Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

İstanbul Kitab sərgisinin Azərbaycan stendində absurd


İstanbul Beynəlxalq Kitab Sərgisindən görüntü
İstanbul Beynəlxalq Kitab Sərgisindən görüntü

- "Bəs sizcə, qonaqlar "dress-code" funksiyası yerinə yetirən bu mövzulara fikir verməyəcəksə, ev yiyəsi elə özü üçün danışır?"

"Mədəniyyət sahəsi nazirliyin monopoliyasındadır. Nəinki əsas qonaq, adi iştirakçı ölkə olmaq məsələsinin öhdəsindən gələ bilmirlər."

Nərmin Kamal

İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan

Azərbaycanın beynəlxalq kitab sərgilərində iştirakında basmaqəlib, trafaret bir praktika əmələ gəlib.

Sərgilərə kitab aparan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri hansı ölkədə keçirilən sərgiyə getsələr, eyni bir proqramla gedir, eyni kitabları nümayiş etdirir, eyni elanı yayırlar. Amma bu dəfə daha absurd vəziyyət yaranıb.

34-cü İstanbul Beynəlxalq Kitab Sərgisi (7-15 noyabr) keçirilir. Türkiyə bir neçə ay əvvəldən builki sərginin mövzusunu elan edib: Yumor, Karikatura.

Hər il 500 min qonağı olan sərgidə bu il karikaturaçı rəssamların əsərlərindən ibarət kitablara xüsusi vurğu salınacaq. Türkiyənin qocaman karikaturaçısı Tan Oral sərginin fəxri qonağı olacaq, oradakı bir sıra tədbirləri aparacaq. Tan Oralın həyatını və karikatura əsərlərini əks etdirən kitab təqdim olunacaq.

İllüstrasiya
İllüstrasiya

Bundan başqa, Əziz Nesinin 100 illiyinə həsr olunmuş iki sərgi keçiriləcək.

Fəxri qonaq olacaq Rumıniyanın karikaturaçılarının sərgisi də olacaq.

Kitab sərgisinin biletlərinin karikaturaçılara pulsuz veriləcəyinə qədər elan olunub. Yəni bu, bir yumor, karikatura bayramıdır.

Bəs Azərbaycan bu sərgidə necə iştirak edir? Yenə şablon bir proqram və stendlə.

Bu sərgi haqda rəsmi elanımız belədir:

“Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan bölməsi təmsil edir.

Bölmədə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “Kaspi” Şirkətlər Qrupunun, “Hədəf” və “Qələm” nəşriyyatlarının, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının, eləcə də Türkiyədə fəaliyyət göstərən “Araz yayınçılıq” Kitab Evinin Azərbaycan, türk, rus, ingilis, fars və s. dillərdəki nəşrləri sərgilənir.

Bu il keçirilən sərgidə ölkəmizdən 600 adda kitab və albom nümayişə çıxarılıb. Prezident İlham Əliyevin məlum Sərəncamı ilə latın qrafikalı əlifba ilə Azərbaycan dilində çap olunan nəşrləri, ümummilli lider Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən nadir kitablar, həmçinin Heydər Əliyev Fondunun iyirmi dildə işıq üzü görən Azərbaycan həqiqətləri ilə bağlı, o cümlədən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrinə dair nəşrlər, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunmuş ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanlarını təbliğ edən kitab, jurnal və broşürlər ziyarətçilərə təqdim olunur.”

Keçən dəfəki sərgidə elan beləydi:

“Stendimizdə dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, zəngin mədəniyyət və incəsənətimizə dair Azərbaycan, türk, ingilis, alman, fransız və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm haqqında müxtəlif bukletlər, eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunları ilə bağlı nəşrlər nümayiş olunur.”

Azərbaycan mədəniyyət rəsmiləri sərgilərin mövzularına heç fikir vermirlərmi?

Bəs sizcə, qonaqlar "dress-code" funksiyası yerinə yetirən bu mövzulara fikir verməyəcəksə, ev yiyəsi elə özü üçün danışır?

Bir neçə dəfə Azərbaycanın beynəlxalq kitab sərgilərindəki stendinə baş çəkmişəm. Onlar orada sadəcə oturub əsnəyirlər. Heç öz stendlərindən çıxıb zalı, başqa nəşriyyatların stendlərini, sərginin tədbirlərini gəzmirlər.

Bu il stendlərindən aralanıb zalı gəzsələr, görərlər ki, türklər orada karikaturanı, yumoru qeyd edirlər, Azərbaycan stendi isə mövzuya nə qədər uyğunsuzdur.

Türkiyənin beynəlxalq sərgilərdə iştirak məsələlərinə baxan ayrıca müstəqil qurumu var. Müstəqil kitabçıları və naşirləri birləşdirən bu müstəqil qurum toplanıb strategiya haqda müzakirələr aparır, planlar qurur, nəticədə Türkiyə iki Qərb ölkəsinin kitab sərgisində adi iştirakçı yox, əsas qonaq ölkə olub.

Azərbaycanda belə bri müstəqil qurum yoxdur. Mədəniyyət sahəsi nazirliyin monopoliyasındadır. Nəinki əsas qonaq, adi iştirakçı ölkə olmaq məsələsinin öhdəsindən gələ bilmirlər.

Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisinin mövzusuna uyğun təmsil olunsaydı, orada bu il Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi yazarlar, Əzim Əzimzadə, Oskar Şmerlinq..., demokratik olmaq istəsəydilər, yeni nəsil karikaturaçılarımızdan Gündüz Ağayevin bir-iki əsəri təmsil olunmalıydı. İndiki stendilə isə Azərbaycan özü yumor obyektidir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG