-
«Azadlıq» qəzeti yazır:
«Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidə sökülüb. Bu barədə Naxçıvanda yaşayan jurnalist, ictimai fəal Həkimeldostu Mehdiyev sosial şəbəkədə yazıb.
Onun dediyinə görə, Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin heykəlinin başına ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər».
«MTN İŞİ» ELMAR HÜSEYNOVUN QƏTLİNİ AÇA BİLƏR
«Yeni Müsavat» yazır ki, MTN-dəki «təmizləmələr» Elmar Hüseynovun qətlinin açılmasına təkan verə bilər:
«E.Hüseynovun qətlindən sonra qətlin icraçıları və təşkilatçısı haqda mediada dərc olunan yazılarda qətlin təşkilatçısı kimi bir neçə gün əvvəl işdən çıxarılan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun adı hallanıb.
Konkret olaraq 2010-cu ilin yayında həbsdə olan jurnalist Eynulla Fətullayev media orqanlarına müraciətində qətlin A.Çovdarov tərəfindən təşkil olunduğunu bildirib», - deyilir yazıda.
«Qanun» nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu A.Çovdarovun adının baş redaktorun qətlində hallandığını, versiyalardan biri kimi qətlin təşkilatçılarından birinin onun olduğunu söylədi: «Hər halda, indi elə məqam gəlib ki, bu iş dərindən araşdırılsın. Bildiyim odur ki, MTN Elmarın işini dondurub. Yəni MTN işin araşdırılmasında maraqlı deyildi, işin açılmasında həvəsli görünmürdü. Ola bilər ki, yeni rəhbərlik işin açılmasında maraqlı olsun. Arxivlərə atılmış işləri qaldıracaq və günahkar şəxslərin üzə çıxmasına şərait yaradacaq».
DEMOKRATİK SEÇKİLƏR ÜÇÜN BÜTÜN ŞƏRAİT YARADILIB
«Azərbaycan parlament seçkilərinə tam hazırdır. Seçkilərin demokratik, ədalətli və tam şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb», - «Azərbaycan» qəzetində oxuyuruq. «Seçkilərə qatılan əksər müxalifət partiyaları bu günə qədər yaradılan şəraitdən heç bir narazılıq bildirməyiblər».
Qəzet kampaniyanın başa çatmasına 2 gün qalmış Müsavat Partiyasının seçkilərdə iştirak etməmək qərarına da münasibət bildirib: «Hər şey göz önündədir. Əgər partiyanın seçkilərə qatılmaq fikri olmasaydı, heç imza toplayıb qeydiyyat proseduru keçmədən və təbliğat-təşviqat prosesinə qatılmadan öncə bəyanat yayardı. Hər kəsə əvvəlcədən bəlli olardı ki, bu partiya parlament seçkilərinə qatılmayacaq. Göründüyü kimi, Müsavat Partiyasının rəhbərliyi yenə də pərən-pərən düşmüş kiçik elektoratını ələ saldı. İkibaşlı oyun oynayaraq növbəti dəfə qeyri-ciddi siyasi təşkilat olduğunu sübut etdi... Namizədlərinin seçicilər arasında nüfuzu, dəstəyi olmadığını görən partiya seçkilərdə biabır olmamaq üçün yenə «sığortalanmağı» üstün tutdu. Eyni zamanda uğur qazana bilməyəcəyini görən bu siyasi qurum indidən seçkilərin nəticələrinə kölgə salmağa başladı».
YENİ İLDƏ BU ÖLKƏLƏRƏ ÇOX UCUZ QİYMƏTƏ GEDƏ BİLƏRSİNİZ
ANS yazır ki, Avropanın ən ucuz 10 şəhər turunun adı açıqlanıb.
Araşdırmalar göstərir ki, azərbaycanlılar Yeni il bayramını Dubayda, Avropa ölkələrindən Fransa, İtaliya, Çexiyada qarşılamağa daha çox üstünlük verirlər. Bu il Avropanın ən ucuz 10 şəhər turu isə bunlardır. Xərclər şəhər daxilində 3-ulduzlu bir oteldə 2 gecə qalmaq, iki nəfərlik axşam yeməyi, içkilər və şəhər turu əsasında hesablanıb:
Strasburq (Fransa) - 260 dollar.
Krakov (Polşa) - 225 dollar.
Lissabon (Portuqaliya) - 220 dollar.
Praqa (Çexiya) - 218 dollar.
Dubrovnik (Xorvatiya) - 215 dollar.
Afina (Yunanıstan) - 205 dollar.
Riqa (Latviya) - 186 dollar.
Budapeşt (Macarıstan) - 184 dollar
Vilnüs (Litva) - 155 dollar.
Avropanın ən bahalı şəhər turları, ən bahalı şəhərləri isə Stokholm, Amsterdam, Roma, Kopenhagen, London və Parisdir.