Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Moskvada kitabxanaçı etnik nifrəti qızışdırmaqda günahlandırılır


Natalia Sharina
Natalia Sharina

-

Moskvada Ukrayna Ədəbiyyatı Kitabxanasının rəhbəri «etnik nifrətə təhrik etmək» ittihamı ilə saxlanılıb, «ekstremist» kitablar müsadirə olunub.

Təhqiqat Komitəsinin sözçüsü Vladimir Markin oktyabrın 29-da deyib ki, məhkəmə qərarına əsasən Natalia Sharina saxlanılıb. O, Ukraynanın radikal millətçisi Dmytro Korchynsky-nin 2011 və 2015-ci illərdə çap edilmiş və Rusiyada qadağan olunmuş kitablarını dövriyyəyə buraxıb.

Polis oktyabrın 28-də kitabxanada uzun müddət axtarış edib, 170-ə qədər kitab müsadirə edilib. Sharina-nın da, Moskvadakı Ukrayna diasporunun rəhbəri Valery Semenenko-nun evində axtarış aparılıb.

5 İLLİK HƏBS

İttiham təsdiqini taparsa, Sharina 5 illik həbslə üzləşə bilər.

Bundan əvvəl Rusiya Ukrayna hərbçisi Nadia Savchenko-ya qarşı cinayət işi qaldırıb və hazırda məhkəməsi gedir. O, 2014-cü ildə Ukraynanın şərqindəki döyüşlərdə iki rusiyalı jurnalistin ölümündə təqsirləndirilir.

Ukraynanın Mədəniyyət Nazirliyi Sharina-nın təcili azadlığa buraxılmasını, reydləri Rusiya Federasiyasındakı etnik azlıq olan ukraynalılara qarşı döyüş kimi təsvir edib.

Reydlər Moskvanın Yakimanka rayonunun bələdiyyə deputatı Dmitry Zakharov-un müraciətindən sonraya təsadüf edib.

«Qovorit Moskva» radiosuna müsahibəsində Dmitry Zakharov deyib ki, «kitabxanada ekstremist materiallar olması ilə bağlı məlumatlar var… Mən hökumətə müraciət edirəm».

Ukrayna Ədəbiyyatı Kitabxanası.
Ukrayna Ədəbiyyatı Kitabxanası.

«UKRAYNA ŞƏRƏFİNƏ, QƏHRƏMANLARIMIZ ŞƏRƏFİNƏ»

Dmitry Zakharov sosial şəbəkədəki səhifəsində müsadirə olunmuş materiallardan birinin şəklini paylaşıb. Həmin şəkildə ukraynalı uşaqlar əllərində «Ukrayna şərəfinə, Qəhrəmanlarımız şərəfinə» sözləri yazılmış şüarlar tutublar. Belə bir rəsmin əks olunduğu nəşr Rusiyada qadağan olunmuş kitablar arasında yoxdur.

Zakharov-un yaydığı fotodakı materialda Rusiyada qadağan edilmiş Ukraynanın ifrat sağçı təşkilatının qırmızı-qara bayrağının rəsmi var.

Bundan başqa Zakharov-un paylaşdığı fotoda Stepan Bandera-nın müsadirə olunmuş kitabı da var. Stepan Bandera faşist Almaniyası ilə bağlı materialları toplayan ukraynalı millətçidir.

«ANTİRUSİYA TƏBLİĞATI OLAN KİTABLAR»

Təhqiqat Komitənin yaydığı bəyanatda bu kitablar «anti-Rusiya təbliğatı» hesab olunur.

Dmytro Korchynsky 2005-ci ildə Kreml dəstəkçisi «Nashi» gənclər qrupundan Rusiyada mühazirə oxumaq üçün dəvət alıb. O, 2014-cü ildə Ukraynada «Maydan» hərəkatının dəstəkçilərindən biri olub. Korchynsky-nin Ukraynanın şərqində Rusiyameylli separatçılara qarşı döyüşlərdə iştirak etdiyi bildirilir. Bundan sonra Rusiya Korchynsky-ni terrorçularla əlaqədə günahlandıraraq ona qarşı cinayət işi açıb.

Oktyabrın 28-də Moskvada evi axtarılan Ukrayna diasporunun rəhbəri Valery Semenenko AzadlıqRadiosuna deyir ki, o, mənzilinin araşdırılmasından narahat olub: «Evimin altını üstünə çevirdilər. Onlar qətiyyən ədəbiyyat üzrə mütəxəssis deyillər». Onun sözlərinə görə, gələnlər kitabları, qızının xatirələrini, həyat yoldaşının noutbukunu götürüblər.

Semenenko-ya və Ukrayna Ədəbiyyatı Kitabxanasına qarşı 2010-cu ildə də cinayət işi açılıb, kitabxanada ekstremist nəşrlərlə bağlı axtarış aparılıb. 2011-ci ildə bu ittihamla bağlı istintaq dayandırılmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG