Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

İlham Əliyev: «Onlara bu imkanı verməyəcəyik»


İlham Əliyev
İlham Əliyev

-

«Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilib».

Bunu noyabrın 24-də parlamentin yeni tərkibdə ilk iclasındakı çıxışında prezident İlham Əliyev deyib.

Prezident Azərbaycanın demokratiyaya sadiqliyindən danışıb: «Bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atmışdır və bir daha sübut etmişdir ki, Azərbaycan demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Ölkədə bütün azadlıqlar - söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə bütün bu azadlıqlar bir daha özünü büruzə vermişdir».

ERMƏNİSTAN TƏKBAŞINA DURUŞ GƏTİRƏ BİLMƏZ

İlham Əliyev həllini gözləyən problemlər arasında Qarabağ münaqişəsini göstərib. Deyib ki, son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur: «Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun. Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi».

YENƏ DƏ TƏHQİR, İŞGƏNCƏ...

Azərbaycan prezidenti dünyadakı miqrant problemindən də danışıb. Onların Avropada necə qarşılanması haqqında bunları deyib: «Görün, onları necə qarşılayırlar - yenə də təhqir, işgəncə, onların ləyaqəti alçaldılır. Onları indi günahkar kimi təqdim etməyə çalışırlar. Onların heç bir günahı yoxdur. Əgər onların ölkələri dağıdılmasaydı, onlar öz ölkələrində yaşayardılar. Ancaq bu gün, görün, nələr baş verir. Biz buna necə susaq?! Biz ona görə öz sözümüzü deyirik. Hesab edirəm ki, başqa ölkələr də bizim kimi öz səsini ucaltsalar, bəlkə də bu siyasətə düzəlişlər edə bilərlər».

GUYA AZƏRBAYCAN HANSISA MEYARLARA CAVAB VERMİR

Azərbaycanın tənqid olunmasına toxunan prezident deyib ki, bu ittihamlar əsassızdır: «Bir çox hallarda Azərbaycan əsassız ittihamlarla üzləşir. Guya ki, Azərbaycanda demokratiya, insan hüquqları pozulur. Guya Azərbaycan hansısa, - kim tərəfindən müəyyən edilibdir bunu biz bilmirik, - meyarlara cavab vermir. Ancaq bu miqrantlar böhranı dəyərləri təbliğ edən ölkələr üçün bir sınaqdır. Siz göstərin öz meyarlarınızı, göstərin öz bəyan etdiyiniz dəyərlərə sədaqətinizi. Biz bunu görmürük. Belə çıxır ki, bu dəyərlər ancaq başqaları üçündür. Bunlar başqalarını əzmək, təhqir etmək, öz iradəsini onlara tətbiq etmək üçündürmü? Haradadır bu dəyərlər, mərhəmət, insan hüquqları, ləyaqət? Biz bunu görmürük. Ona görə bu hadisələr və bu vəziyyət bir daha onu göstərir ki, biz nə qədər haqlı olmuşuq, öz yolumuzla getmişik, heç kimdən asılı olmamışıq, olmaq da istəmirik».

NİKBİNLİYƏ ƏSAS YOXDUR

Dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə biz buna hazır olmalıyıq. İlk növbədə, təhlükəsizlik. Qeyd etdiyim kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir.

İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan dünyada pisləşən vəziyyətə hazır olmalıdır: «Dünyada vəziyyət dəyişir, güclər nisbəti dəyişir. Əfsuslar olsun ki, nikbinliyə əsas yoxdur, dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə biz buna hazır olmalıyıq. İlk növbədə, təhlükəsizlik. Qeyd etdiyim kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir. Ölkəmizdə daxili təhlükə mənbələri yoxdur. Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik. Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir».

KƏNAR QÜVVƏNİN TƏSİRİ AZƏRBAYCANDA MÜMKÜN DEYİL

Azərbaycan prezidenti kənar qüvvələrin təsirindən də danışıb: «Bəzi hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kimsə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa, biz xahiş edərik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir».

Həmçinin izləyin: AzadlıqRadiosunun Youtube kanalında:

XS
SM
MD
LG