- "İndicə oğlunu öldürdüm! Eşitdinmi? Öldürdüm! – ardınca söyüş və telefonun o biri başında qıy-qışqırıq."
Əziz Rzazadə
Kəpənəyin göz yaşı
Göydən üç alma düşdü.
Biri – sənin...
Biri – mənin...
Biri də... Nyutonun.
Bununla da tarixə iki kəşf yazıldı: qadın cazibəsi və Yerin cazibəsi.
Qadın cazibəsi eşqi doğurdu, nəticədə sən və mən biz olduq.
Ən əsas da sən – qadın analıq hissini duydun və onun sevincini yaşadın.
Yerin cazibəsi, ilk baxışdan nə qədər qəribə səslənsə də, bizdə, yəni səndə, məndə və onda ayaqlarımızı yerdən üzmək, uçmaq, açıq kosmosa çıxış arzusu yaratdı.
Stiv Cobs həmin almalardan hansınısa dişlədi və bunun sayəsində əlavə bir cazibə yarandı – “Apple” kompüteri. Tezliklə bütün bəşəriyyət kompüter başına keçdi və xəyali aləmdə, arzularının dünyasında məskən saldı.
Yerdənkənar fəza.
Təhtəlşüurda gizlənmiş istəklər aləmi.
Beynimizdəki qurd.
İyirmi birinci yüzilliyin vəbası!
Üçüncü minilliyə qədər də insan övladının çoxlu kəşfləri olmuşdu: barıt, çap maşını, odlu silah, teleqraf, radio, atom bombası, mobil telefon...
Bu icadların bir çoxu bəşərin əleyhinə çevrilib. Habillə Qabilin dövründən insan insana qənim kəsilib.
...Ka-2 sivilizasiyası son əsrdə öz inkişafının zirvəsinə çatmışdı.
Yer kürəsindən üç milyon işıq ili məsafəsində olan bu səyyarənin atmosferi canlı həyat üçün tam yararlıydı.
İqlim şəraiti və məhsuldar ərazi canlı aləmin normal yaşayışı qarşısında heç bir əngəl saxlamırdı.
Doğrudur, rəngarəng yaradılış növləri içində yalnız Fa-666-lar şüurlu varlıqlar idi. İkicinsli Fa-666-lar qısa müddətdə çox böyük təkamül yolu keçmişdilər.
Ka-2 sivilizasiyasında bir əsrin Yer kürəsindəki otuz günə bərabər olduğunu nəzərə alsaq, insançün inkişafın hansı sürətlə getdiyini təsəvvürə gətirmək belə çətindir.
Müdrik və ədalətli hökmdar Alma-Kanın iqtidarı dönəmində Fa-666-lar başqa səyyarələrdəki canlılar barədə təsəvvür qazanmağa, habelə digər şüurlu varlıqların kəşf və ixtiralarından da agah olaraq Ka-2 sivilizasiyasında onların tətbiqinə başladılar.
Alma Kanın bir-birinin ardınca təşkil etdiyi kosmik ekspedisiyalar yaxın və uzaq səyyarələr haqqında təsəvvürlərin genişləndirilməsinə və Fa-666-ların üstün zəkasına rəqib olacaq varlıqların olmadığına dəlalət edirdi.
Yer ölçüləriylə, təxminən bir santimetrlik boya malik Fa-666-lar kosmik səyahətə çıxarkən elə anidən havalanır və çox qısa zamanda – insanın bunu sözlə ifadə etməsi qeyri-mümkündür – hədəfə yetişirdilər.
Yad sivilizasiyalar haqqında bütün bilgiləri isə, – ən xırda təfərrüatlarınadək, – beyinlərində görüntülü və səsli şəkildə kodlaşdırırdılar.
Təsvir Fa-66-ların həm də ekran vəzifəsi daşıyan gözlərinə köçür, titrəyiş dalğaları ilə başın üzərindəki antenlərdə – yaddaş dolablarında toplanırdı.
Cəsur kosmik səyyah Alma-Materin son ekspedisiyası Yer kürəsinə idi. Ka-2-də onun qayıdışını intizarla gözləyirdilər. Hamıdan çox da müdrik və ədalətli Alma-Ka.
Oğlunun hər sərgüzəştini maraqla dinləyən ana – Alma-Ka həmin gün də səbr edə bilməyib bir daha qayıdışın haçan olacağını köməkçisindən xəbər aldı.
– Bu gün.
Alma-Ka dərindən köks ötürdü...
...Külək qum dənələrini kolluqdakı yaralıya doğru qovurdu. Onun yarıaçıq gözləri toz qatıyla örtülmüşdü, bulanıq mənzərədə güclə seçə bildiyi yalnız kolluqdakı alabəzək kəpənək idi.
Ətrafda hərəkətsiz bədəni qana bulaşmış daha bir neçə əsgər vardı, amma onlar artıq ölmüşdülər. Cəsədlərin üzərinə yığışmış milçəklərin vızıltısı küləyin səsindən eşidilməz olmuşdu.
Kolun üzərindəki alabəzək kəpənək tərpənməz qalaraq bərəlmiş gözləriylə həşəratların qan gölməçəsinə necə daraşdığına sanki heyrətlə baxırdı.
Toz dumanında uzaqdan yaxınlaşan kölgələr göründü, tezliklə gələnlərin qara geyimli, dişinədək silahlı adamlar olduğu ortaya çıxdı.
“Əl-Nusra” döyüşçüləri meyitləri bir-bir nəzərdən keçirirdilər. Onlardan Yaralı halıyla kolluğa qədər sürünə bilmiş əsgərin parçalanmış qolunu tapdalayanda o, ağrıdan bağırdı.
– Aa... sağmış ki küçük! – “əl-Nusra”çı təpiklədiyi Suriya ordusu əsgərini söydü.
Qrupdakı iri cüssəli, girdə üzündəki topa saqqalı qana bulaşmış adam yaralıya yaxınlaşdı. Yaralı əsgərə tüpürdü.
Sonra qoburundan tapançasını çıxarıb əsgərə üç dəfə atəş açdı. Amma bundan sonra da soyumayıb cəsədi təpikləməyə başladı.
Əsgər çantasından mobil telefonu sürüşüb çıxdı. Saqqallı adam qəzəblə telefonu yerdən qaldırdı. Yaddaşdakı nömrələri bir-bir nəzərdən keçirdi və nəhayət, rişxəndlə gülümsəyib kursoru adlardan biri üzərində saxladı.
Mobil telefonun çağırış səsi.
– Alo, – deyə o biri başda ahıl qadın səsi şən halda səsləndi.
– Məni eşidirsənmi, Əsədin fahişəsi?
– Alo, kimdi? – qadının səs ahəngi qəfil dəyişdi, çaşqınlıqdaydı.
– İndicə oğlunu öldürdüm! Eşitdinmi? Öldürdüm! – ardınca söyüş və telefonun o biri başında qıy-qışqırıq. – Fahişə!
– Yox, yox, ola bilməz.
“Əl-Nusra”çı əsgərin geyimi üzərindəki yarlığa həkk olunmuş adı və soyadı oxudu. Ucadan. Hərf-hərf.
Kolluğun üzərinə oturmuş kəpənəyin qanadları titrəşdi.
Sakitlik çökdü, sanki dünya nəfəsini içinə çəkmişdi. Haçan bitəcəyi bilinməyən sükut.
Axır ki, ahıl qadının səsi eşidildi. Qısıq. Xırıltılı.
– Yalan deyirsən, alçaq, oğlum ölməyib, oğlum sağdı, oğlum yanımdadı, oğlum qoca anasından qabaq ölə bilməz...
Qadının səsində boşluq vardı, elə bil yaşı yüz illərlə ölçülən, geniş budaqları bütün göy üzünü örtən, kökləri, rişələri torpağın ən dərin qatlarına gedib çatan azman ağacın içi birdən-birə oyulmuş, bircə boş, qalın, tən ortadan çat vermiş qabıq qalmışdı və külək aşağıdan, iri koğuşdan içəri girərək özüylə gətirdiyi yarpaq çürüntüsünü, bit-birəni, zərərverici qurdları anidən onun yavaş-yavaş ölən bədəninə daraşdırmışdı.
Kəpənək qanad çaldı. Sanki heç yoxmuş. Hara sarı uçduğu və necə gözdən itdiyi belə anlaşılmadı. Ani pərvaz və yoxoluş.
...Alma-Kanın oğluna verəcəyi çoxlu sual vardı.
– Hə, danış görək, – deyə o, Yer kürəsindən yenicə qayıtmış oğlunu tələsdirdi.
Alma-Mater üç milyon işıq ili məsafəsində olan bu səyyarənin bütün tarixini Ka-2-yə gətirmişdi.
Bəşər övladının təkamülünü – insanın buna inanması, əlbəttə, qeyri-mümkündür, – Yer ölçüləriylə, saniyənin yüz mində bir hissəsində görüntülü və səsli izləyən müdrik və ədalətli Alma-Ka tez-tez üzülür və dərindən köks ötürürdü. Amma Yer səthinin Ka-2-yə oxşaması, bitki örtüyünün çeşidi və bəzi insan icadlarını bəyəndiyi də açıqca sezilirdi. Xüsusilə kompüteriin “Alma” adı daşımasını və...
– Bəs bu nə cihazdı?
– Mobil telefon, – Alma-Mater bir qədər qüssəylə dedi. – İnsanlar arasında rabitə vasitəsi.
– Səncə, bu kəşf sivilizasiyamız üçün yararlı ola bilər?
– Yox, – Alma-Mater qətiyyətlə dedi və suriyalı əsgərin hekayətini müdrik və ədalətli hökmdara subtitrli tərcüməylə “danışdı”.
– Deməli, belə, – ana oğlunun ekran gözlərindən gördüyünə təsirlənərək baxışlarını endirdi. – Kəşfləri çeşidləyin, Yerə varlığımız barədə heç nə bildirilməsin, – azca susdu, sonra – O... nəyidi adı... o icadın? – deyə soruşdu
– Mobil telefonu.
– Hə, onun haqqında bilgini yaddaşdan tamam silin, heç yasaq icadlar kod-qutusunda da qalmasın.
Alma-Ka son sözləri güclə dedi, qəhərlənmişdi, qanadları titrəşdi, Fa-666 – Yer kürəsində kəpənək kimi tanınan varlıq suriyalı ahıl ananın faciəsindən duyğulanaraq ağladı.