Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:54

Səfər Əbiyevin keçmiş müavini əsas şahidləri tələb etdi


Mehman Səlimov.
Mehman Səlimov.

-

«Məhkəmə uzanır, əsas şahidlərin gətirilməsi təmin olunmur. Tələb edirəm ki, əsas şahidlər məhkəməyə gətirilsin. Bu iş bitsin».

Bunu noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimov deyib.

Məhkəmə iclasına hakim Zeynal Ağayev sədrlik edir.

Mehman Səlimov keçmiş müdafiə naziri Səfər Əbiyevin müavini olub. 1999-cu ildə vəzifədən azad edilib. İşsiz qalandan sonra tikinti biznesi ilə məşğul olub. 2007-ci ildən ovaxtkı nazir Səfər Əbiyevlə aralarındakı razılığa əsasən, hərbi şəhərciklərdəki tikinti işlərini həyata keçirmək üçün «S.T.Ş.» adlı şirkət yaradıb. Səfər Əbiyev vəzifədən çıxarıldıqdan sonra Mehman Səlimov həbs olunub və ona tikinti işlərinə görə ayrılmış pul vəsaitlərini mənimsəmə ittihamı verilib.

Ötən məhkəmə iclasında hakim şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul etmişdi. Həmin qərarla Miradil Həsənov, Rauf Aşurov və Hüseyn Vəliyev məhkəməyə gətirilib və şahid qismində dindirilib.

«BU GÜNƏ QƏDƏR PUL VERİLMƏYİB»

Miradil Həsənov ifadəsində göstərdi ki, dəmir məmulatları və armatur satışı ilə məşğul olur:

««S.T.Ş.» MMC-yə armatur satmışıq. Ödəmələr bank hesabı ilə həyata keçirilib. Ödəmələrdə tərəflər arasında heç bir narazılıq olmayıb».

Sonra məhkəmə növbəti şahidi - Rauf Aşurovu dindirdi. Şahid bildirdi ki, Mehman Səlimovu tanıyır. Müdafiə Nazirliyinin nəzdindəki hərbi şəhərcikdə 3-mərtəbəli, 24- mənzilli yaşayış binasının və 800 nəfərlik əsgər yeməkxanasının işçi layihələrini hazırlamaq üçün aralarında müqavilə bağlanıb:

«2011-ci ilin sonlarında Müdafiə Nazirliyində işləyən tanışım Nəriman Müftəliyev həmin sənədləri mənə təqdim etdi. Tikinti işlərinin Mehman Səlimovun rəhbərlik etdiyi «S.T.Ş.» MMC tərəfindən həyata keçirildiyini bildirdi. Üç layihə idi, sonra birindən imtina etdim. Mehman Səlimovla görüşdük, layihələri təhvil verdim. Hər bir obyekt üzrə 11 min 800 manat pul ödənilməli idi. Amma bu günə qədər mənə pul verilməyib».

«İŞİN İÇİNDƏ 8 MİN MANAT VAR»

Mehman Səlimov:

– Mən pulları Nəriman Müftəliyevə vermişəm. Müstəntiqi heç cür başa sala bilmədim ki, bu işin içində 8 min manat var.

Hakim:

– Növbəti prosesə Nəriman Müftəliyevi təkrar dəvət edərik, gəlib burda məsələyə aydınlıq gətirər.

Sonra Hüseyn Vəliyev şahid ifadəsi verdi. O, Mehman Səlimovun sahibi olduğu «S.T.Ş.» MMC ilə müqavilə əsasında şirkətə kərpic göndərdiyini, pulunu bank vasitəsilə aldığını bildirdi.

«ƏSAS ŞAHİDLƏR QALIB KƏNARDA»

Mehman Səlimovu isə əsas şahidlər maraqlandırır. O, məhkəmənin nəzərinə çatdırdı ki, məhkəmə məcburi gətirilmə ilə bağlı qərar qəbul etsə də, əsas şahidlər qalıb kənarda, işin mahiyyətinə o qədər də təsiri olmayan şahidlər məhkəməyə gətirilir.

Hakim növbəti məhkəmə iclasını noyabrın 27-nə təyin etdi və bildirdi ki, yenə məcburi gətirilmə ilə bir neçə şahid dindiriləcək.

Mehman Səlimov özünü ittihamlar üzrə təqsirli bilmir. Ötən məhkəmə iclaslarından birində demişdi ki, müdafiə naziri Səfər Əbiyev vəzifədən çıxarıldıqdan sonra onu Milli Təhlükəsizlik Nazirliyinə çağıraraq keçmiş nazirin əleyhinə ifadələr verməyi tələb ediblər. Tələbi yerinə yetirmədikdə isə qondarma ittihamlarla həbs olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG