Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:38

Həyatımın nəşəsi


İllüstrasiya
İllüstrasiya

- "Allaha pay aparan bu boy-buxun hər dəfə həyatıma yeni nəşə gətirər, addımladıqca uzun ayaqları kimi aramla növbələşən əlləri də, əyninə az qala kip outran şıx paltosunun ön və arxada bölünmüş ətəkləri də “arxayın” sözünə ox işarəsi qoyardı."

Şövkət Ələkbərova

Həyatımın nəşəsi

Pəncərənin şüşəsindən dünyanın ən vacib mənzərəsinə dalmışdım. Küçə qapımızda onu qarşılayan qardaşımla əl verəndən sonra ora qədər olan yolun ortasında durub bu gəlişdən razı görünən o biri qardaşlarıma və qonşu oğlana da əl verdi.

Gözlərimin səkisində hündür, nisbətən arıq, ağappaq üzündə olmazın yaraşıq həkk olunmuş birisi böyük həyətimiz boyu qardaşlarıma qarışıb, addımlayır, addımlarının yerə dəydiyini belə, tuta bilmirdim.

Allaha pay aparan bu boy-buxun hər dəfə həyatıma yeni nəşə gətirər, addımladıqca uzun ayaqları kimi aramla növbələşən əlləri də, əyninə az qala kip outran şıx paltosunun ön və arxada bölünmüş ətəkləri də “arxayın” sözünə ox işarəsi qoyardı.

Qardaşlarımı duyuq salmamaq üçün bu dəfə də guya sadəcə həyətə göz gəzdirirmiş kimi əvvəl əks tərəfə, sonra həmin baxışlarını mənim yapışmış olduğum pəncərəyə tərəf axıtdı. Gözləri gözlərimə batdı çıxdı. “Sənə laqeyd deyiləm” təhərində ötdü də...

Özümə gələndə bir anlıq fikrimdən keçdi də: "Görəsən, mənə belə gəlmir ki?!"

Özümü dal həyətə açılan pəncərəyə çatdırmağa tələsdim. Yanlarına çatanda qonşu qızı bacılarımla danışırdı:

"Anası qızıl-brilyant al-veri edir, özü də kənar adamlarla. Ayaqları yerə dəymir, o heç bizi bəyənər?"

Pərdəni tərpətməyə qorxduğum üçün barmağımla onu balaca araladım. Dövrə vurub həyətin ortasında dayanmışdılar.

Deyəsən, siqaret qurtardığı üçün sonuncunu səxavətlə bölüşürdülər. Çəkib qurtardıqdan sonra həyətin məndən görünməyən tərəfinə yığışdılar.

Bir az ürəklənib pəncərədə otursam da, görünməmək üçün pərdəni dartıb, o tərəfimə bürüdüm. Arabir qardaşımın səsinin notları eşidilirdi. Onda nə illah etdimsə, onu nə gördüm, nə eşitdim.

Əslində onun səsini heç vaxt da eşitməmişdim. Güdə-güdə nə qədər nəfəs alıb-vermişdimsə, şüşəni buxar tutmuşdu.

Barmağımı uzadıb onun adını yazdım, oxudum. Açmağa qorxduğum pəncərəyə sirrimi açmışdım. Sirri əşyayla belə, bölüşəndə təsəlli imiş.

Həm təsəlli, həm də etibarlı. İndi də hərflərin şəffaf izlərindən boylana-boylana qaldım. Və…

Qonşudan qayıdanda qapımıza yaxınlaşmışdım ki, o həyətimizdən çıxıb arxasınca qapını örtdü. Üz-üzə gəlmişdik.

Axşamın qaranlığında yalnız ikimizdik. Nəhayət, istədiyimizi bir-birimizə dilimizlə deməyə imkan vardı. Bu anın əbədi donub qalması necə də mənə əl verərdi. Həyatımın təkcə bu andan ibarət ola biləcəyi fikrindən…

Böyük bacımın səsi idi. Məni çağırırdı. Adətən bu vaxtlar o, “Gətirin çantalarınızı, açın gündəliklərinizi, nəyi gözləyirsiniz” deyib dərslərimizə hazır olub-olmadığımızı yoxlayırdı.

Adətən hazırlıqlı olurdum, məndən qardaşıma şikayətə ehtiyac qalmırdı.

Elə vəziyyət cəmi bir dəfə olmuşdu, o da qulağıma elə zərblə vurmuşdu ki, qulağım uzun kəskin ağrı müddətində səs də vermişdi…

Pəncərədən düşüb, özümü anama çatdırdım. İxtiyarsız anamın köməyi təkcə bundan ibarət oldu:

“Endirib buralara gələn adam deyil bu, bala. Nəşə gətirir çəkirlər. Qonşu oğlanları da çəkdirib tərəfinə. Bu dəqiqə də dal həyətdə ötür-ötürdədirlər.”

Pərdəni çəkib onun adına baxdım. Hərflərin hər biri şüşənin sonuna qədər göz yaxşı axıtmış kimi iz qoymuşdu…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG