Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:57

İŞİD-in qazancı halal deyil


İŞİD yaraqlıları.
İŞİD yaraqlıları.

-

«Suriyada «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulan gənc avropalılar iddia edirlər ki, İslam uğrunda, kafirlərə qarşı savaşa gedirlər. Ancaq yeni tədqiqatlar göstərir ki, bu qruplaşmanın maliyyəsi heç də halal deyil». Bunu «Foreign Affairs» dərgisində Elisabeth Braw yazır.

Bu ilin əvvəlində açıqlanmış statistikaya görə, AB ölkələrindən 3-5 min nəfər İraq və Suriyada əcnəbi döyüşçü kimi savaşır. Belçikadan 440 nəfər sünni silahlı təşkilatlara qoşulub. Yəni, əhalinin hər milyon nəfərinə 40 əcnəbi döyüşçü düşür.

İsveçin «Säkerhetspolisen» əks-kəşfiyyat agentliyinin məlumatına görə, ötən il İraq və Suriyaya 250-300 isveçli terrorçuluq məqsədilə gedib. Agentlik bildirir ki, cihadçılar SMS kreditləri götürür və ya satış fırıldağından əldə etdikləri qazancla yolpulunu çıxarırlar. SMS krediti mobil telefondan müraciətlə əldə edilən kreditdir. Böyük məbləğdə pul götürüb 1-3 ay ərzində ödəyirsən. Məsələn, 30 günlüyə 10 min kron (1196 dollar) pulu illik 219 faizlə götürmək olur. Bu, ölkəni birdəfəlik tərk etmək istəyənlər üçün əla variantdır. «Säkerhetspolisen»in hesablamalarına görə, bu saxta transaksiyaların həcmi milyonlarla İsveç kronu dəyərindədir.

Cihadçıların daha bir qazancı əlavə dəyər vergisi (ƏDV) fırıldağıdır. «Onlar ƏDV fırıldağından külli miqdarda qazanırlar», - «Terrorçuluq. Inc» kitabının müəllifi Colin Clarke deyir. Məsələn, adi ərzaq məhsullarını, pendir və toyuğu Almaniyadan alırlar, hökumətin tələb etdiyi kimi, satış vergisi ilə birlikdə satırlar. Ancaq vergidən əldə olunan gəliri vergi orqanına vermirlər, özlərinə saxlayırlar. «Gələcək əcnəbi döyüşçülər kredit kartı, ipoteka fırıldaqlarına da əl atırlar, saxta siqaret məhsulları da satırlar», - C.Clarke deyir. «Onlar «iPhone» da oğurlayırlar».

Müsəlmanlar bütün bunlara yaxşı baxmasa da, cihadçılar qanuni vasitə sayırlar. Bəs bu vəsait hara gedir? Axı Şam dövlətinə gedib çıxmaq elə də çox nağd vəsait tələb etmir. Avropanın şimalından buraya 500 dollara getmək olar. İŞİD də adam oğurluğundan, qaçaqmalçılıqdan kifayət qədər qazanır. Yəni, Suriyaya cibidolu getməyə də bilərsən. Sadəcə, daha çox pul gətirənin statusu da yüksək olur, daha yaxşı vəzifə əldə edir. Terrorçuluq üzrə ekspertlər belə deyir.

Bashar al-Assad.
Bashar al-Assad.

ASSAD-I NƏ GÖZLƏYİR?

«Suriya prezidenti Bashar Assad-ın erkən seçkilər keçirməyə hazır olmasını deməsi yəqin Moskvanın təkidi ilə baş verib. Assad bunu Moskvaya səfərindən 3 gün sonra, Dəməşqdə Rusiya parlamentariləri ilə görüşündə deyib. «Bloomberg» adı çəkilməyən vəzifəli siyasətçiyə istinadla yazıb ki, Kreml bu ssenaridə israr edib. Rusiya erkən seçkilərdən adətən dövlət rəsmilərinin yenidən təyinatı məqsədilə istifadə edir, özəlliklə də qubernatorların. Assad-a gəlincə, Moskvanın ağlında iki əks fikir ola bilər». Bunu «The Moscow Times»da Pavel Aptekar yazır.

Müəllifin fikrincə, birincisi, ola bilsin, Kreml erkən seçkilərlə Suriya prezidentinin «mandatını təzələmək» istəyir. Qərb onu qəbul etməsə də, Moskva Assad-ı legitim lider sayır.

Karneqi Mərkəzindən Alexei Malashenko deyir ki, Rusiya Assad-ın seçkilərdə iştirakını dəstəkləsə, ölkədə keçid hökuməti yaradılmasına dair daha öncə götürdüyü öhdəliyin əleyhinə getmiş olar. Bu halda ölkə müxalifəti, Türkiyə, Qərb, ərəb ölkələri də seçkinin nəticələrini tanımayacaq və vətəndaş müharibəsi davam edəcək.

İkincisi, erkən seçkilər Assad-ın hakimiyyətdən getməsini sürətləndirmək məqsədi daşıya bilər. Beynəlxalq münasibətlər üzrə mütəxəssis Vladimir Frolov-un fikrincə, Assad seçkinin son dəqiqəsində geri çəkilə və mötədil müxalifətin qəbul etdiyi digər namizədi irəli sürə bilər.

Ancaq bu halda da Moskva digər çətinliklərlə üzləşə bilər– axı mötədil müxalifətlə əlaqə yarada bilmədi. Deməli, ələvi azlığının təhlükəsizliyini təmin etmək məsələsində də çətinlik yaşanacaq.

«Opponentlərinin hərbi cinayətlərdə ittiham etdiyi Assad müttəfiqlərinin taleyi da qeyri-müəyyən qalacaq… Moskvanın əvvəlki müttəfiqi, Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych oxşar tale ilə üzləşdi. 2014-cü il fevralın 4-də erkən seçkilər vəd etdi, fevralın 21-də müxalifətlə razılaşma imzaladı və elə həmin gün də Kiyevdən canını götürüb qaçmalı oldu».

Pravoslavlar Pasxanı qeyd edir.
Pravoslavlar Pasxanı qeyd edir.

DİNLƏ ELM YOLA GEDİRMİ?

Dini etiqadla elmi nəzəriyyələr doğrudanmı bir-biri ilə yola getmir? İtalyan astronomu Galileo Galilei-in dörd əsr öncə məhşər ayağına çəkilməsindən bəri bu sual çoxlarını düşündürüb və dinlə elmə bir-birinin düşməni kimi baxılıb.

«Pew» Araşdırmalar Mərkəzi isə bu yaxınlarda belə bir sorğu keçirib. Bəlli olub ki, amerikalıların 59%-i elmin dinlə münaqişədə olduğunu düşünür. 38%-nin fikrincə isə, bu iki sahə ümumilikdə yola gedir.

Daha az dindar olan amerikalılar dinlə elm arasında münaqişənin mövcudluğuna inanır. Dini ibadətə tək-yük hallarda gedən, yaxud heç vaxt getməyən böyüklərin 73%-i deyir ki, belə bir münaqişə var. 68% isə şəxsi dini baxışları ilə elm arasında ziddiyyət görmür.

Kilsələrin və digər ibadət yerlərinin elmi debatlarda iştirakıyla bağlı ictimaiyyətin fikirləri haçalanır. Amerikalıların yarısı düşünür ki, kilsə öz mövqeyini ortaya qoymalıdır, 46% deyir, belə etməməlidir.

XS
SM
MD
LG