun ölkəsinin Azərbaycanla birlikdə Ermənistan işğalı altında olan Dağlıq Qarabağı işğaldan azad etməyə hazır olduğu bəyanatıdır.

Politoloq Natiq Miri bu bəyanatın çox ciddi məsələlərin müzakirə edilməkdə olduğundan xəbər verdiyini söylədi: «Bu səfərlərin mahiyyətində çox ciddi geosiyasi məsələlərin müzakirəsi dayanır. Bir həftənin içində Türkiyənin həm xarici işlər nazirinin, həm də baş nazirinin Bakıya gəlişi Türkiyə ilə Rusiya arasında yaranmış gərginlik, təyyarə vurulması olayından sonra ortaya çıxan yeni geosiyasi vəziyyətlə bağlıdır. Bu hadisədən sonra regionda həqiqətən də yeni bir geosiyasi vəziyyət və yeni bir mənəvi-psixoloji situasiya yaranıb».

Ekspertin fikrincə, Mevlüt Çavuşoğlu-nun səfərində də Dağlıq Qarabağ mövzusunun bu istiqamətdə müzakirəyə çıxarıldığı istisna deyil. Baş nazir Ahmet Davutoğlu-nun da Bakıda eyni məsələni müzakirə edəcəyini ehtimal etmək olar: «Türkiyə hökuməti haqlı olaraq bəyan edə bilər ki, əgər Rusiya bir çağırışla Suriyaya antiterror əməliyyatları adı altında daxil ola bilirsə, Türkiyə də Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən hakimiyyətinin dəvəti ilə istənilən an Qarabağda real antiterror əməliyyatlarına başlaya bilər».

Əli Abbasov və Eldar Mahmudov
Əli Abbasov və Eldar Mahmudov

İKİ NAZİRİN AZƏRBAYCANA SUİ-QƏSD PLANI

«Delta Telecom»un baş direktoru Ramazan Vəliyev ANS-ə müsahibəsində qəzadan və onun nəticəsində Azərbaycanın saatlarla internetsiz qalmasının səbəblərindən danışıb.

R.Vəliyev yanğın baş verən otaqda hazırda təmir işlərinin getdiyini deyib. Bildirib ki, son 2 il ərzində həmin otaqda heç bir dəyişiklik olmayıb: «Yeganə dəyişiklik bu ilin may ayında dövlət tərəfindən qoyulan bir avadanlıqdır. Söhbət Milli Təhlükəsizlik Nazirliyinin quraşdırdığı avadanlıqdan gedir. Sözügedən avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki, biz o avadanlıqları təhvil verəcəyik. Demontaj edilib anbara qoyduğunuz bu avadanlıqlar təhlükəsizliyimizlə bağlı hansısa risklər yaradır? Tutaq ki, o avadanlıq var idi, vəziyyət başqa cür idi, indi o avadanlıq yoxdur deyə, vəziyyət dəyişib. Əslində həmin avadanlıqlar təkcə «Delta Telecom»da deyil, əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar olaraq bütün rabitə operatorlarında quraşdırılıb».

Daha sonra qurum rəhbəri Azərbaycana yönəlik hücumları dayandırmaq üçün «Delta Telecom»a xüsusi avadanlıq gətirilərək quraşdırılmasından, Milli Təhlükəsizlik və Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin buna münasibətindən, hətta özünün həbsinə cəhdlərdən danışıb.

«Azərinşaat» fəhlələrinin maaş tələbilə etiraz aksiyası.
«Azərinşaat» fəhlələrinin maaş tələbilə etiraz aksiyası.

«AZƏRİNŞAAT» ŞİRKƏTİ NECƏ TALAN EDİLDİ

virtualaz.org saytı transmilli tikinti şirkəti olan «Azərinşaat»ın iflas səbəblərini araşdırıb. Portal yazır:

««Azərinşaat» bir vaxtlar məhz «tikinti bumu» erası üçün yaradılmışdı. «Azərinşaat» bir vaxtlar o qədər gəlirli idi ki, əksər nüfuzlu biznesmenlər bu şirkətdə pay sahibi olmağa, onun səhmini almağa çalışırdılar.

«Azərinşaat»ın yaradıcılarından biri olan tanınmış işadamı Hafiz Məmmədov sayta açıqlamasında şirkəti iflasa gətirib çıxaran səbəblərdən danışıb.

H.Məmmədovun sözlərindən belə çıxdı ki, «Azərinşaat» 2000-ci illərin əvvəllərində 50-nin 50-yə olmaq şərtilə nəqliyyatçılarla Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən müştərək şəkildə yaradılıb. 10 il ərzində şirkətə 160 milyon dollar həcmində kredit cəlb olunub. Lakin zaman keçdikcə, konkret olaraq 2015-ci ilin əvvəlində kredit borclarının həcmi faizlərlə birgə fantastik həddə çatıb - 450 milyon dollar!

Portal yazır ki, Cahangir Hacıyevin «Azərinşaat»ın rəhbərliyinə öz adamını gətirməsindən sonra ABB-in keçmiş prezidenti şirkəti öz bildiyi kimi dağıdıb: «Beynəlxalq bazarda yüksək kotirovkaya malik şirkətin göstəriciləri göz görəsi düşürdü. İstisna deyil ki, C.Hacıyev və komandası, çiçəklənməkdə olan digər şirkətlər kimi, «Azərinşaat» şirkətini də qəsdən batırırdılar ki, onu sonradan çox ucuz qiymətə satın ala bilsinlər».

Nardaran.
Nardaran.

NARDARANLILARIN GÜNAHI NƏ?

«Azadlıq» qəzetinardaranlıların işıq və qazdan məhrum edilməsi məsələsinə aydınlıq gətirməyə çalışıb. Qəzet yazır ki, Nardarana qarşı bu basqılar, əhaliyə məhrumiyyətlər yaşadılması, Nardaranın küllü miqdarda işıq və qaz borcunun ortaya çıxması məlum əməliyyatın tərkib hissəsidir: «Hökumət bu kəndi təcrid etmək, sakinlərdən qisas almaq və qorxu yaratmaq istəyir. Əks halda Hacı Talenin həbsindən öncə də kommunal xərclər gündəmə gələrdi, əhaliyə xəbərdarlıq edilərdi və s. Amma hakimiyyətin mahiyyəti təkcə qadınların, uşaqların, ümumiyyətlə sadə vətəndaşın işıqdan, istilikdən məhrum edilməsi ilə müəyyən edilmir.

Bu 42 milyonluq «tapıntı» təkcə Nardaran sakinlərinin sərf etdiyi enerjidən yaranıb? Axı Nardaranda iri məmurların dəbdəbəli villaları, məmurların istixanaları da var. Bəlkə, daha dəqiq araşdırma aparmaq və bu villaların payına düşən borcları da ayrıca hesablamaq lazımdır».

LƏNKƏRAN İCTİMAİYYƏTİ BƏYANAT YAYIB

«Azərbaycan» qəzeti yazır ki, Lənkəran ictimaiyyətinin nümayəndələri Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı bəyanat qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, bəyanatda özünü «Müsəlman birliyi hərəkatı» adlandıran qurumun Azərbaycanın ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdləri qətiyyətlə pislənilib.

«Bu hadisələrin təşkilatçıları olan radikal ünsürlərin arasında iki lənkəranlının da adının çəkilməsi bizi hədsiz hiddətləndirib. Lənkəran ictimaiyyətinin nümayəndələri qarşıdurmanı təşkil edənlərin ciddi şəkildə cəzalandırılmalarını tələb edirlər» – bəyanatda deyilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG