- Tural İsmayılov
Gecənin şeirləşməsi
Gündüzün işığı maraqlı gəlir insanlara
Çünki gündüz can verir yalanlara
Adamlar günəşin saxta nuruna sığınanda
Gecələr Ayın buz aydınlığında qızınar
Üsyan edər yamanlıqlara.
Guya yuxu gecəyə xas imiş
Nifrət edirəm bu idealist uydurmalara
Hamı oyaq olanda ədalətsizlik doğulur
Yatanda isə əclaflar da saf olur
Və sən demə,
Yuxular gündüzə olduğu qədər
Gecəyə də düşmənmiş.
Saxtakarlıq səhər o başdan maskalanır
Gecə yastığa dərd danışanlar
Gündüz göyə nağıl uydurur.
Ən sərt görünüşlü adamlar
Gecə düşəndə öz vicdanıyla damğalanır.
Neçə beyin zülmətdən güc alır
Toplum gündüz çalışanda
Fəlsəfə gecələr alışır
Ruhun tarazlığı pozulanda
Bütün təfəkkürüm
Gecənin ümidindən can alır.
İçkinin miqdarını qaçırıb
Uşaqların gözündə analarını öldürənlərin
Atalığı itmiş sərxoş ərin
Yatmağını gözləyən uşaqların sevincidir gecələr.
Pulsuzluqdan dilənçi gününə düşüb
Sonra ən yaxşı şeirlərini
Ucuz qonorara peşkəş çəkən
Poeziyası çürüyən şairlərin dostudur gecələr.
Hər gün bir az daha sağlam olduğuna inanan
Amma gözlərindən ölən
Addım-addım sönən
Atamın qardaşıdır gecələr.
Başqa vaxt qorxan
Zəif görəndə hürən
Dırnaqarası harının
Vicdan qətlinin inkvizisiyasıdır gecələr.
Hərdən adamın ölməyi gələndə
Bəlkə sabahlar daha yaxşı olacaq deyib
Heç gəlməyən o sabahların
Məchulluq simvoludur bütün gecələr.
Neçə gənci xəstə edən
Qadınlarını evdə narahatlığa salmış
Pozğun kişilərin ölmüş insafının
Fahişə bədənində intiharıdır gecələr.
Minlərlə beyin hüceyrəsinin məhvinə
Yuxusuzluğun səhvinə səbəb olan
Və bununla dirilən
Neçə şah əsərlərin
Həm də müəllifidir gecələr.
Bütün həyasız adamların
Gündüz etdiklərinin
Axşam insaf etalonunda
Güzgüsüdür gecələr.
Neçə avara axmağın
Hər gedən boş gün üçün
Əsəblə qarışıq
Təəssüf göz yaşıdır gecələr.
İnsanlardan qaçmağa çalışan
Mənim kimi zəiflərin
Sifətlərdəki qəzəbi görməkdən
Qurtuluş himnidir gecələr.
Son nöqtəni qoymağı bacarmayıb
Hər cümlədə
Hər sözdə
Hər fikirdə
Misra-misra şeirləşmənin
Bənd-bənd ölmənin
Şeir-şeir ulamanın
Tanrısıdır gecələr.