-
«Twitter»in media tərəfdaşlığı üzrə meneceri Alexey Shelestenko sosial şəbəkədəki mikrobloqunda Rusiya hakimiyyəti haqqında söylədiklərinə görə üzr istəyib. Bu haqda o «Twitter»də bildirib.
«Mənim artıq silinmiş tvitim haqqında: etiraf edirəm ki, «Kirovles» haqqında xəbərlər məni əsəbiləşdirdi. Belə kəskin danışmaq lazım deyildi, üzrxahlığımı çatdırıram», - yazıb Shelestenko.
O, mikrobloqda yazılanların şəxsi fikri olduğunu da bildirib.
Rusiyanın rəsmi qurumları Alexey Shelestenko-nun ölkənin vəzifəli şəxsləri, o cümlədən prezidenti haqqında kəskin siyasi bəyanatlar verdiyini əsas gətirərək «Twitter»in rəhbərliyinə rəsmi məktubla müraciət etmişdi. Bu məktubda Shelestenko-nun fikirlərinin şirkətin fikirləri ilə üst-üstə düşüb-düşməməsinin dəqiqləşdirilməsi xahiş edilirdi.
«Nə vaxtsa bu arsız oğru hakimiyyət Markin-ləri, Bastrykin-ləri, bəli, bəli, Putin-ləri ilə bir yerdə barmaqlıq arxasında oturacaq. Əvvəl axır». Shelestenko oktyabrın 23-də mikrobloqunda belə yazmışdı. Sonradan bunu silmişdi.