Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:03

"Gözlə məni" şeiri. Hansı tərcümə yaxşıdır?


Konstantin Simonov öz 50 illiyində
Konstantin Simonov öz 50 illiyində

-

"Gözlə məni" (Jdi menya) şeiri 1941-ci ildə müharibənin qaynar vaxtında “Pravda” qəzetində çap olunmuşdu...

Konstantin Simonovun 100 illiyi qeyd olunur

Konstantin Simonov oğlu ilə
Konstantin Simonov oğlu ilə

Bu gün Rusiyada Sovet ədəbiyyatının ən məşhur şeirlərindən biri olan “Gözlə məni” şeirinin müəllifi Konstantin Simonovun 100 illiyi qeyd olunur.

K.Simonovun bu şeirini çoxumuz əzbər bilirik. Gözəl şeirdir, amma müəllifi K.Simonovun şəxsiyyəti haqda da belə birmənalı söz demək çətindir.

O, Anna Axmatova, Zoşenko, Boris Pasternaka qarşı kampaniyaların fəal iştirakçısı olub, Soljenitsın, Saxarov əleyhinə məktublar yazıb.

Bununla belə, “Literaturnaya qazeta”-nın baş redaktoru kimi, romanlar, pyeslər, şeirlər müəllifi kimi o, müharibə haqda sadə insanın səsi ilə danışan ilk yazarlardandır.

Bu gün onun bütün yazdıqları arasında iki əsər yaşayır. “Sağlar və ölülər” epopeyası və “Gözlə məni” şeiri. Bu şeiri o, həyat yoldaşı, aktrisa Valentina Serovaya həsr etmişdi.

«Жди меня, и я вернусь.
Только очень жди,
Жди, когда наводят грусть
Желтые дожди,
Жди, когда снега метут,
Жди, когда жара,
Жди, когда других не ждут,
Позабыв вчера.
Жди, когда из дальних мест
Писем не придет,
Жди, когда уж надоест
Всем, кто вместе ждет.
Жди меня, и я вернусь,
Не желай добра
Всем, кто знает наизусть,
Что забыть пора.
Пусть поверят сын и мать
В то, что нет меня,
Пусть друзья устанут ждать,
Сядут у огня,
Выпьют горькое вино
На помин души...
Жди. И с ними заодно
Выпить не спеши.
Жди меня, и я вернусь,
Всем смертям назло.
Кто не ждал меня, тот пусть
Скажет:
— Повезло.
Не понять, не ждавшим им,
Как среди огня
Ожиданием своим
Ты спасла меня.
Как я выжил, будем знать
Только мы с тобой,

Просто ты умела ждать,
Как никто другой»
.

1941-ci ildə müharibənin qaynar vaxtında “Pravda” qəzetində çap olunmuş bu şeirə 1943-cü ildə eyniadlı film çəkilib, şairin bu şeiri həsr etdiyi aktrisa filmin baş qəhrəmanını oynayıb.

Amma 2000-ci illərdə İnternetdə buna bənzər bir şeir də peyda oldu:

«Жди меня. Я не вернусь —
это выше сил.
Если ранее не смог —
значит — не любил.
Но скажи, зачем тогда,
уж который год,
я Всевышнего прошу,
чтоб тебя берег.
Ждешь меня? Я не вернусь,
— не смогу.
Прости, что стояла только грусть
на моем пути.
Может быть,
средь белых скал
и святых могил
я найду
кого искал, кто меня любил?
Жди меня. Я — не вернусь!»

Nikolay Qumilyov
Nikolay Qumilyov

Bunu Nikolay Qumilyovun yazdığı iddia edilirdi. İddiaya görə, Anna Axmatovanın arxivində bu şeirin altında Nikolayın imzası olub. Axmatova bu şeiri K.Simonova çap etməsi üçün göndərib, Simonov isə Qumilyovdan xoşu gəlmədiyinə görə, onu öz versiyasında yazıb və çapa verib.

Amma bu iddianın müdafiəçilərində şeirin Axmatovanın arxivindən tapılmasından başqa bir sübut yoxdur.

Üstəlik, bir sıra rus ədəbiyyatşünasları bunun Qumilyov üslubu olmadığını, elə Simonova məxsus olduğunu deyirlər.

Hər halda bu, bəşər tarixinin gördüyü bütün müharibə şeirlərinin ən yaxşılarından biridir. Bu şeir ətrafında yeni-yeni söz-söhbətin yaranması bu faktı bir daha təsdir edir.

Şeiri Azərbaycan türkcəsinə bir çox Azərbaycan şairləri tərcümə ediblər.

GÖZLƏ MƏNİ

Əliağa Kürçaylı
Əliağa Kürçaylı

1. Əliağa Kürçaylının tərcüməsi

Gözlə məni, gələcəyəm,

Ancaq gözlə sən.

Gözlə, kədər yağan zaman

Qəmli üzündən.

Qar yağanda gözlə məni,

Gözlə, istidə.

Bəziləri unudaraq

Gözləməsə də…

Gözlə, uzaq yerdən məktub

Gəlməsə sənə,

Bəziləri yorulsa da

Sən gözlə yenə…

Gözlə, sən məni, gələcəyəm,

Gözlə ürəkdən.

Desələr ki, yetər, unut…

Baxma, gözlə sən.

Amma, oğlum qoy inansın-

Artıq ölmüşəm,

Dostlar məni gözləməsin,

Gözlərində nəm.

Qoy içsinlər acı şərab,

Yad edib məni,

Tək sən gözlə.

Onlarla bir

İçmə badəni…

Gözlə məni, gələcəyəm

Bir aydın səhər.

Baxtı varmış- söyləsin qoy

Gözləməyənlər.

Gözləməyən nə bilir ki,

Odlardan belə

Xilas etdin həyatımı

Gözləməyinlə.

Mən sağ qaldım, səbəbisə,

Bax, budur, gerçək:

Sən bacardın gözləməyi,

Yalnız özün tək.

Xəlil Rza
Xəlil Rza

2. Xəlil Rza Ulutürkün tərcüməsi

Gözlə məni qayıdacağam.

Gözlə, ey nigar.

Gözlə, kədər gətirəndə

Soyuq yağışlar.

Gözlə məni, qar yağanda,

İsti düşəndə.

Gözlə, bezib özgələri

Gözləməyəndə.

Gözlə, məktub kəsiləndə

Səhra poçtundan.

Gözlə, təngə gətirəndə

Hamını hicran.

Gözlə məni, qayıdacağam.

Baxma onlara-

Səbr etməyib, tab etməyib

Unudanlara.

Mən ölümün acığına

Dönəcəm, gülüm.

Dözməyənlər qoy dözməsin,

Döz ömrüm-günüm.

Onlar bilməz: neçin odda

Dönmədim külə.

Məni xilas eylədin sən

Gözləməyinlə.

Nə cür döndüm. Tək ikimiz

Bilərik bunu.

İnamla yol gözləməyin

Nə olduğunu.

Heç kəs, heç kəs sənin kimi,

Qolum-qanadım,

Gözləməyi bacarmadı;

Sənsə bacardın.

Anar
Anar

3. Anarın tərcüməsi

Gözlə məni, dönəcəm, amma lap çox gözlə sən

Mən mütləq qayıdacam, əgər belə gözləsən.

Gözlə, sarı yağışlar ürəyini sıxanda

Gözlə, külək əsəndə, çovğunda, qar yağanda

Başqası unudulub yaddan çıxanda çoxdan

Məni gözlə qış, bahar, istilər düşən zaman.

Yoxluğuma qoy mənim anam, oğlum inansın

Mənə rəhmət diləsin.

Qoy dostlarım yığışıb ehsan yeməyi yesin

Sən onlara qoşulub, onlarla tikə kəsmə.

Ölümümə inanıb yas tutmağa tələsmə.

Ölümün acığına, dönnəm gələndə vaxtı

Gözləməyənlər desin: vaxtı var imiş vaxtı.

Gözləməyən nə bilsin od-alovun içindən

Belə gözləməyinlə məni xilas etdin sən.

İsa İsmayılzadə
İsa İsmayılzadə

4. İsa İsmayılzadənin tərcüməsi

Gözlə, qayıdacağam,

Gözlə sən məni.

Solğun, qəmli yağışlar

Döyəndə pəncərəni-

Gözlə sən məni.

Qışda qarı kürüyüb

Yağanda gözlə,

Yayda göydən od-alov

Yağanda gözlə.

Heç kəs gözləməyəndə_

Gözlə sən məni.

Məktublar gecikəndə

Gözlə sən məni.

Yollara boylanmaqdan

Adamlar bezikəndə-

Gözlə sən məni.

Gözlə qayıdacam,

Gözlə sən məni.

Gözlə, vecinə alma

Unutmağın məqamı

Çatdı deyəni.

Qoy oğlum da, anam da

Yoxluğuma inanıb,

Mənsizliyə alışsın-

Gözlə sən məni.

Qoy dostlarım yorulub

Yoxluğumla barışsın-

Gözlə sən məni.

Ocağın qırağında

Sağlığıma içsinlər-

Xatırlasınlar.

Yoxluğuma içsinlər-

Xatırlasınlar.

Sən onlara qoşulma.

Atamın ocağına

Gözlə, gələrəm.

Ölümün acığına

Gözlə, gələrəm.

Kim məni gözləmirdi-

Desin - Bəxti gətirdi...

Təkcə gözləməyinlə

Neçə dəfə ölümdən

Qurtardın məni,

Yenidən bu dünyaya

Qaytardın məni.

Gözlə, gözlə yenə də,

Gözlə sən bir az

Sənin tək gözləməyi

Heç kəs bacarmaz.

Ayaz Vəfalı
Ayaz Vəfalı

5. Ayaz Vəfalının tərcüməsi

(“Ədəbiyyat və incəsənət”, 9 may 1975)

Gözlə məni, gələcəyəm,

Gözlə məni yar;

Gözlə məni səpəndə qəm

Narın yağışlar.

Gözlə məni qışın qarı

Evlər yıxanda;

Gözlə məni başqaları

Dönük çıxanda.

Məktubumdan əlini sən

Üzəndə gözlə;

Hamı... hamı gözləməkdən

Bezəndə gözlə.

Gözlə məni, nahaq yerə,

Gülüm, qəm yemə;

“Unudular...” deyənlərə

Xeyir diləmə.

Qoy inansın anam, oğlum

Dostlarım... amma

Ölümümə,

Qurban olum,

Tək sən inanma.

Görsən hamı şərab içir

Ruhum xoş olsun-

Gözlə, demə onlarla bir

“İçək nuş olsun!”

Gələcəyəm, gözlə təki;

Həyat var imiş!

Gözləməyən qoy desin ki,

“Bəxti var imiş!”

Gözləməyən bilməz ki sən

Odlardan belə

Məni necə hifz etmisən

Gözləməyinlə!..

Necə olub sağ qalmışam-

Bilməz ki onlar:

Sənin kimi səhər-axşam

Gözləyənim var!..

Sayavuş Məmmədzadə
Sayavuş Məmmədzadə

6. Səyavuş Məmmədzadənin tərcüməsi

Gözlə məni, gələcəyəm,

Gözlə, qış, bahar.

Gətirsə də qəm üstə qəm

Həzin yağışlar,

Gözlə isti havalarda,

Boranda, qarda;

Kimsə kimdən əl üzəndə,

Gözlə yenə də;

Uzaqlardan xəbər-ətər

Gəlməsə belə,

Cana gəlsə gözləyənlər,

Hər nəsə, gözlə.

Gözlə məni, gələcəyəm,

Uyma bir para

İnamı kəm, yaddaşı kəm

Unutqanlara.

Oğul, ana bəd gümana

Düçar olsa da,

Dost-tanışım yana-yana

Qahmar olsa da;

Badələri qaldıraraq

Rəhmət deyəndə,

Gözlə məni lal duraraq,

Tələsmə sən də.

Gözlə məni, qoy əcəlin

Əli qurusun,

Od-alovda gözləməyin

Məni qorusun.

Gözləməyən deyər: yəqin

Bəxti gətirdi.

Gözləməyən hardan bilsin,

Bu necə sirdi.

Özümüz bilərik nədən

Sağ qalmışam mən:

Gözləməkdə sənə heç kəs

Tay ola bilməz.

XS
SM
MD
LG