Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:37

İntihara cəhd edən sahibkar «Bizim Yol»a danışdı


İlqar Məmmədov
İlqar Məmmədov

-

İlqar Məmmədov paytaxtda, Zərifə Əliyeva adına parkın ərazisində tikintisi yekunlaşmaqda olan obyektinin sökülməsinə etiraz olaraq noyabrın 5-də intihara cəhd edib.

Sahibkar İlqar Məmmədov «Bizim Yol»a deyib: «Həmin ərazidə 2011-ci ildən İdman Sağlamlıq Kompleksini tikməyə başlamışam. Ümumi olaraq tikintiyə 5 milyon xərcim çıxıb. İşlər yekunlaşmaq üzrədir. İllərdir əmək sərf etmişəm, indi mənə «sökülməlidir» deyirlər. Mən də haqlı olduğum üçün etiraz edirəm. Mən dünən (5 noyabr-R.İ.) orda anlaqsız vəziyyətdə olaraq icra hakimiyyətinə yarım milyon manat rüşvət verdiyimi bildirdim. Plana görə, bu il tikinti işi başa çatmalıydı. Vəsaitimiz tükənmişdi deyə, tikintinin plana uyğun yekunlaşması mümkün olmadı».

İlqar Məmmədovun sözlərinə görə, onun mülkiyyətində olan tikinti qanunidir: «Bakı Şəhər İcra Hakimiyyəti kompleksi tikmək üçün mənə razılıq məktubu verib və eskiz layihələrimi təsdiq edib».

Sahibkar deyir ki, bütün vəsaitini bu obyektə qoyub: «Mən icra başçısına dedim ki, bura külli miqdarda xərcim çıxıb, illərimi sərf etmişəm, sökəcəksinizsə, öncə kompensasiyamı verin.

Mənim inşaat materiallarına görə 200 min manat borcum var. Oranı dişimiz-dırnağımızla, zülmlə, üç qardaş gücümüzü birləşdirərək tikmişik. Mən və qardaşım evimizi satmışıq, mən hətta şəxsi avtomobilimi də satdım. Hazırda iki qardaş kirayə mənzillərdə yaşayırıq. Rəsulzadə qəsəbəsində qeyri-yaşayış obyektim var idi, onu da satmışam. Bunlar tikintini başa çatdırmaq üçün yetərli olmayıb, bankdan borc götürmüşəm. Hələ də borcumu ödəməmişəm. Özbaşına tikməmişəm. Qeyri-qanuni tikilməyib, qanuni sənədlərlə bir neçə ilə tikilib. Sözlə tikilməyib ki, sözlə də sökülsün. Kompensasiyam hesablansın və ödənilsin».

İlqar Məmmədovun sözlərinə görə, icra başçısı ona «məsələ üzərində işləyirik, çalışacağıq, sizi razı salaq» desə də, məsələ hələ də açıq qalır.

Eldar Mahmudov
Eldar Mahmudov

ELDAR MAHMUDOVUN HƏBSİ ANONSU – «REKETLİK EDİLİB»

«Yeni Müsavat»ın məqaləsi belə adlanır.

Qəzet hökumətdəki mənbələrinə istinadla sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsinə hazırlıq getdiyini iddia edir: «Bu, həm nazirlikdə sahibkarların incidilməsi, həm də gizli dinləmələrlə bağlıdır.

Birinci məsələ ilə bağlı Respublika Prokurorluğunun xüsusi qrupu və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırma aparır. Gizli dinləmələrlə bağlı isə Xüsusi Dövlət Mühafizə İdarəsi görəvləndirilib, bu istintaq demək olar ki, tam məxfi aparılır. İddiaya görə, E.Mahmudova məhz sahibkarlardan qanunsuz xərac toplaması ittihamı veriləcək. Prezidentin şimal-qərb bölgəsinə səfəri zamanı etdiyi çıxış da E.Mahmudovun cəzasız qalmayacağını və ona qarşı da rəsmi ittiham hazırlandığını bir daha sübut etmiş oldu. Adətən hakim komanda ilə bağlı bu kimi qərarlarını geniş ictimai şərhə çıxarmayan dövlət başçısı İlham Əliyev MTN-də baş verən qanunsuzluqlarla bağlı çox sərt danışıb: «Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb»».

Dövlət başçısı ad çəkmədən bəzən sahibkarlara qarşı reketlik edildiyini də söyləyib. Qəzet iddia edir ki, prezident Eldar Mahmudovu nəzərdə tutub: «Dövlət başçısının bu məsələ ilə bağlı dediyi son bir cümlə də diqqət çəkir: «Ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir». Bu o deməkdir ki, MTN-də baş verənlərlə bağlı kimsəyə güzəşt edilməyəcək, iş məhkəmədə araşdırılacaq və günahkarlar cəzalandırılacaq».

Ali Məhkəmə
Ali Məhkəmə

«MƏHKƏMƏ SİSTEMİNDƏ ŞƏFFAFLIQ DEMOKRATİK İNKİŞAFA MÜSBƏT TƏSİR GÖSTƏRİR»

«Azərbaycan» qəzetinin məhkəmə sistemindən yazısı belə adlanır.

Qəzet yazır ki, İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması müvəffəqiyyətlə həyata keçirilir: «Bu məqsədlə yeni qanunvericilik bazası yaradılmış, hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil əsasları təsbit olunmuşdur. Hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin çox şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanıb. Çoxmərhələli imtahanlardan, tədris və təcrübə keçmədən ibarət olan bu seçim şəffaflığına və obyektivliyinə görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmiş və digər dövlətlərə tövsiyə edilib».

Qəzet son 10 ildə ölkənin məhkəmələrində əsaslı təmir və yenidənqurma işləri aparıldığını da vurğulayır: «Təkcə Dünya Bankı ilə birgə layihə çərçivəsində 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilmiş, qısa müddətdə 11 məhkəmə üçün yeni, müasir binalar istifadəyə verilmiş, bir o qədər də məhkəmə üçün, o cümlədən dövlət büdcəsi hesabına yeni binalar inşa olunmaqdadır».

Məqalənin sonunda deyilir: «Məhkəmə sistemində həyata keçirilən islahatlar insan hüquqlarının müdafiəsini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılmasını təmin edib».

Yanan bina
Yanan bina

YANAN BİNA İLƏ «MTN İŞİ» ARASINDA HANSI ƏLAQƏ VAR?

«Azadlıq»da oxuyuruq:

««MTN işi» ilə bağlı redaksiyamıza bir məlumat daxil olub. Məlumatda deyilir ki, bu ilin mayında Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı istintaq yekunlaşıb məhkəməyə göndərilməli olsa da, «MTN işi»nə görə bu məsələ saxlanılıb. Xatırladaq ki, Abid Şərifov hələ iyul ayında bildirmişdi ki, istintaq 10 günə yekunlaşacaq.

İddia olunur ki, yanğın hadisəsinin «kredit qalmaqalı» ilə eyni vaxta təsadüf etməsi hakimiyyətin zirvəsində şübhələrə səbəb olub. Ona görə də istintaqın hərtərəfli aparılması, bütün versiyaların, şübhələrin yoxlanılması tapşırılıb. «MTN işi» isə bu məsələyə diqqəti daha da artırıb. İddia olunur ki, baş verənlərdə MTN-dəki şəbəkənin rolu olub-olmadığı ciddi şəkildə araşdırılır».

Cənnət bağı
Cənnət bağı

NAZİRLƏRİN DİNCƏLDİYİ CƏNNƏT

Qafqazinfo «Nazirlərin dincəldiyi cənnət»dən reportaj təqdim edir:

«Bura Novxanıdır, bəlkə, çoxunuz bu qapıdan, hasarın yanından keçib laqeydcəsinə yolunuza davam etmisiniz. Amma hasarın o tayında bir sevgi adası var... Ora həm də nakam sevginin gücündən yaranan cənnət bağıdır».

Sevdiyi üçün «yer üzündə cənnət yaradan» əslən Masallıdan olan Rauf Rəhimovdur: «Əczaçıyam, 30 il aptek müdiri olmuşam. Masallıda aptekim, bağım vardı. Əczaxananı bağladım ki, kədər yuvasıdır... 1991-ci ilin sonlarında bu ləpədöyəndə, Xəzərin sahilində bu «cənnət»i yaratmışam. Sevdiyim xanım vardı, ona fərqli çiçəklər vermək istəyirdim. Öz zəhmətimlə ona çiçək hazırlayacaqdım, bu müddət çox uzun oldu və biz ayrıldıq. Mən də sevgimi buraya həsr etdim. Bu bağ mənim ürəyimdəki sevginin cənnətidir».

Rauf Rəhimov deyir: «Burada nazir də, ərəb şeyxi də, sıravi vətəndaş da qonaq olub. Ərəb şeyxləri ilə quş, balıq ovuna gedirik. Onlar burada məclislər qururlar.

...Mənim bağımda maraqlı adamlardan biri də Məmməd Araz idi».

Rauf Rəhimovun sözlərinə görə, rəsmi şəxslər, nazirlər qonağı olsa da, özü onların bağında çalışmaqdan imtina edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG