Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:31

Rus qadınları Ayda


Astronavt Ayda.
Astronavt Ayda.

-

6 rus qadını oktyabrın 28-də kosmik gəminin maketinə minərək Aya... uçmasalar da, Aya səfər zamanı hərəkətlərin koordinasiyası istiqamətində unikal təcrübəni sınaqdan keçirməyə başlayıblar.

8 gün ərzində həmin könüllülər Rusiya Elmlər Akademiyasının Tibbi-bioloji problemlər institutunda ağac-panel konstruksiyalı otaqlarda qalacaqlar. Bu institut kosmik uçuş sahəsində qeyri-adi fiziki və psixoloji eksperimentləri ilə məşhurdur.

İnstitut2010-cu ildə Marsa uçuşu imitasiya etmək üçün beynəlxalq heyətdən ibarət 6 könüllü kişini 520 gün izolyasiyada saxlamışdı.

QADINLAR AYDA ÖZÜNÜ NECƏ APARACAQ

Eksperimentin rəhbəri Sergei Ponamaryov deyir ki, bu cür eksperimentdə qadınlardan ibarət heyət birinci dəfədir iştirak edir. Onun sözlərinə görə, qadın heyətin uzaq yolda münasibəti, davranışı maraqlıdır.

«Bu, xüsusilə psixoloji baxımından maraqlı eksperiment olacaq» – bunu isə institutun direktoru Igor Ushakov deyir. «Bir mətbəxdə iki qadının çətin yola getməsinə baxmayaraq, mən onlara mübahisələrinin olmamasını arzulayıram» – deyə o, əlavə edir.

Könüllülər arasında elmi araşdırmaçılar, həkim və psixoloq da var.

İmitasiya 10 eksperiment vasitəsilə həyata keçiriləcək.

Eksperimentdə institutun 22-34 yaş arasında qadın əməkdaşları iştirak edir. Test müddətində - Ay planetinə və geriyə uçuş zamanı qadın psixologiyası və biologiyası tədqiq ediləcək. Layihə rəhbərləri bu cür səfərdə qadın orqanizmində hansı fizioloji dəyişikliklərinbaş verdiyini öyrənməkdə maraqlıdırlar. Eləcə də ətraf mühitdən təcrid zamanı qadın kollektivindəki psixoloji münasibətlərin xüsusiyyətlərini də araşdırmaq fikrindədirlər.

TERESHKOVA, SEROVA... SIRADA KİM VAR?

İlk dəfə qadını kosmosa Rusiya göndərib. 1963-cü ildə Valentina Tereshkova kosmik fəzaya uçub. Amma sonralar bu sahədə geriləmələr olub. Keçən il 4-cü qadın kosmonavt- Elena Serova kosmosa göndərilib.

Serova medianın hər şeylə maraqlanmasından şikayətlənirdi. Məsələn, jurnalistlər maraqlanırdılar ki, Serova kosmosda saçlarını necə yuyacaq. Adətən kişi kosmonavtların belə çətinlikləri olmur.

Sergei Ponamaryov axırıncı eksperimentə bu yolda itirilmişlərin qaytarılması kimi baxır.

«Beynəlxalq Kosmik Stansiyada heç vaxt yalnız qadınlardan ibarət ekipaj olmayıb. Biz hesab edirik ki, fəzanın gələcəyi kişilərə və qadınlara eyni dərəcədə məxsusdur. Təəssüf ki, son vaxtlar biz bu sahədə geridə qalmışıq, yəni kosmosda qadınlarımız çox olmayıb», - deyir Ponamaryov.

MAKİYAJ QADAĞANDIR

Mətbuat konfransında bu qadınların kişilərsiz və makiyajsız necə keçinəcəkləri barədə bəzi suallar da verilib. İştirakçılardan biri – Daria Komissarova «Biz makiyajsız da çox gözəlik» – deyib.

Onun həmkarı Anna Kussmaul isə belə cavab verib: «Biz iş başındayıq. İşləyərkən nə kişilər, nə də qadınlar barədə fikirləşirsən».

QADINLAR DUŞ DA QƏBUL EDƏ BİLMƏYƏCƏKLƏR

Kosmik stansiyada qadınlar çimə də bilməyəcəklər, onlar ancaq nəm salfetlərdən istifadə edəcəklər.

Könüllülər gün ərzində asudə vaxtlarının 1 saatını filmləri seyr etməyə, qiraətə və stolüstü oyunlara ayırmaq fikrindədirlər.

Komandanın lideri Elena Luchitskaya qadınların bütün mümkün konfliktlərin öhdəsindən gələcəyinə inandığını deyir.

«Mən əminəm ki, bunun üçün bizim lazımi təhsilimiz, şəxsi keyfiyyətlərimiz və nəhayət, tərbiyəmiz var. Elə bir «uzaq məkan»da bizi nəyinsə parçalaya biləcəyini təsəvvür etmirəm», - Luchitskaya əlavə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG