Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:26

Qaşıq xanım və çəngəl bəy


Əziz Rzazadə
Əziz Rzazadə

-

“Bu cür yaşamaqdansa, kaş metal qəbiristanlığımda paslanaydım!” – deyə hər gün Çəngəl bəy keçmiş günləri yada salıb içini çəkir.

Əziz Rzazadə

Əşyalar

(hekayə)

Bəzən əşyalar sahiblərinin taleyini bölüşməli olur.

Məncə, bunda təəccüblü heç nə yoxdur. Bu fani dünyada bir əldən başqa ələ keçən nəsnələr özündə təkcə köhnə və yeni sahiblərinin əl izlərini, toxunuş sayını deyil, həm də ruhunun bir parçasını, tale şərikliyini gizlədirlər.

Gecələr, yaxud evdə heç kim olmadıqda isə onlar dilə gəlir, maraqlı hekayətlər danışırlar.

İnanın, nəsnələrin aqibəti hərdən bizimkinə elə oxşardır ki...

Eyni dolab, yanaşı hücrələr.

Gümüş qab-qaşıq dəsti.

Mətbəxdə tanış oldular və ilk baxışdan bir-birini sevdilər.

Çəngəl bəylə Qaşıq xanımın toyunda bir vur-çatlasın, çal-oynasın var idi ki, gəl görəsən.

Xoşbəxt cütlüyün üç qızı – çay qaşığı və iki oğlu – ikidişli limon çəngəli vardı.

Ailənin böyükləri – nənə Çömçə xanım və baba Kəfkir bəy onlara baxaraq bəxtiyarlıq hissi keçirirdilər. Düşünürdülər ki, bu gözəl, firavan, məsud həyatı heç kim poza bilməz.

Amma...

...bir gün sabitlik ilğımı çəkilib itdi.

“Gümüş toy” ərəfəsində Cəngəl bəylə Qaşıq xanımın sözü çəp düşdü.

Həmin an hər ikisi çanaqdakı bulaşıq arasındaydı, yuyulma növbəsini gözləyirdi.

Yadımdan çıxmamış bunu da deyim, o axşam sahibə plov bişirmişdi. Süfrə başında düyünü sağ əllə qaşıqlaya-qaşıqlaya, sol əldəki çəngəllə iri ət tikələrini mədəyə endirirdi.

Hə, bulaşıqda necə oldusa, Çəngəl bəy dedi ki, sahibə düz eləmir, gərək mən sağ əldə, sənsə solda tutulasan. Süfrəyə qoyulanda da boşqabın böyründə, salfet üstündə əvvəlcə mən, sonra sən olmalısan.

Qaşıq xanım, sözün düzü, öncə söhbətə şirin dillə xitam vermək istədi, amma Çəngəl bəyin bir kəlməsi ona elə yer elədi ki, dava düşdü, mərəkə başladı.

Arvad dedi ki, nolsun sən kişisən, indi kişisən deyə birinci olmalısan? Hər şeyin olduğu kimi, süfrə bəzəmənin də öz ədəbi var. “Bu, zövq, kübarlıq məsələsidi, əzizim. Görmürsən insanlar xitab edərkən necə deyirlər, xanımlar və bəylər... Fikir ver, əvvəlcə xanımlar, sonra... ha-ha-ha... bəylər. Odur ki, birinci mən olmalıyam, vəssalam”.

Çəngəl bəy kinayəylə dedi ki, bu axşam gördüm ədəbini. “Bir sənsən mərifət, qanacaq, zövq mücəssəməsi, bir də bu evin, mətbəxin kübarlıqdan bixəbər qarınqulu sahibəsi.

Elə bil yüz ildi düyü yeməyib, az qala yağa bulaşmış barmaqlarını udacaqdı, görməmiş qızı görməmiş. Pul gözünü tutub, əməlli-başlı harınlaşıb. Həmyaşıd qonşusu acından köpük qusur, busa nə sədəqə verir, nə də kiməsə əl tutur. – Boşqabların arasından çıxmağa çalışaraq – Əh, bunu kimə deyirəm e, ikiniz də bir-birinizin tayı, bir bezin qırağısız”, – dedi.

Qaşıq xanım cin atına mindi, Çəngəl bəyə olmazın sözlər dedi. “Kəmağıl, səfeh, yırtıq baş!..”

“Sən də yekəbaş!”

“Səndən zəndeyi-zəhləm gedir. Heç əvvəldən xoşuma gəlməmisən. Allah bilir məndən xəlvət nə oyunlardan çıxırsan, əxlaqsız. Kül başıma, sənin kimi dişsizin, əfəlin şirin sözünə aldandım. Ah, gərək anamın sözünə qulaq asaydım, sənin kimi kirli-pasaqlıya heç ərə getməyəydim!..”

“Yox, sən süddən çıxmış ağ qaşıqsan! Keçmişini qurdalasam, əvvəllər hansı evlərdə olmusan, mətbəxdə, eyni dolabda kimlərlə qol-boyun olmusan...”

“Nə!? – Qaşıq xanımın üzü qıpqırmızı oldu. – Mənə də Abgərdənin qızı deyərlər a, Çəngəl, indi ki belə oldu, gör başıva nə oyuna açıram!..”

“Lap belə beş qaba çək! – Çəngəl dedi. – Səndən boşanıram!”

Tava bəy və Qazan xan araya girib cütlüyü barışdırmağa çalışdı. Amma faydası olmadı, son nəticədə cütlük boşandı və Çəngəl bəy özündən yaşca kiçik, amma boyca tay-bərabər Bıçaq xanımla ailə qurdu.

Amma başına cəncəl açdı.

Bir gün süfrə başında, sahibə basdırma yeyərkən Çəngəl bəylə Bıçaq xanımın arası qısqanclıq zəminində dəydi, əməlli-başlı didişdilər, ortaya qan düşdü.

Daha doğrusu, necə oldusa, sahibə barmağını kəsdi. Hirsindən bıçağı da, çəngəli də hara gəldi tolazladı. Bıçaq xanımın gümüş sapı – ayağı qırıldı, Çəngəl bəyin də iki dişi sındı.

Hə, bu arada onu da deyim ki, həmin vaxtlar sahibənin ailəsi müflislik həddinə çatmışdı. O son, xoşgəlməz söhbətlə başlayıb qalmaqalla bitən ailə ziyafətindən bir ay sonra da xanımın əri öldü. Varislər öz miras paylarını götürüb evlərinə çəkildilər. Tək-tənha qalan, həm də qıt-qəhətliklə keçinən qadın evindəki qiymətli əşyaları bir-bir satdı. İçində iki dişi sınmış Çəngəl bəy və sapı qırılmış Bıçaq xanımın da olduğu gümüş dəsti də bir əntiqçi dəyər-dəyməzə aldı.

Əşyalar elə o vaxtdan dükanın bir küncündə tozlanırlar. Əntiq əşya satıcısı onları hərdənbir silib-təmizləyir. Amma gümüş dəstin əvvəlki ehtişamı, ağ-boz parıltısı yoxdur.

“Bu cür yaşamaqdansa, kaş metal qəbiristanlığımda paslanaydım!” – deyə hər gün Çəngəl bəy keçmiş günləri yada salıb içini çəkir.

...Hə, elə mən də dərindən ah çəkdim. Bir az əvvəl nişanlımla sözümüz çəp düşdü. Çiçəkləri üzümə çırpdı, üzüyü də boşqaba atdı. Və çıxıb-getdi. Müştərilərin gözü qarşısında.

Restorandan çıxmaq istərkən də cibimdəki pulun miqdarı ödəşməyə yetmədi.

Bir sözlə, bərbad gecə yaşadım.

Borcumu ödəmək üçün restoranın mətbəxində bulaşığı yumalı oldum.

Yanımdakı qabyuyan qadın mənə öz həyatını danışırdı.

Suyun gur şırıltısı və qab-qaşığın cingiltisində onun taleyi xəyalımda əşyalar şəklində təcəssüm edirdi...

XS
SM
MD
LG