Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:05

"Qışa hazır deyilik"


Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

►"İslahat aparılmalıdır. Bəzi ölkələrdə kommunal təsərrüfata yalnız bir təşkilat cavabdehlik daşıyır. Amma bizdə biri işığa, o biri suya baxır. Bizdə əlaqəli iş görmürlər."

“Bu soyuqda bürünüb oturmuşuq. Hamımız yığışmışıq bir otağa, elektrik sobası yandırırıq. Gecə yatanda dağılışırıq. Onda da bir saat yerin içində o üz- bu üzə çevrilirik ki, bəlkə canımız qızışa... İşıq olmasa, batarıq. Evdə körpə uşaq var”.

Müsahibim sözünün davamını

gətirə bilmir. Öskürək söhbətimizi tələsik yekunlaşdırır. Elmira Səmədova Bakının Səməd Mehmandarov küçəsindəki binalardan birində yaşayır.

Noyabr başa çatmaqda olsa da, paytaxtda hələ də mənzillərin bir çoxu istiliksiz qalıb. Noyabrın 19-da “Azəristiliktəchizat”ın abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev AzadlıqRadiosuna problemin demək olar ki, həll olunduğunu söyləmişdi...

“AZƏRİSTİLİK”DƏN SÜRPRİZ

Bu arada paytaxtın Köhnə Günəşli qəsəbəsində D massivində 18 saylı binanın sakini Qətibə Pirməmmədova və qonşuları sürprizlə rastlaşıblar. Sakin deyir ki, onlara ötən illər üçün 100-150 manat borc yazılıb.

“Bizdə kooperativ binalardır, 3-4 il əvvələ kimi istilik olmayıb. Son 3-4 ildə istilik verilir. Amma götürüb bizə ötən illər üçün borc yazıblar. Zəng vurdum, mənə cavab verdilər ki, istilik gəlmirdisə, bizə o zaman müraciət edəydiniz”.

Qətibə Pirməmmədova hələlik hara müraciət edəcəyini bilmir. Bir onu deyir ki, deyəsən, “Azəristilik” borclarını adı sakinlərin hesabına həll etməyi düşünür.

Buna da bax: "2-3 günə istilik problemi həllini tapacaq"

BAKIDA ŞAM İŞIĞINDA BAZAR AXŞAMI

Dediyimiz romantik görünə bilər. Ancaq noyabrın 23-də işıqsız qalan Bakının bəzi sakinləri heç də romantika haqda düşünməyiblər. Keşlə qəsəbəsi İbrahimov küçəsində yaşayan Elmira Cavadova deyir ki, elektrik enerjisinin verilməsində fasilələr yaranıb:

“Bazar günü səhər işıqlar söndü, sonra yandı, yenə söndü. Axşam lap qaranlıqda yandı. Şam işığında oturmuşuq”.

Elmira Cavadovanın sözlərinə görə, bazar ertəsi evdə işıq yansa da, çox zəifdir. “İşıq bizə göz vurur” deyə zarafata da salır.

Qaraçuxurda Şərq massivi döngə 16-da yaşayan bir sakinsə deyir ki, bazar günü günorta saatlarından işıqları sönüb: “Üç saata yaxın bizim ətrafda işıq söndü, məhlədə işıq yox idi. Qaranlıq düşəndə işıqlar yandı. Lap 1990-cı illərdə olduğu kimi şam işığında oturmuşduq. Elə bu səhər də bir saatlıq işığımız söndü”.

Nizami rayonu Əli Vəliyev küçəsində də bəzi binalarda elektrik enerjisi böyük fasilələrlə verilib. Bu haqda həmin ərazidə yaşayan sakinlər AzadlıqRadiosuna deyiblər.

“AZƏRİŞIQ”: “BƏS MƏN NİYƏ BUNU BİRİNCİ SİZDƏN EŞİDİRƏM?”

Tanrıverdi Mustafayev
Tanrıverdi Mustafayev

“Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev dediklərimizi təəccüblə qarşılayır:

“Mən niyə bu haqda birinci dəfədir sizdən eşidirəm? Qaynar xəttə” də zəng gəlməyib bu haqda”.

Keşlə sakini Elmira Cavadovanın təəccübü daha böyük olur:

“Bizim yalan danışmaqda nə marağımız ola bilər? Sönüb ki, deyirik”.

Tanrıverdi Mustafayevin qənaətincə, ola bilsin, hardasa təmir gedib, ya kiçik qəza olub, amma heç yerdə böyük fasilə elan etməyiblər.

“Birinci siz zəng vurmusuz. Mən inkar etmirəm, ola bilər. Amma ciddi problemlə bağlı zəng gəlməyib”.

T.Mustafayev deyir ki, “Azərişıq” olaraq birinci qışı qarşılamağa tam hazırdılar, ən ucqar kəndlərdə belə elektriklə təminatı təmin edəcəklər və narahatlığa da əsas yoxdur.

Buna da bax: Bakıda saxta pul kəsən əcnəbilərə 10 il həbs

OQTAY HAQVERDİYEV: “TEMPERATUR 15 DƏRƏCƏYƏ DÜŞƏN KİMİ....”

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev müşahidəsini bölüşür: hər il noyabrda hökumətin qışa hazır olmadığı ortaya çıxır. Onun sözlərinə görə, il başlayanda qərarlar qəbul olunur, qışa hazırlıqla bağlı iclaslar keçirilir, ancaq sonucda fərqli mənzərə ortaya çıxır.

Oqtay Haqverdiyev hesab edir ki, hökumət bu yöndə islahat aparmalıdır:

“Bəzi ölkələrdə kommunal təsərrüfata yalnız bir təşkilat cavabdehlik daşıyır. Hamı da bilir ki, kimdən nəyi soruşmaq olar. Amma bizdə pərakəndədir. Biri işığa, o biri suya baxır. Bizdə əlaqəli iş görmürlər. Bilmək olmur cavabdeh Bakı şəhər icra hakimiyyətidir ya yerli icra hakimiyyəti və ya hansısa nazirlikdir? Pərakəndəlik var. Sovet vaxtında da belə olub. Nədənsə qışa hazırlıq proqblemi aradan qaldırılmır ki, qaldırılımır”.

Ötən illərdə Bakıda qar yağıb hökumət hazırlıqsız yaxalananda belə arqumenti vardı: “Bakıda çox qar yağmır, qış da sərt keçmir”. Oqtay Haqverdiyev bu fikirdədir ki, Bakıda qış sərt keçdi ya yox, bunun elektrik, qaz, istilik və ya su təchizatına dəxli yoxdur. Temperatur 15 dərəcəyə düşən kimi mənzillərə istilik verilməlidir. Və bütün bunlar sənədlərlə tənzimlənir.

Haqverdiyev baş verənləri cavabdehlərin cəzasız qalması ilə izah edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG