-
Parisin məşhur «Qran Pale» sərgi salonunda düzənlənən «Art Capital-2015» müasir incəsənət sərgisində həmin şəhərdə yaşayan azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, noyabrın 25-də açılan sərgidə 2016-cı ildə dəbdə olacaq yeni cərəyanlar yer alıb.
Delakrua, David, Enqri, Van Qoq, Qoqen kimi rəssamların əsərlərindən ilhamlandığını deyən azərbaycanlı rəssam «Qran Pale»nin Böyük Payız Salonunda peşəkar münsiflərin seçdiyi əsərlərin sərgisində ölkəsini təmsil edir.
«Art Capital-2015» sərgisində Nigar Nərimanbəyovanın «Bütün həyat teatrdır» silsiləsindən «Sevgi apofeozu» və «Nostalgiya» tablolarından ibarət kompozisiya diptixi nümayiş olunur.
Nigar Nərimanbəyovanın dekabr ayında Parisin mərkəzi qalereyasında sərgisinin açılışı da gözlənilir.
Hər il təşkil olunan «Art Capital-2015» sərgisi Fransız Rəssamları Cəmiyyəti, Müstəqil Rəssamlar Cəmiyyəti, Su Üzərində Rəsm və Rəssamlıq Salonu və Müqayisələr Salonu kimi 4 bölmədən ibarətdir.
2500 rəssamın, heykəltəraşın, fotoqrafın, arxitektorun əsərlərinin nümayiş olunduğu sərgidə 40 minədək ziyarətçinin olacağı gözlənilir.