-
QHT-lər bundan sonra aldıqları ianələrin məbləği və onu verən şəxslər barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Nazirlər Kabineti «Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası»nı təsdiq edib.
Həmin qaydaya görə, yalnız nizamnaməsinə əsasən, başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Bundan başqa bütün hallarda ianə edilən pul vəsaitləri QHT-nin bank hesabına köçürmə yolu ilə qəbul edilir.
Sənəddə göstərilir ki, QHT tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.
Ədliyyə Nazirliyi QHT-nin müraciətindən 15 gün sonra ona həmin məlumatı reyestrə daxil edərək müvafiq bildiriş verir.
Qaydada o da deyilir ki, QHT qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları Maliyyə Nazirliyinə də təqdim etməlidir.