Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:35

Nazirlərin təmizlənməsi prosesi davam edəcək


Əyyub Kərimov
Əyyub Kərimov

-

Oktyabrın 28-də mətbuat yenə MTN ətrafında baş verənləri diqqət mərkəzində saxlayır. «Azadlıq» qəzetinin hüquqşünas Əyyub Kərimovla müsahibəsində də bu yöndə suallara cavab axtarılır:

«Heydər Əliyevin dövründə keçirilən ümumi iclasda vəzifəli şəxsin tutduğu postdan nəyə görə uzaqlaşdırıldığı elan olunurdu. İlham Əliyevin hakimiyyətinin ilk illərində də buna riayət edilib. Amma bu dəfə bu baş vermədi. Sərəncam verildi və həmin sənəddə də Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasının səbəbi göstərilmədi. Halbuki 10 il əvvəl Əli İnsanov və Fərhad Əliyev vəzifəsindən azad olunub, həbs edildikdə telesüjetlər, zəhmətkeş məktubları gündəmdən düşmürdü. Amma bu dəfə dövlət televiziyası susmağa üstünlük verdi. Digər tərəfdən, Baş Prokurorluğun özü də ətrafa heç bir məlumat verməyən, əksinə, şayiələrə yol açan açıqlama ilə çıxış etdi. On il əvvəl keçirilən nazir həbslərində onlara qarşı «vətənə xəyanət» maddəsi qoyulmuşdu. Sonradan həmin ittihamlar özünü doğrultmadı və sadəcə onların fəaliyyəti yoxlanıldı. Burada əsas cavab verilməli suallardan biri Eldar Mahmudovun fəaliyyəti ilə kimə xəyanət etdiyidir. O kimə xəyanət edib? Sahibkarlara, dövlət başçısına, yoxsa özünə? Hər şey buradan başlayır».

Əyyub Kərimov «hökumətdəki nazirlərin təmizləmə prosesinin davamı olacaq» deyib: «Hazırda bu xətlə əlaqədar balans pozulub. Vəzifədən uzaqlaşdırılanların, taleyi ipdən asılı olanların bütün nazirliklərdə təmsilçiləri var. Onlar hamısı çıxarılmalıdır. Vergilər Nazirliyində yüksək post tutan Vidadi Məmmədov işdən azad edildi. Vergilərdə istənilən sahibkarla bağlı məlumat gələndə məhz Vidadi Məmmədovun rəhbərlik etdiyi Tədqiqat Departamenti araşdırırdı. Vidadi Məmmədov bu postu kiminsə hesabına tutmuşdu? Son on il ərzində MTN-dən xeyli professional öz ərizəsi ilə kənarlaşmışdı. Onlar geri qayıdacaqmı? Ona görə düşünürəm ki, MTN-in rəhbəri postuna elə bir adam gətirilməlidir ki, onun namizədliyi ilə bağlı heç bir sual olmasın. Bu fiqur gözlənilməz olsa da belə, həm də bir şəxsiyyət olmalıdır. Məsələn, İlyas İsmayılov… Mənim Mədət Quliyevə qarşı heç bir şəxsi qərəzim yoxdur. Amma hesab edirəm ki, Mədət Quliyev istəsə də belə MTN-də nəyisə dəyişmək gücündə deyil. Unutmayaq ki, Mədət Quliyev əvvəlki postunda çox dəhşətli xəta buraxıb. Hələ də Lamiyənin uşağı qapalı sistemdə necə dünyaya gətirdiyi bilinmir. O sistemin rəhbəri kimi Mədət Quliyevin bu səhvi çox ciddi nöqsan idi».

Alyaksandr Lukashenka və İlham Əliyev
Alyaksandr Lukashenka və İlham Əliyev

AZƏRBAYCAN ÜÇÜN «BELARUS MODELİ»

«Azərbaycan üçün «Belarus modeli»- Qərb stereotipləri dəyişir». «Yeni Müsavat»ın məqaləsi belə adlanır.

Qəzet yazır ki, Belarusa münasibətin yumşalması Qərbin Azərbaycanla bağlı strategiyaya da düzəliş edə biləcəyi ehtimalını artırır: «Azərbaycanda 1 noyabr seçkilərindən sonra həm Qərb, həm də rəsmi Bakı bölgədəki yeni situasiyanın və şərtlərin diktəsi altında qarşılıqlı münasibətlər strategiyasına düzəliş etmək zorundadır, əks halda qazanan yalnız Rusiya olacaq.

Belə bir taktika artıq Belarusa münasibətdə özünü göstərməkdədir. O da diqqətçəkicidir ki, AB-nin Minsk üzərindən sanksiyaları götürmək istəyindən əvvəl prezident Alyaksandr Lukashenka ölkədəki siyasi məhbusları azad edib. Bununla da demokratiya paytaxtlarının ona qarşı loyal addımlar atmasına zəmin yaradıb. Hərçənd, ölkədə iki həftə öncə keçirilən prezident seçkiləri əvvəlkilərdən ciddi fərqlənməyib, beynəlxalq standartlara uyğun olmayıb.

Bir daha aydın olur ki, Qərbin Belarusa münasibətdə strategiyanı dəyişmək zərurətini digər amillər diktə edir».

Qəzet hesab edir ki, Belarusu Azərbaycandan fərqləndirən mühüm özəlliklərdən biri orada siyasi məhbus probleminin faktiki aradan qalxmasıdırsa, digər özəllik Belarusda korrupsiya-rüşvətin hətta AB-nin bəzi üzv ölkələrindən (Bolqarıstan, Macarıstan, Rumıniya) da aşağı səviyyədə olmasıdır. «...rəsmi Bakının ikicə addımı kifayətdir ki, bu söz-söhbətlər aradan qalxsın və qarşılığında dərhal Qərbin dəstəyini görsün. Bunlar siyasi məhbusların tezliklə azad edilməsi və ölkədə minimum səviyyədə, heç olmasa, Belarusdakı kimi iqtisadi-biznes azadlıqlarına təminat verilməsidir.

Prezident İlham Əliyevin sahibkarlığa dəstək yönündə göstərdiyi qətiyyət bu yöndə ümidlər yaradır. İstisna deyil ki, siyasi dustaqlar məsələsində də hakimiyyət nəhayət, gözlənilən dönüşü etsin və bu ağır, Azərbaycana da, Qərbə də, hakimiyyətin özünə də gərək olmayan köhnə «yükdən» azad olsun», - qəzet yazır.

Ağdamda tikiş fabriki
Ağdamda tikiş fabriki

REGİONLAR İNKİŞAF EDİR

«Azərbaycan» qəzetində oxuyuruq: «Regionlar dəyişir, inkişaf edir».

«Dövlət son 10 ildə regionların sosial-iqtisadi inkişafı üçün milyardlarla manat vəsait sərf edib: birinci proqramın yerinə yetirilməsi dövründə çoxsaylı sosial-iqtisadi layihələrin həyata keçirilməsi üçün 6.8 milyard manat həcmində investisiya qoyulub. İkinci Dövlət Proqramı çərçivəsində isə 14.5 milyard manat vəsait xərclənib. Bu faktlar dövlətin regionların inkişafında nə dərəcədə maraqlı olduğunu aydın şəkildə sübut edir», - deyilir məqalədə.

Qəzet daha sonra yazır ki, regionların sosial-iqtisadi inkişafını dövlət proqramlarının qəbulundan ötən 10 il ərzində ölkə üzrə yaradılan 1 milyon 100 mindən çox yeni iş yerinin 700 mininin bölgələrin payına düşməsi də göstərir: «Bu iş yerləri isə həm də minlərlə sənaye, emal, kənd təsərrüfatı müəssisələri, xidmət obyektləri deməkdir. Ümumiyyətlə, dövlət proqramlarının icra olunduğu 10 il ərzində (2004-2013-cü illərdə) ölkədə ümumi daxili məhsul 3.2, o cümlədən qeyri-neft sektoru 2.6, sənaye 2.7, kənd təsərrüfatı 1.5, əhalinin gəlirləri 6.5, orta aylıq əməkhaqqı 5.5 dəfə artıb. Bu müddətdə 55.6 min müəssisə yaradılıb, işsizlik 5, yoxsulluq səviyyəsi 5.3 faizə enib».

İp
İp

AZƏRBAYCANDA İNTİHARLAR YENİDƏN VÜSƏT ALIB

«Bizim Yol» bu problemi gündəmə gətirib.

Psixoloq Azad İsazadə qəzetə açıqlamasında gənclərin intihara əl atmasının bir səbəbi kimi maksimalist düşüncəni göstərir: «Bu yaşda insan maksimalist olduğuna görə, onun üçün hər bir uğursuzluq və ya həyata keçirilməyən arzu «həyat bitdi» kimi qəbul olunur. Elə başa düşürlər ki, artıq həyatda heç bir uğur əldə edə bilməyəcəyəm və s. Bu yaşda gənclərlə bir az ehtiyatlı davranmaq lazımdır».

Deputat Musa Quliyev deyib ki, nə qədər intihar varsa, o qədər də səbəbləri var: «Bunların hamısını ümumiləşdirib sırf sosial-iqtisadi problemlərə bağlamaq yanlışdır. Araşdırmalar göstərir ki, iqtisadi problemlər səbəbindən baş verən intiharlar ən axırıncı yerlərdən birindədir. Əsas səbəblər psixoloji problemlər, depressiya və insanın öz arzularını reallaşdıra bilməməsidir. İntihar fiziki və psixi cəhətdən tam sağlam olan insanın işi deyil. İntihar edənlərin əksəriyyəti özünə qapanmış insanlardır. İnsan öz dərdini, problemini digərlər ilə bölüşdükcə, həlli yolları mütləq tapılacaq. Müşahidələr göstərir ki, bir çox hallarda ailə üzvləri depressiyada olan insana kömək etmək əvəzinə, onun üstünə gedirlər. Bu da özlüyündə intihara gətirib çıxarır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG