-
Bu günlərdə dünyasını dəyişən Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanovanın xatirəsi Musiqili Teatrda yad edilib.
Teatrınmətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, Üzeyir Hacıbəylinin «Ər və arvad» tamaşasının budəfəki nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub.
Tamaşada rollarıGülnar xanımın həmkarları-İlham Namiq Kamal, Fatma Mahmudova, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa ediblər.
«Tamaşa boyu elə bilirdik ki, uzun illər səhnəni bölüşdüyümüz aktrisamızın ruhu da bizimlə burda – bu səhnədə, bu zaldadır», - deyə Fatma Mahmudova bildirib.
Gülnar Salmanova 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət Institutunun «Musiqili komediya aktyorluğu» fakültəsini bitirib.
Elə həmin ildən Musiqili Komediya Teatrında çalışıb.
Aparıcı səhnə ustası olub. Güclü və soprano səsə malik idi.
Əsasən «Subretka» ampluasında çıxış edirdi.
«50 yaşında cavan» tamaşasındakı Gülnaz, «Beş manatlıq gəlin»də Naznaz, «Özümüz bilərik»də Ceyran, «Subaylarınızdan görəsiniz»də Çarliston, «Bankir adaxlı»da Maral, «Məhəbbət oyunu»nda Ceyran, «Aldın payını, çağır dayını» tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib.
Gülnar Salmanova 2001-ci ildə «Azərbaycan Respublikasının Əməkdar artisti» fəxri adına layiq görülüb.
2015-ci ildən Prezident mükafatçısı idi.