Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 15:52

Türklərdə #saatkaç?


R.T.Erdoğan.
R.T.Erdoğan.

-

Bazar günü yay vaxtının ləğvi Türkiyədə əməlli-başlı çaşqınlıq yaradıb. Belə ki, Türkiyə də digər ölkələr kimi saat əqrəblərini bir saat geri çəkməliydi. Ancaq hökumət qərar verib ki, bu dəyişiklik 1 noyabr seçkilərindən sonra həyata keçirilsin.

BBC xəbər verir ki, bəzi saatların avtomatik olaraq əqrəbi geri çəkməsi əhalini çaşbaş salıb. «Twitter»də#saatkac – «saat neçədir» həştəqi yaradılıb.

Hökumət bildirir ki, vaxt dəyişikliyini ertələməkdə məqsəd seçki günü seçicilərin işıqlı havada səsverməyə getməsini təmin etməkdir. Saatlar bir də noyabrın 8-də gecə 4-də geri çəkiləcək.

Daha əvvəl də Türkiyə vacib tədbirlərə görə saat dəyişikliyini ertələyib. Ancaq kompüterlər, smartfonlara bunu başa salmaq çətin məsələdir.

Bəzi sosial media izləyiciləri bu qərarı birbaşa prezident Recep Tayyip Erdoğan idarəçiliyinə bağlayır. Adını çəkməyən bir britaniyalı «Facebook»da yazır:

«İndi bizdə xüsusi «Erdoğan vaxtı»dır. Təəssüf ki, o zamanı saxlaya BİLƏR, ancaq avtomatik saatlarla bacara BİLMƏZ. Ancaq sonucda hamımız çaşbaş qaldıq».

«Gələn iki həftə ərzində #Türkiyə EEST vaxtilə işləyir, yəni Erdoğan-ın Hazırladığı Standart Vaxtla», - bunu isə @aysekarahasan adlı «Twitter» istifadəçisi yazır.

Smartfon istehsalçıları isə təklif edir ki, istifadəçilər telefonlarında avtomatik funksiyanı söndürsünlər.

ABŞ-da işçi.
ABŞ-da işçi.

ƏLVİDA, ORTA SİNİF!

Amerikalıların 51 faizi ilə 30 min dollardan az qazanır. Michael Snyder «WashingtonsBlog»da yazır ki, ABŞ-da orta sinif ölmək üzrədir.

Sosial Təhlükəsizlik Administrasiyası yeni statistika açıqlayıb. Statistikaya görə, ABŞ-da işçilərin 51 faizi ildə 30 min dollardan da az qazanır. «Bu gün Amerikada orta sinfə məxsus ailəni ayda 2500 dollarla saxlamaq mümkün deyil, özəlliklə də həmin məbləğdən vergilər tutulandan sonra. Ancaq təsəvvür edin ki, ölkədəki işçilərin yarıdan çoxu ondan da az qazanır».

Həmin statistikada digər rəqəmlər də diqqət çəkir: bütün amerikalı işçilərin 38 faizi ötən il 20 min dollardan; 62 faizi 40 min dollardan; 71 faizi 50 min dollardan az qazanıb.

«İlboyu saatda 10 dollar qazanırsan və ildə iki həftə tətil götürürsənsə, illik qazancın 20 min dollar edəcək. Bu rəqəm sizə iqtisadiyyatımızda hazırda yaranan iş yerlərinin keyfiyyəti barədə nəsə deyər».

Hazırda Amerikada əməkqabiliyyətli 7.9 milyon nəfər «rəsmi işsizdir», 94.7 milyon isə «işçi qüvvəsi»nə daxil deyil. Yəni, hazırda 102.6 milyon əməkqabiliyyətli amerikalının işi yoxdur.

«Tanıdıqlarımdan çoxu borc içində üzür. Çoxları dişi-dırnağıyla çarpışır, bu ayı o aya calayır. Xeyli amerikalı var ki, getdikcə daha çox borca girir».

Müəllif yazır ki, ABŞ-da 4-nəfərlik ailəni orta sinif səviyyəsində saxlamaq üçün ilə təxminən 50 min dollar lazımdır. Yuxarıdakı rəqəmlər 71 faizin həmin məbləğdən az qazandığını göstərir. «İndi bircə çörək qazananı olan ailənin çətinliklərini təsəvvür edin».

Fars dili kursu.
Fars dili kursu.

AMERİKALILAR İRANI HARADA ÖYRƏNİR

ABŞ hökuməti fars dilini öyrənmək istəyən tələbələrə pul ayırır. Ancaq onlar İrana deyil, Tacikistana göndərilir. Bunu buzzfeed.com saytında Miriam Berger yazır.

Məsələn, bu payız Birləşmiş Ştatlar yeddi amerikalı tələbənin fars dili təhsilinə vəsait ayırıb. Onlar İranın rəsmi dilini xaricdə, Tacikistanda öyrənəcəklər. Tələbələr içində hərbçilər də var, diplomatlar da...

«Fars dilini burada öyrənmək qəribə seydi», - 27 yaşlı İran əsilli amerikalı tələbə, tacik ailəsində qalan Shayan Enferadi «BuzzFeed News»a deyir. «Ancaq bir məsələ də var ki, Tacikistana çox az adam elə buranı öyrənməyə gəlir...».

Linqvistik baxımdan bu ölkənin mənzərəsi «həftəbecər»dir: tacik, fars, dari dilində danışırlar, hələ üstəlik rus sözlərindən istifadə edirlər, yazanda isə Kiril əlifbası köməyə gəlir.

ABŞ-İran münasibətlərində buzlar əriməyə başlayandan özəlliklə ikili vətəndaşlığı olanlar İrana gəzməyə və ya oxumağa gedə bilirlər. Ancaq hərbi və ya hökumət əlaqələri olanlar üçün Düşənbə ən yaxşı məkandır. Elə bu payız Uest Poynt Hərbi Akademiyası ilk tələbə qrupunu Düşənbəyə fars dilini öyrənməyə göndərib. Bəzi tələbələri isə Müdafiə Nazirliyi, Dövlət Departamenti, yaxud Təhsil Departamenti maliyyələşdirir.

Tələbələrin «BuzzFeed News»a dediyinə görə, onların bəzilərinə müəllimləri xəbərdarlıq edib ki, İran casuslarından ehtiyatlı olsunlar. Belə ki, İranın Düşənbədəki səfirliyi fars dilini öyrənən amerikalılara göz qoyur.

XS
SM
MD
LG