Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Rusiyadan Qərbə mesaj var


Vladimir Putin.
Vladimir Putin.

-

Rusiyanın oktyabrın 31-də Misirdə qəzaya uğrayan təyyarənin məhz terrorçular tərəfindən partladıldığını gözlənilməz anda elan etməsi diqqət çəkməyə bilmir. Bu cür açıqlama Fransa prezidenti François Hollande-nin Paris terrorundan sonra Moskva və Qərbi «İslam dövləti» yaraqlıları ilə birgə mübarizəyə çağırmasından bir neçə saat sonraya təsadüf edir.

Federal Təhlükəsizlik Xidmətinin rəhbəri dövlət televiziyasında 224 nəfərin həyatına son qoyan Sinay qəzasının terror aktı olduğunu elan edəndə, Vladimir Putin cinayətkarları cəzalandıracağına söz, Suriyadakı hərbi kampaniyanı fəallaşdırmaq əmri verməyə artıq hazır idi.

YA BİZƏ QOŞUL, YA DA KƏNARA ÇƏKİL

Putin-in sərt açıqlaması yaraqlılara xəbərdarlıq, Rusiya vətəndaşlarını onların qorunduğuna inandırmaqla yanaşı, həm də Qərbə ünvanlanan bir neçə mesaj idi – bəziləri şifrəli, bəziləri isə gün kimi aydın mesajlar. Başlıca mesaj isə bu idi: Terrorla birgə mübarizəni bizim şərtlərlə apar, ya da kənara çəkil.

Putin: «Bu ilk dəfə deyil ki, Rusiya heç bir daxili və xarici səbəb olmadan vəhşi terror cinayəti ilə üzləşir».

Kəsb etdiyi məna: Rusiya Qərb ölkələri ilə müqayisədə İslam yaraqlılarının heç də daha az hədəfində deyil və istər daxildə, istərsə də xaricdə baş verən heç nə bu cür hücumlara bəraət qazandıra bilməz. Qərb Putin-in dönə-dönə «ikili standart» adlandırdığı yanaşmanı kənara qoymalı və terrorla mübarizədə birmənalı şəkildə Moskvaya qoşulmalıdır.

Putin: «Biz onları hər yerdə, harada gizləndiklərindən asılı olmayaraq, axtaracağıq. Dünyanın harasında olmasından asılı olmayaraq, onları tapıb cəzalandıracağıq».

Kəsb etdiyi məna: Qərb bilməlidir ki, Rusiyanın dünyanın istənilən yerində antiterror əməliyyatları aparmağa haqqı var və ola bilsin, bu cür əməliyyatları Suriya ilə məhdudlaşdırmayacaq.

Putin: «Rusiyanın Suriyadakı hava hücumları elə gücləndirilməlidir ki, cinayətkarlar qisasın qaçılmaz olduğunu anlasınlar. Mən müdafiə naziri və Baş Qərargahdan müvafiq təkliflər hazırlamağı istəmişəm».

Kəsb etdiyi məna: Rusiya Suriyadakı hərbi əməliyyatlarını daha da artıracaq, amma detallar hələ ki qeyri-dəqiqdir. Rusiyanın «İslam Dövləti» yaraqlılarına vuracağı zərbənin gücü Qərbin terror əleyhinə mübarizədə Moskva ilə nə dərəcədə razılığı gəlməsindən asılı olacaq.

Putin: «Mən Xarici İşlər Nazirliyinə bütün tərəfdaşlarımıza müraciət etməyi tapşırmışam. Biz cinayətkarların axtarılması və cəzalandırılmasında bütün dostlarımızın dəstəyinə ümid edirik».

Kəsb etdiyi məna: Ukrayna olayından sonra iki ildən də çox bir müddətdə davam edən gərginlikdən sonra Kreml Qərbə yenə «dost» deyə bilər, Qərb İslam yaraqlılarına qarşı mübarizədə Moskvanın şərtləri altında ona qoşularsa.

Putin: «Cinayətkarlara dəstək göstərən hər kəs bilməlidir ki, onları gizlətmək cəhdlərinin yükünü çiyinlərində hiss edəcəklər».

Kəsb etdiyi məna: Moskva terrorla mübarizədə ona müttəfiq olmayan dövlətləri yaraqlılarla əlbir hesab edə bilər.

SÖZDƏ DEYİLMƏYƏNLƏR

Sözdə demədiklərini Putin əslində mesajında dolayısı ilə olsa belə bildirib. Məsələn, Moskvanın qapısını Qərbin üz çevirdiyi Suriya prezidenti Bashar al-Assad-in üzünə bir daha açıq elan edib.

Putin Suriyada vətəndaş müharibəsi ilə bağlı Rusiyanın mövqeyinin üstündə bir daha dayanıb. Bir daha bəyan etməyə çalışıb ki, Assad-in vəzifədən getməsi heç də bütün problemlərin həlli deyil və Qərbin «İslam dövləti»ni məğlub etməsində Assad-in hakimiyyətdə qalmasını maneə hesab etməsi əsassızdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG