Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:57

Etiraz etdi, hakimi dəyişdilər


Hakim.
Hakim.

-

Azərbaycanda fəaliyyət göstərən «Nikoil Bank»ın hüquqşünas Əkrəm Həsənova qarşı iddiasına əsasən keçirilən məhkəmə prosesində müdafiə tərəfinin etirazı qəbul olunub. Prosesə artıq hakim Zəfər Quliyev sədrlik etmir.

Bu barədə qərar Yasamal rayon Məhkəməsində oktyabrın 27-də keçirilən prosesdə elan olunub.

İndi prosesə məhkəmənin digər hakimi – Sərdar Mehralıyev sədrlik edir.

BANK 35 MİN MANAT TƏLƏB EDİR

«Nikoil Bank»ın qaldırdığı iddia üzrə proses oktyabrın 12-də başlayıb. Bank Əkrəm Həsənovdan və aznews.az portalından 35 min manat kompensasiya tələb edir.

Bank iddia edir ki, Əkrəm Həsənov avqustun 24-də «Facebook»da «Əmanətimi hansı banka qoyum?» adlı paylaşımda işgüzar nüfuzunu ləkələyərək, ona zərər vurub. Yazıdan sonra əmanətçilər bankdan pullarını geri götürüblər.

Ötən prosesdə Əkrəm Həsənov bildirib ki, prosesə sədrlik edən hakim Zəfər Quliyev «Nikoil Bank»dan 50 min manat ipoteka krediti götürüb, buna görə də işi obyektiv apara bilməz.

Hüquqşünasın bu etirazı qəbul olunub.

«İŞ DİGƏR RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLSİN»

Oktyabrın 27-də hakim Sərdar Mehralıyevin sədrliyi ilə keçən prosesdə Əkrəm Həsənov ümumiyyətlə, işə Yasamal rayon Məhkəməsində baxılmasına etiraz edib:

«Bu işin bu məhkəməyə salınması özü şübhəlidir. İddiaçı tərəf öz ərizəsində qeyd edir ki, həmin paylaşımı 15-dən çox internet portalı dərc edib. Belə olan halda məhz aznews.az portalının və onun ünvanına uyğun olaraq bu məhkəmənin seçilməsi mənim şübhələnməyimə əsas verir. Hesab edirəm ki, Yasamal rayon Məhkəməsi bu iş üzrə qərəzlidir və işi obyektiv aparmayacaq. Ona görə də məhkəmənin bütün tərkibinə etiraz edirəm, işin digər rayon məhkəməsinə göndərilməsini istəyirəm».

«ƏKRƏM HƏSƏNOV SADƏCƏ PROSESİ UZATMAĞA ÇALIŞIR»

Buna cavab olaraq məhkəmədə «Nikoil Bank»ı təmsil edən Vüqar Şərifov bildirib ki, etiraza heç bir əsas görmür və hesab edir ki, Əkrəm Həsənov bu cür etirazlar verməklə sadəcə prosesin uzanmasına çalışır. Məhz Yasamal rayon Məhkəməsinə müraciət olunmasına gəlincə, Vüqar Şərifov deyib ki, cavabdehlərdən istənilən birinin ünvanı üzrə məhkəməyə müraciət etmək iddiaçının hüququdur və onlar da məhz aznews.az portalını seçiblər, burada qərəz axtarmağa dəyməz.

Hakim müşavirə otağından qayıdandan sonra elan edib ki, etiraz baxılmamış saxlanır. Sərdar Mehralıyev bildirib ki, belə bir etirazın verilməsini əsassız sayır, əlavə edib ki, Mülki Prosessual Məcəlləyə əsasən, etiraz yalnız kollegial tərkibə verilə bilər və kollegial tərkib kimi Ağır Cinayətlər Məhkəməsini göstərib.

Proses noyabrın 13-dək təxirə salınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG