Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

ELS-in «exit-poll»unu Trend maliyyələşdirəcək


«Exit-poll».
«Exit-poll».

-

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin keçirəcəyi «exit-poll»u (çıxışda sorğu) «Trend» İnformasiya Agentliyi maliyyələşdirəcək. Bu barədə Mərkəzin rəhbəri İradə Yaqubova oktyabrın 28-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Bununla bağlı APA-nın yaydığı məlumatda qeyd edilir ki, «ELS» Müstəqil Araşdırmalar Mərkəzi ilə «Trend» İnformasiya Agentliyi arasında müqavilə imzalanıb. «Exit-poll»un təşkili üçün 33 min manat vəsait ayrılıb.
İ.Yaqubova noyabrın 1-də 118 seçki dairəsi üzrə 1180 seçki məntəqəsində «exit-poll» keçirəcəklərini açıqlayıb: «Naxçıvan Muxtar Respublikası istisna olmaqla «exit-poll» Azərbaycanın bütün rayonlarını əhatə edəcək».

«ELS» Müstəqil Araşdırmalar Mərkəzinin sədri bildirib ki, hazırda «exit-poll» keçirəcək kadrların təlimləri başa çatıb. Oktyabrın 28-dən etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayacaq. Onun sözlərinə görə, «exit-poll»un keçirilməsinə 2600-ə qədər kadr cəlb olunacaq. Kadrlar könüllülük prinsipləri ilə fəaliyyət göstərəcəklər. İ.Yaqubova deyib ki, «exit-poll»un nəticələri saat 20:00-a qədər açıqlanacaq.

«EXIT-POLL» ƏNƏNƏSİ

Azərbaycanda 1 noyabr parlament seçkilərində 4 təşkilat «exit-poll» keçirməlidir. Bunlar «ELS» Müstəqil Araşdırmalar Mərkəzindən başqa, «Rəy» Monitorinq Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasıdır.

Azərbaycanda «exit-poll» ənənəsi 2005-ci il parlament seçkilərində qoyulub. Ancaq Azərbaycanda «exit-poll» keçirən təşkilatlar bir qayda olaraq indiyə kimi maliyyə mənbələrini ictimaiyyətə tam açıqlamayıblar. Bu da cəmiyyətdə müəyyən suallar doğurub.

Xüsusilə də 2005-ci ildə «Renaissance Associates» şirkətinin təşkil etdiyi Mitofsky «exit-poll»unu çoxları hələ də unutmayıb. Mitofsky ölümündən əvvəl yazdığı xatirələrində sifarişçilərin «exit-poll» nəticələrini saxtalaşdırmağa cəhd göstərdiyini vurğulayırdı.

2013-cü ildə Azərbaycanda prezident seçkisi zamanı «exit-poll»u ABŞ-ın «Arthur J.Finkelstein&Associates» (AJF) şirkəti aparmışdı. Adıçəkilən şirkət bu işi «APA Holding»in sifarişi və tərəfdaşlığı ilə həyata keçirdi. Ancaq onda da maliyyə mənbələr açıqlanmadı.

İndi isə maliyyə mənbəyi göstərilsə də, prosesdə iştirak edəcək könüllülər amili bəzilərinə şübhəli görünür.

XS
SM
MD
LG