Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:56

Proletar poeziyası. Qəribin şeirləri


Qərib (Rauf Alagözov)
Qərib (Rauf Alagözov)

- "Kərə qalsın, hətta "Supersun" baha.

Pambıq baha, kətan baha, yun baha."

Qərib

MİLLƏTİM

Göz önünü görməməkçün,

İdxal edir tül millətim.

Belə getsə ələnəcək,

Daz başına kül, millətim.

Soyuyubdur çoxdan təndir,

Axtarırıq qalın kəndir.

Müəllimi dilənəndir,

Tələbəsi şil millətim.

Ağa desin, sən də dinlə,

Bir gün sevin, on gün inlə.

Nə işin var ayla, günlə?

Əsas ötsün il, milətim.

Kənardan bax, qapını pus,

Qorxursansa qanını qus,

Sus əbədi, susduqca sus!

İflas etsin dil, millətim

MİLLƏTİN

Məmur alır, hakim yeyir, qul baxır,

Görə bilmir gözü kordu millətin.

Görənlər də gördüyünü danırlar,

Deyirlər ki: "halı zordu millətin".

Əmək ucuz, çörək baha, un baha,

Kərə qalsın, hətta "Supersun" baha.

Pambıq baha, kətan baha, yun baha,

Geyindiyi ucuz tordu millətin.

Dinsizi var, dindarı var, dini yox,

Cadusu var, cindarı var, cini yox.

Sürü ilə toyuğu var, hini yox,

Qazananı gələn "vordu" millətin.

Biri varsa onu yoxdu, yüzü yox,

Hər şey əyri, bircə dənə düzü yox.

Qərib, dinmə, "yox elə" bu sözü, yox!

Belə getsə sonu gordu millətin.

ƏSAS MƏNƏM

Mal sataram bu millətə, maldı, mal,
Manat alan dollar ilə aldı mal.
Lal kasıbı yaman hala saldı mal,
Kasıb-kusub nəyə lazım?- yox olsun.
Əsas mənəm, mənim qarnım tox olsun.

Baş da mənəm, bəy də mənəm, xan da mən,
On dənə cib gəzdirirəm yanda mən.
Hər cibimi dolduraram anda mən,
Saraylarım ac gözlərə ox olsun.
Əsas mənəm, mənim qarnım tox olsun.

İstəyəndə qaldıraram qiyməti,
Sürüm-sürüm süründürrəm milləti.
Pulla alıb-sataram mən qeyrəti,
Qeyrət nə ki? Var dövlətim çox olsun,
Əsas mənəm, mənim qarnım tox olsun.

Keyf edərəm hər yanda bir yarımla,
Öyünərəm qeyrətimlə, arımla.
Dinən dinsin, susduraram varımla,
Duam budur, mənim xalqım "lox" olsun.
Əsas mənəm, mənim qarnım tox olsun.

YORULURAM YUXUDA

Hamı yatıb yuxusunda dincəlir,

Mənsə yatıb yoruluram yuxuda.

Yüklərimdən Sırat yaman incəlir,

Öz-özümə soruluram yuxuda.

Cavablarım gülünc gəlir özümə,

Heç özüm də inanmıram sözümə.

Dostum Şeytan görünməyir gözümə,

Kürəyimdən vuruluram yuxuda.

Bax o zaman çarəsizcə qalıram,

Yalvarıram, yeni möhlət alıram.

Oyanantək şeytana dost oluram,

Nə olsun ki, duruluram yuxuda.

Oyanmağın qorxusuyla yataraq,

Əcəlimə sarılıram yuxuda.

Hamı yatıb yuxusunda dincəlir,

Mənsə yaman yoruluram yuxuda.

XS
SM
MD
LG