Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Müqəddəs sümüklər


Par Lagerkvist
Par Lagerkvist

- "Komissiya üzvləri savaşdan salamat çıxan qolu-budağı qırılmış alçaqboylu ağacların arxasında pusqu quraraq, gecəyarını gözləməyə başladılar."

Araz Gündüzün tərcüməsində

Per FABİAN LAGERKVİST

(İsveç yazıçısı, 1951-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı)

Müqəddəs sümüklər

İki xalq öz aralarında böyük bir müharibə aparırdılar, onların ikisi də insan ehtiraslarını coşdurub onu adi gündəlik qayğılarla tutuşdura bilməyəcək bir yüksəkliyə qaldıran bu savaşla öyünürdülər.

Döyüşdən sağ çıxan adamlar böyük bir yanğı ilə bu ehtirasa qapılırdılar.

Sərhəddin hər iki tərəfində, ən qanlı savaşların getdiyi və insanların görünməmiş bir amansızlıqla biri-birini kəsib doğradıqları yerdə özünü yurd uğrunda qurban vermiş, indi isə torpağın altında uyuyan həlak olmuş döyüşçülərin adına sayğı göstərmək üçün çox böyük bir abidə ucaldılmışdı.

İllüstrasiya
İllüstrasiya

Bu abidənin qoyulduğu yerə ziyarətçilərin ardı-arası kəsilməyən axını başlamışdı, müqəddəs ölümləri ilə öz adlarını sonsuzlaradək şərəfləndirmiş bu qəhrəmanların uyuduğu torpağın üzərində onların şəninə alovlu nitqlər söylənirdi.

Günlərin birində, qanlı döyüş meydanında qoyulmuş abidənin olduğu yerdə, gecələr ağlagəlməz olayların baş verdiyi ilə bağlı söz-sovlar yayılmağa başladı.

Deyilənlərə görə, ölülər gecələr öz qəbirlərindən qalxır, sərhəddi keçərək biri-biri ilə görüşürlər, elə bil, onlar artıq biri-biri ilə çoxdandır barışıblar.

Bu xəbər hamını sarsıtmışdı. Sən demə, xalqın xatirələri önündə baş əydiyi bu qəhrəman döyüşçülər yağılarla görüşür, onlarla barışığa girirlər! Bundan da qorxunc nə ola bilərdi?!

Hər iki xalq komissiya düzəldib bu işi yerindəcə ayırd eləməyi ona tapşırdı.

Komissiya üzvləri savaşdan salamat çıxan qolu-budağı qırılmış alçaqboylu ağacların arxasında pusqu quraraq gecəyarısını gözləməyə başladılar.

Ah nə qorxunc bir görünüş!–ağlagəlməz şaiyələr doğru imiş!

Doğrudan da, gecəyarısı torpağın altından qorxunc kölgələr qalxıb sərhədə sarı yönəldilər, özü də deyəsən onlar əllərində nə isə daşıyıb aparırdılar.

Adamlar pusqudan çıxıb, heyrətlə onların üzərinə cumdular:

–Sizlər, vətən uğrunda canınızdan keçmisiniz, biz sizin qarşınızda baş əyirik, adınıza ucaldılmış abidəni sayğılamaq üçün buraya sayıbilinməz ziyarətçilər gəlir, sizi həmişə xatırlayır, adınızı öyüb göylərə qaldırırıq, məzarlarınızı müqəddəs bir yer kimi qoruyuruq, siz isə yağılarla görüşməyə, onlarla vaxt keçirməyə gedirsiniz, onlarla barışığa girirsiniz!

Ölmüş qəhrəmanlar təəcübləndilər:

–Siz nə danışırsınız, heç elə bir şey yoxdur. Bizim yenə də biri-birimizi görməyə gözümüz yoxdur. Siz savaş meydanında qalmış sümüklərimizi toplayanda onların bir çoxunu yağı döyüşçülərinin sümükləri ilə dəyişik salmısınız, biz gecələr yağılarımızla görüşüb bu sümükləri dəyişirik.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG