Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 10:01

Turqut Qəmbər: "Seçkidə məqsədimiz mandat almaq deyil"


Turqut Qəmbər

- Turqut Qəmbər: "İndi Mario Vargas Llosa’nın “Qəsrdə” söhbət” (Разговор в «Соборе») əsərini oxuyuram."

"Son vaxtlar mənə ən çox təsir edən əsər isə 5-6 ay öncə oxuduğum “Arbat uşaqları” romanı idi."

Son dövrlərdə ölkədə baş verən aktual hadisələr, gərginlik hakimiyyəti təmsil edən qurumlarda olduğu kimi, müxalifətdən, gənclər, vətəndaş hərəkatlarından da kənar keçmir. Burada da dəyişikliklər, istefalar, mübahisələr davam edir.

Bütün bunlar ümumi ab-havaya necə təsir edir? Son zamanlar müxalifəti təmsil edən düşərgələr, xüsusilə də, gənclərdən ibarət cəbhələrdə ovqat necədir? Hansı problemlər var, hansı proses gedir?

Suallarımızı NİDA vətandaş hərakatının idarə heyəti üzvlərindən biri Turqut Qəmbər cavablandırır.

Günel Mövlud

- Turqut bəy, bu yaxınlarda baş tutan Nida istefalarından danışaq. Bunu nə ilə əlaqələndirirsiniz, hakimiyyətin mübariz insanlara və onların yaxınlarına təzyiqi, ümidsizlik, yoxsa başqa səbəblər var?

- Burada bir çox subyektiv və obyektiv faktorlar var. İstefa verən yoldaşlarımız hər hansı açıqlama vermədiklərinə görə, mənim də bu mövzuda nəsə söyləməyim yersiz olar.

Bu hal barədə yox, ümumi şəkildə onu deyim ki, uzaqlaşmaların ana səbəbi əksər hallarda ümidsizlik və inamsızlıqla bağlı olur.

- İki il əvvəl Nida üzvlərinin həbsindən sonra vətəndaş hərakatları və müstəqil gənclər təşkilatlarının fəaliyyətinin zəiflədiyini düşünürsünüzmü?

NİDA Gənclər Hərəkatının məhkəməsi, 2013
NİDA Gənclər Hərəkatının məhkəməsi, 2013

- Düşünürəm ki, Azərbaycanda repressiya mühitinin sərtləşməsi yalnız gəncləri deyil, ümumən etiraz hərəkatını passivləşdirib.

Hazırkı mühitdə duruş gətirmək, etirazı davam etdirmək, hər şeyə rəğmən doğru yolu göstərmək və mövcud etiraz strukturlarını (partiyalar, hərəkatlar, müxtəlif formal və qeyri-formal qruplar) qorumaq özü bir nailiyyətdir.

Bununla bərabər, hesab edirəm ki, ölkədə olan etiraz potensialı heç vaxt olmadığı qədər böyükdür.

Hakimiyyətin repressiyaları qısa vadədə onun ömrünü uzadır, amma orta və uzun perspektivdə narazılığı gücləndirir, onu yeni formalara keçirir. Bu qaçılmaz prosesdir.

Eyni zamanda etiraz hərəkatları heç də həmişə düz və ya artan xəttlə gətmir, bu enişli-yoxuşlu prosesdir. Odur ki, indi nisbətən passiv dönəm yaşamağımıza baxmayaraq, bu passivliyin aktivliyə keçməsini tezliklə görəcəyik.

- Necə düşünürsünüz, fəaliyyətə başlayanda hərakatın ideologiya, dəyər fərqləri qoymadan, dindar, millətçi, ultrasağçı, radikal solçu, pasifist demədən, hər kəsi sıralarına qəbul etməyi doğru idimi?

Sizə elə gəlmir ki, hərəkatdakı mübahisələr, toqquşmalarda əsas rol oynayan məhz dəyərlər arasındakı barışmazlıq idi?

- Qeyri-zorakı prinsipləri, Azərbaycanın dünyəvi və demokratik inkişafının alternativsiz yol olduğunu qəbul edən və ölkədə dəyişikliklər istəyən bütün şəxslər NİDAnın üzvü ola bilərlər.

Düşünürük ki, hazırda əsas məsələ ölkəni bu bataqlıqdan çıxarmaq və dəyişikliklərə nail olmaqdır. Bütün sağlam qüvvələr hazırkı mərhələdə bu istiqamətdə birgə hərəkət etməlidir. İlkin məqsəd demokratikləşmədir.

Fikir ayrılıqları, mübahisələr bütün təşkilatlarda olur, yekcins və ya rəngarəng olmalarından asılı olmayaraq. Qabardılası xüsusi heç nə yoxdur, mübahisələr olanda da ideoloji toqquşma müstəvisində yox, cari qərarlar və planlarla bağlı olur.

- Nida üzvlərinin bəzilərinin parlament seçkilərinə qatılması hərəkatın təşəbbüsüdür, yoxsa onların şəxsi inisiativi?

- Hərəkatın ümumi qərarı idi. Təbii ki, seçkilərin saxtalaşdırılacağı, müxalifətdən parlamentə heç kimin buraxılmayacağı bizə də aydındır.

Bu seçkilərdə iştirak etməyimizin məqsədi mandat almaq deyil, insanlarla təmas qurmaq, onlara NİDAnı tanıtmaq, mesajlarımızı çatdırmaq idi ki, bu təbliğat dövründə bütün çətinliklərə baxmayaraq buna nail ola bilirik.

Onminlərlə insan imzatoplama dövründə, təbliğat təşviqat dövründə bizim üzvlərlə və namizədlərlə təmasda olub. Bu mövcud resurssuzluq dövründə kifayət qədər ciddi hadisədir.

- Hazırda yaxın bir neçə il müddətində Nida olaraq fəaliyyət planınızı necə qurmusunuz? Hansı yöndə konkret hansı addımlar atılacaq?

- Burada xüsusi bir sirr yoxdur. Fəaliyyətimiz böyümək, insanları aktivləşdirmək, xalqa öz ideyalarımızı daha çox çatdırmaq və insanları dəyişikliklər uğrunda mübarizəyə daha aktiv qoşulmağa çağırmaq istiqamətində qurulur.

Bununla bərabər, ənənəvi olaraq biz maarifçilik fəaliyyətimizi də davam edəcəyik, müxtəlif mövzularla bağlı kitablar nəşr edəcəyik, mühazirələr keçirəcəyik.

- Gender məsələsi ilə bağlı bir sual. Azərbaycanda istər hakim, istərsə də müxalifət partiyalarında gender problemi var. Qadınların sayı da, fəallıqları da arzuolunan səviyyədə deyil.

Amma NİDA fəaliyyətə başlayandan xanımlar xüsusilə fəal olub. Bu yeni tendensiyanın səbəbini nədə görürsünüz?

- Təəssüf ki, Azərbaycanda qadınlar real və hərtərəfli hüquq bərabərliyini hələ də əldə edə bilmədiklərinə görə ictimai-siyasi proseslərdə o qədər də aktiv iştirak etmir.

Son illərdə müəyyən emansipasiyanın getməsi xanımlarımızın cəmiyyətdə bir qədər aktivləşməsinə gətirib çıxardı.

Aktivləşən xanımlar daha çox gənclər idi, onlar da həmyaşıdlarını, düşüncə tərzinə görə onlara daha yaxın olan NİDAçıları seçdilər.

- Turqut bey, mübariz, müasir gəncliyin liderlərindən biri olaraq, son müddətdə oxuduğunuz kitabların adlarını bizimlə bölüşməyinizi xahiş edirəm.

Mario Vargas Llosa , 2015
Mario Vargas Llosa , 2015

- Hazırda Mario Vargas Llosa’nın “Qəsrdə” söhbət” (Разговор в «Соборе») əsərini oxuyuram.

Ona qədər eyni müəllifin “Don Riqobertonun məktubları” əsərini oxuyurdum, ancaq yarımçıq qoydum.

Ondan əvvəl isə fransız tarixçisi Nicolas Werth’in “Sovet dövlətinin tarixi”ni oxumuşdum.

Son vaxtlar mənə ən çox təsir edən əsər isə 5-6 ay öncə oxuduğum “Arbat uşaqları” romanı idi.

Stalin dövrünün repressiyalarının başlanğıcı, Kommunist partiyası daxilində intriqalar və bunun fonunda həm Moskvada, həm də əyalətdə Sovet insanının həyatı ustalıqla təsvir edilib. Totalıtar sistem qarşısında adi insanın gücsüzlüyü adamı sarsıdır.

XS
SM
MD
LG