Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:02

Tilsim ilin sonuna qırılacaqmı?


Serzh Sarkisian və İlham Əliyev.
Serzh Sarkisian və İlham Əliyev.

-

«Yeni Müsavat» qəzeti yazır ki, Qarabağa dair sülh danışıqları üçün ən əlverişsiz illərdən biri - 2015 başa çatmaq üzrədir. «Hər şeydən göründüyü kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri – James Warlick (ABŞ), Pierre Andrieu (Fransa), Igor Popov (Rusiya) bunun daha çox fərqindədirlər. Odur ki, onların regiona təzəcə başa çatan səfəri də böyük ehtimalla bu ili, heç olmasa, simvolik uğuru ehtiva edən akkordla başa vurmağa, «qaloçka» qoymağa hesablanmışdı.

Bundan ötrü isə bir ildən çoxdur görüşməyən Azərbaycan və Ermənistan prezidentlərini, heç olmasa, 2015-ci ilin sonunadək bir araya gəlməyin zəruriliyinə inandırmaq səyləri göstərilir. Alınacaqmı?».

Qəzet yazır ki, həmsədrlər Azərbaycanda rəsmi Bakının gözləmədikləri sərt ritorikası ilə üzləşib: «Bu və digər səbəbdən siyasi şərhçilər ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşməyəcəyini ehtimal edirlər».

Qəzet onu da qeyd edir ki, Rusiya Dağlıq Qarabağ problemini nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə həll eləməyə hazırlaşır. Təkcə ona görə yox ki, hazırda şimal qonşumuzun başı ayrı münaqişə bölgələrinə qarışıb, həm də və ən əsası o səbəbə ki, Kreml hələ də SSRİ-ni hansısa formada bərpa etmək planlarından əl çəkməyib.

Putin-in Avrasiya layihələri məhz buna hesablanıb. Qarabağ konfliktinin həlli isə avtomatik şəkildə və birdən-birə iki Güney Qafqaz respublikasını Moskvadan uzaqlaşdıracaq, Kremlin regionla bağlı maraqları da, Avrasiya planları da ciddi zərbə alacaq. Bəzi təhlilçilərə görə, Rusiya konfliktin həllini, - o da simvolik formada - Azərbaycanla Ermənistanın Avrasiya İttifaqında təmsil olunmasında görür. Simvolik həll isə - həll deyil, ən yaxşı halda problemi qeyri-müəyyən müddətə dondurmaqdır.

MTN
MTN

PROKURORLUĞUN MTN SINAĞI

«Azadlıq» qəzeti MTN-lə bağlı istintaqın necə aparılacağına, obyektiv olub-olmayacağına diqqət çəkir.

Qəzet yazır ki, Azərbaycanda prokurorluq həmişə MTN-dən çəkinib: «Bu sahə üzrə ekspertlər də etiraf edirlər ki, prokurorluq MTN-dən qorxur, bu qurumun hər hansı qanunsuz əməllərinə həmişə göz yumur.

Yəqin ki, 10 il əvvəl ölkə gündəmini zəbt etmiş «Qara kəmər» əməliyyatı hamının yadındadır. Həmin vaxt Hacı Məmmədova qarşı ağlagəlməz ittihamlar irəli sürüldü, bu adamın başçılıq etdiyi dəstənin saysız-hesabsız qətllər törətməsi üzə çıxdı. Həmin hadisələrdə prokurorluğun indiki rəhbərliyinin də adı hallanırdı. Amma sonrakı mərhələdə bu adamların üzərindən şübhələr götürüldü. O vaxt da ölkə başçısı Ilham Əliyev obyektiv araşdırılma aparılacağını söyləyirdi və bütün qaranlıq məqamların aydınlanmasında israrlı görünürdü. Amma bütün cinayət əməlləri Hacı Məmmədovun simasında məhdudlaşdırıldı və onun həbsiylə də yekunlaşdı.

Yəni, adı hallanan prokurorluq əməkdaşlarından heç kim məsuliyyətə cəlb olunmadı və bu məlumatlara ciddi reaksiya verilmədi. Bəzi ehtimallara görə, MTN-də həmin şəxslər haqqında müəyyən kompromatlar olub. Ötən müddət ərzində prokurorluğun rəhbərliyi dəyişməz qalıb. Deməli, bu adamlar haqqında MTN-də hansısa ilginc məlumatların olması ehtimal edilə bilər. Ən azı belə bir şübhə var.

İndiki halda isə MTN-in rəhbərliyində təmsil olunan şəxslərin istintaqını eyni adamlar aparır. Şübhələrə istinad etsək, istintaq aparanların istintaq altında olanların yanında gözükölgəliliyi, diligödəkliyi var.

Belə bir vəziyyətdə istintaqdan obyektiv araşdırma gözləmək, həqiqətin tam çılpaqlığı ilə üzə çıxacağına ümid etmək olarmı?».

Elza Seyidcahan
Elza Seyidcahan

ELZA SEYİDCAHAN: «SEÇKİDƏ ÇOX BÖYÜK SAXTAKARLIQLAR OLDU»

«Bugünkü seçkilərdə çox böyük saxtakarlıqlar oldu. Səsverməyə gələn bir nəfər qutuya 5, digəri isə 10 seçki bülleteni atdı. Din xadimləri gördüm ki, barmaqlarına boya vurmadılar ki, dəstəmaz almışıq».

Bunu cebhe.info portalına 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd, müğənni Elza Seyidcahan bildirib. Azərbaycan qanunlarına inandığını deyən müğənni səsvermə zamanı aşkarladığı qanun pozuntularının MSK tərəfindən araşdırılacağına əmin olduğunu söyləyib: «Məntəqələrdə mənim müşahidəçilərimə təzyiqlər edildi. Hətta onlara rüşvət təklif olundu. Çox nöqsanlar oldu. Amma hamısını açıqlamaq istəmirəm. Bütün saxtakarlıqları qeyd etmişəm. Buna baxmayaraq, məntəqə sədrləri baş verən nöqsanlara göz yumdu. İnanıram ki, bu saxtakarlıqlar araşdırılacaq. Mən MSK-dan xahiş edəcəyəm ki, bülletenlər orada sayılsın və bu böyük qanun pozuntusu aradan qaldırılsın. MSK qanun pozuntuları barədə ölçü götürəcək, necə ki, mənim imzalarımı saxtalaşdırmışdılar. Əks halda, bəstəkar və incəsənət xadimi kimi yaradıcılığımdan çox sınacağam. Şabran-Siyəzən camaatı deyirdi ki, biz sizə səs verəcəyik, amma qutudan Tahir Süleymanovun səsi çıxacaq. Elə də oldu».

Müğənni onu deyib ki, təbliğat-təşviqat kampaniyası dövründə ona bir neçə dəfə sui-qəsd hazırlanıb: «Məni bir ay ərzində ancaq izləyiblər. Bütün avtomobillər məni izlədiyi üçün bir neçə dəfə az qala maşın altına düşüm. Dəfələrlə qəzalardan sovuşmuşam».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG