- "Sual olunur: Azərbaycan tamaşaçısına, oxucusuna ünvanlanmış, onların kitaba, kitab oxumağa marağını artırmağa hesablanmış bir veriliş nəyə görə əslində dolayısı ilə əcnəbi yazıçıların əsərlərinin reklamına xidmət etməlidi?"
Eyvaz Zeynalov
5-ci element
Oktyabrın 29-da təsadüfən ATV kanalında yayımlanan “5-ci element” adlı yeni televiziya verilişinə baxmalı oldum. Verilişin dörd nəfər aparıcısı, bir nəfər qonağı (kitabçı Nigar Köçərli) vardı.
Orda səsləndirilən fikirlərə inansaq, verilişin məqsədi, qayəsi azərbaycanlı oxucuda ədəbiyyata, kitaba, kitab oxumağa maraq, həvəs oyatmaqdan ibarətdi.
Qəribəsi oydu ki, qonaq qarışıq verilişdəkilərin hamısı ədəbiyyat adına əsasən xarici ədəbiyyatdan, əcnəbi yazıçılardan danışırdılar.
Sonda aparıcıların qonağa hədiyyə etdikləri kitablar da əcnəbi yazıçıların əsərləri oldu. Həm də, deyəsən, haçansa oxuduqları əsərlərin təzə çap olunmuş, hələ qatı açılmamış nüsxələriydi. Bəlkə də imzaladıb geri qaytarmaq şərtilə elə Nigar Köçərlinin öz kitab mağazasından gətirtmişdilər.
Sual olunur: Azərbaycan tamaşaçısına, oxucusuna ünvanlanmış, onların kitaba, kitab oxumağa marağını artırmağa hesablanmış bir veriliş nəyə görə əslində dolayısı ilə əcnəbi yazıçıların əsərlərinin reklamına xidmət etməlidi?
Məncə, heç olmasa, verilişin qayəsi, tamaşaçıların xatirinə axırda ortaya gələn hədiyyəlik kitablar Azərbaycan yazıçılarının kitabları olmalıydı.
Özü də klassik yazıçılarımızın deyil, müasir, çağdaş yazıçılarımızın kitabları.
Fikir vermişəm, televiziya kanallarımız da, naşirlərimiz də, kitab satışı ilə məşğul olanlarımız da hər zaman yalnız əcnəbi yazıçıların əsərlərini, kitablarını təbliğ edirlər.
Kitab mağazalarında ən geniş, ən gözəgəlimli yerlər onlara ayrılır. Öz yazıçılarımızın əsərlərini yaxına buraxmır, nisyə belə, götürüb satmırlar.
Könülsüz götürdüklərini də mağazada elə bir künc-bucağa atırlar ki, nəzərə çarpmır, gözə görünmür. İradını bildirəndə, deyirlər, oxucu istəsin, verək. Qəsdə durub istəyəndə isə hara qoyduqlarını özləri də axtarıb tapmırlar.
Belələrinə deyirəm, gəlin bir sınaq keçirək, əcnəbi yazıçılardan ən bərkgedənin təzə çıxan bir kitabını bizim yazıçıların dalda-bucaqda “gizlətdiyiniz” bir kitabı ilə yerini dəyişək, gözləyək.
Eyni nəticənin şahidi olacağıq. Baxmayaraq ki, o yazıçı ölkəmizdən kənarda bizim yazıçılarımızdan daha artıq tanınır.
Düzünü axtarsan, satıcılar nə bəsləyərək satdıqları əcnəbi yazıçıların, nə də bəyənmədikləri öz yazıçılarımızın kitablarının içindən xəbərdardırlar.
Sadəcə onlar millətimizin psixologiyasına yaxşı bələddirlər. Biz göz qabağında olana daha çox meylliyik.
Özümüz özümüzü niyə bəyənmir, özümüz özümüzə niyə sahib çıxmırıq, bizdə təəssübkeşlik hissi niyə bu qədər zəifdi, bütün bunlar hardan qaynaqlanır, bu ziyanlı ənənə haçanacan davam edəcək - bax, bunu bilmirəm.
Yeri gəlmişkən, müasir yazıçılarımızın, onların yazdıqları əsərlərin təbliğinə, tanıdılmasına, belə demək mümkünsə, “sapı özümüzdən olan tənqidçilərimiz də” laqeyddirlər.
Halbuki onların bu sahəyə fəal müdaxiləsi, yönəldici rolu daha böyük, daha faydalı olardı.
Müasir yazıçılarımızın əsərlərinin davamlı, planlı şəkildə təhlili, tədqiqi qənaətbəxş deyil. İstər ədəbiyyat institutundakı, istərsə də yerdə qalan alimlərimizin 90 faizi klassik ədəbiyyatla məşğuldu.
Məncə, bu da ondan irəli gəlir ki, təsdiqi təsdiq yeniyə düzgün qiymət verməkdən daha asandı.
Müasir yazıçılarımızın əsərlərinin oxunmamasında, satılmamasında, onlara qarşı göstərilən sayğısızlıqda özləri də günahkardırlar.
Bir-birinin yaradıcılığından xəbərsizdirlər. Bir-birinin kitablarını alıb oxumağı özlərinə sanki əskiklik sayırlar.
Bir-birinin əsərləri haqqında ondan-bundan, ucundan-qulağından eşitdiklərinə (əksər hallarda qərəzli) əsasən mühakimə yürüdürlər.
Əcnəbi yazıçıların uğurlu bir cümləsini isə tərifləməkdən, addımbaşı sitat gətirməkdən doymurlar.
Unudurlar ki, ədəbiyyatın meydanı başımızın üzərində saysız-hesabsız nəhəng ulduzların yerləşdiyi göylər qədər geniş, əngindi və orda hamıya yer çatır.
Bir az təəssübkeş, vətənpərvər olmalı, özümüz özümüzü də oxumalı, təbliğ etməliyik. Özümüzə qalan, bizi dünyada, az-çox, tanıdan, təmsil edən də onlardı.
Bütün dırnaqarası xeyirxahlığımızın, tolerantlığımızın əvəzində, o əcnəbi yazıçılar nə yaxamızdan orden-medal asası, nə də bizim yazıçıların əsərlərini öz ölkələrində təbliğ edəsidirlər.
Kim nə deyir, desin, bizim yazıçılar əcnəbi yazıçılardan əskik, pis yazmırlar. Gəlin, çoxumuzun bəyənmədiyimiz Mirzə Şəfini xatırlayaq. Bodenşted\ onu alman dilinə tərcümə edən kimi bütün dünyada yayıldı, qəbul olundu.
Əsərlərimizin dünyada tanına bilməməsində əsas maneə dil baryeridi. Bir də, yazıçılarımıza, həqiqi mənada, dövlət qayğısının olmamasıdır. Məgər gürcü, erməni yazıçıları bizdən güclüdü, yoxsa biz onlardan zəif yazırıq?
Yox, sadəcə, onların əsərləri artıq çoxdan dövlət tərəfindən xarici dillərdə mükəmməl şəkildə tərcümə və çap edilməkdədir.
Bizim dövlət səviyyəli Tərcümə mərkəzimiz isə hələ də əcnəbi yazıçıların əsərlərini bestseller adı altında oxuculara sırımaqla məşğuldur.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)