Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 00:41

A.Kamyu: Söz azadlığını necə yaşatmalı


- "Getdikcə artan böyük bir absurd dalğasıyla üz-üzə qaldığımız bir vaxtda, ona qarşı durmaq bacarığımızı da nümayiş etdirməliyik."

Aşağıdakı manifest 1939-cu ildə görkəmli yazıçı, Nobel mükafatçısı Albert Kamyunun (Albert Camus) Əlcazairdə baş redaktor olduğu "Respublika Axşamı" qəzetində çap olunmalıydı, amma o vaxt bu yazı senzuradan keçməmişdi.

Manifest Fransada arxivlərdən çıxarılıb, ilk dəfə 18 mart 2012-ci ildə "Le Monde" qəzetində işıq üzü görüb.

A.Kamyunun söz azadlığı haqqında manifesti

Bu gün mətbuat azadlığı haqda müzakirələr aparmaq çox çətindir.

Ya axmaq olduğunu boynuna qoyurlar, ya Mata-Harilik (tanınmış balerina Gertruda Margarita Zell, Birinci Dünya Müharibəsi zamanı almanların xeyrinə casusluq etmək ittihamıyla Fransada güllələnib) etməkdə gunahlandırırlar, yaxud da səni Stalinin qardaşı oğlu adıyla damğalayırlar.

Bununla belə, bu azadlıq da digər azadlıqlar kimi vacibdir. Söz azadlığının müdafiəsinə belə qətiyyətlə qalxmağımızın zərurəti o zaman başa düşüləcək ki, müharibəni udmağımızın doğrudan da bundan başqa yolu olmadığını qəbul edəcəyik.

Təbii ki, hər bir azadlığın həddi-hüdudu var. Lakin bu azadlıqlar qəbul edilməlidir.

Bugünə qədər fikir azadlığına qarşı yönəlmiş maneələr haqda bacardığımız qədər danışmışıq və yenə də əlimizə fürsət düşdükcə danışacağıq.

Senzura prinsipi tətbiq edildiyi andan Fransada senzorun nəzarətindən keçərək, çap edilmiş mətnlərin, misal üçün, "Respublika Axşamı" (Alber Kamyunun Əlcəzairdə baş redaktor olduğu qəzet) qəzetində yenidən çapına icazə verilməzsə, biz buna da qətiyyən təəcüblənmərik.

Bir qəzet ki, bir adamın kefindən və bacarığından asılı olsun, bu fakt bizim hansı şüur dərəcəsinə gəlib çatdığımızın ən yaxşı göstəricisidir.

Bu ada layiq fəlsəfi fikirlərdən ən doğrusu elə reallaşması mümkün olmayan bir vəziyyət qarşısında lazımsız göz yaşlarını tökməməkdir.

Hazırda Fransada əsas məsələ ölkədə mətbuat azadlıqlarını necə qorumağımız sualı deyil. Qarşımızda duran əsas hədəf bu azadlıqların boğulduğu bir vaxtda jurnalistin necə azad və müstəqil qala bilməsidir.

Bu problem artıq cəmiyyəti maraqlandırmır, indi o, daha çox fərdi məsələdir.

Bunun əsas dörd şərti var: aydın düşüncə, inkaretmə, ironiya və inadkarlıq.

Məhz belə bir vaxtda, hətta müharibə və ondan irəli gələn məhdudiyyətlər dönəmində, azadlığımızı yalnız qorumaq deyil, həmçinin onu açıq şəkildə tələb etməyi bacarmalıyıq.

Bunun əsas dörd şərti var: aydın düşüncə, inkaretmə, ironiya və inadkarlıq.

Aydın düşüncə ilk növbədə nifrət dolu şüarlara aludəçilik etməyə və taleyin kultlaşdırılmasına qarşı müqaviməti nəzərdə tutur.

Hər şeydən yayınmaq mümkündür. Müharibə özü özlüyündə bir insan fenomenidir və elə insani yollarla da onu dayandırmaq mümkündür.

Avropa siyasətinin son illərdəki tarixinə nəzər yetirməliyik. Hadisələrə belə aydın düşüncəli baxış kortəbii nifrəti və ümidsizliyi qəbul etmir. 1939-cu ilin jurnalisti ümidini itirməməli və düzgün bildiyinin uğrunda elə mübarizə aparmalıdır ki, sanki onun bu hərəkətləri hadisələrin gedişatına təsir edə bilər.

O, ümidsizlük yarada, nifrət oyada biləcək heç bir şey yazmalı deyil. Hər şey onun öz əlindədir.

Dünyanın bütün məhdudiyyətləri, məcburiyyətləri bir yerə yığılıb gəlsə də, bir az da olsun, aydın düşüncəsi olan şəxsin vicdansızlığı, riyakarlığı qəbul etməsinə heç cür nail ola bilməz.

Getdikcə artan böyük bir absurd dalğasıyla üz-üzə qaldığımız bir vaxtda, ona qarşı durmaq bacarığımızı da nümayiş etdirməliyik.

Dünyanın bütün sünzuraları, məcburiyyətləri bir yerə yığılıb gəlsə də, bir az da olsun, aydın düşüncəsi olan şəxsin vicdansızlığı, riyakarlığı qəbul etməsinə heç cür nail ola bilməz.

İnformasiya mexanizmlərinə bələd olsaq, o zaman xəbərin kökünə də əmin olmamız bir o qədər asan olar. Müstəqil jurnalist bütün diqqətini bu kimi keyfiyyətlərə yönəltməlidir.

Çunki lap deyək o bütün düşündüklərini deyə bilmir, amma onun axı düşünmədiklərini və yaxud səhv düşündüklərini də deməməyə imkanı çatır.

Müstəqil jurnalist bunu edə bilər. Müstəqil qəzet də cəmiyyətin gözündə məhz elə nələri deyə biləcəyi və nələri deyə bilməyəcəyi dərəcəsiylə ölçülür.

Paradoksaldırdır ki, bu gün mənfi obrazı olan bu azadlıq əslində bütün digər azadlıqlardan daha vacibdir, təbii ki, onu qoruyub, əlimizdə saxlaya bilsək. Söz azadlığı gerçək azadlığın gəlişini hazırlayır.

Müstəqil bir qəzet öz məlumatlarının mənbəyini təqdim etməli, oxuculara onları dəyərləndirməkdə yardımçı olmalı, beyinlərin yuyulmasından imtina etməli, söyüş və təhqirlərə yer verməməli, bir informasiyanın ağalığını şərhlər vasitəsilə yumuşaltmalı, bir sözlə, var gücü ilə, humanist bir şəkildə həqiqətə xidmət etməlidir.

Elə olsa, dünyada heç bir qüvvə yalana xidmət etməyi jurnalistə qəbul etdirə bilməz.

İndi də gələk ironiya məsələsinə. Prinsipcə, üzərimizə məhdudiyyətlər qoymaq üçün hər bir üsula malik olan bir şüurun ironiya üçün qapalı olduğunu demək olar. Elə Hitleri götürək, onun sokratik ironiyadan istifadə etdiyini heç görmürük.

İroniya güclülərə qarşı misli görünməmiş bir silah olaraq qalmaqdadır. Digər tərəfdən, məzhəkəli tərz həmçinin inkaretmə prinsipinində tacıdır.

O, çox vaxt bizə həqiqəti deməyə imkan verir. 1939-cu ilin azad jurnalisti ona zülm edənlərin intellekt səviyyəsiylə bağlı özü üçün çox illüziyalar yaratmamalı, belə insanlara qarşı o, daha çox pessimist yanaşmalıdır.

Ehkam tərzində söylənmiş həqiqətin onundan doqquzu senzuraya məruz qaldığı halda, həmin həqiqət zarafatla söyləndikdə onun yalnız beşi senzor nəzarətindən keçə bilmir.

Bu düstur insan intellektinin mümkünlüklərini kifayyət qədər dəqiqliyi ilə açır. Məhz bu düsturun sayəsində bugün Fransanın "Le Merle" və yaxud "Le Canard enchaîné" kimi qəzetləri mütəmadi olaraq öz səhifələrində gördüyümüz o cəsarətli yazılarıyla çıxış edə bilirlər.

Deməli, 1939-cu ilin azad jurnalisti mütləq ironiyanı bacarmalıdır, bu xüsusiyyəti öyrənməlidir. Lakin həqiqət və azadlığın sevgililəri az olduğundan, onlar çox tələbkar məşuqələrdir.

Amma kafi inadkarlıq olmadan, bu düşüncə tərzi özünü səmərəli şəkildə qoruyub saxlaya bilməz.

İfadə azadlığı qarşısında bir çox maneələr dayanıb, lakin o maneələrin ən ağırları belə, o gücdə deyil ki, bu düşüncəni ruhdan sala bilsin.

Çünki bütün bu təhdidlər, təqiblər, qəzetlərin dayandırılması gözləntilərin əksinə olaraq, adətən Fransada əks effekt yaradır.

Amma qəbul etməliyik ki, bəzi ciddi maneələr bizi yenə də ruhdan salır: getdikcə artan axmaqlıqlar, total qorxaqlıq, təcəvüzkar xarakter alan cahillik...

Bunlar o maneələrdir ki, biz bunları mütləq dəf etməliyik.

Burada inad göstərmək bir ləyaqət məsələsidir.

Maraqlı paradoksdur, inadkarlıq eyni zamanda obyektivliyə və tolerantlığa xidmət edir.

Əsarət zamanı olsa belə, azadlığımızı qorumamız üçün imkanlar var və o budur, bu qaydalardır. Sual oluna bilər: Bəs sonra? Bəs sonra nə olacaq?

Gəlin çox tələsməyək. Əgər sadəcə hər bir fransız öz aləmində bütün doğru və ədalətli hesab etdiyini əlində saxlaya bilərsə, kiçicik də olsa öz töhfəsiylə azadlığın qorunmasına kömək etsə, yolundan imtina etməyə qarşı müqavimət göstərə bilsə, iradə nümayiş etdirsə, bax yalnız və yalnız o zaman, müharibəyə, sözün əsl mənasında, qalib gələ biləcəyik.

İnsanın böyüklüyü qəbul etmədiyi bütün hər şeyin qarşısında tab gətirməsidir.

Bəli, günümüzdə azad düşüncə sahibi istehzasını hiss etdirməyi bacaran insandır. Alovlanıb coşan bu dünyada əyləncəli başqa nə var ki?

Bununla yanaşı, insanın böyüklüyü qəbul etmədiyi bütün hər şeyin qarşısında tab gətirməsidir.

Heç kim 25 ildən sonra yenidən bizim yaşadığımızı yaşamaq istəməz.

Bizim metodlarımız ədalət və nəciblik olmalıdır. Bu keyfiyyətlər yalnız azad olmuş qəlblərdə və hələ də aydın qala bilmiş şüurlarda ifadə oluna bilər.

Belə qəlbləri və şüurları formalaşdırmaq, daha doğrusu, onları oyatmaq, müstəqil və azad insanın yerinə yetirəcəyi asan və eyni zamanda iddialı bir vəzifəsidir.

Sabah necə olacaq qayğılarına baxmayaraq, bu gün buna tab gətirməliyik. Bəlkə tarix bu səylərimizi nəzərə aldı, bəlkə yox. Əsas bu səyləri etməyimiz olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG