-
Oktyabrın 3-də Rusiyanın rəsmi televiziya kanalı – «Rossiya-24»də amerikalıların Putin-i ruslardan çox sevməsi haqda xəbər gedib: «O, Rusiyada 88 faiz səs alıb, ABŞ-da isə bu səs daha çoxdur».
«Vesti»nin aparıcısı deyir: «Fəaliyyətdə olan ABŞ prezidentinin reytinqinin aşağı olması haqda az danışılmayıb. İndi isə qurşaqdan aşağı zərbə gəlir. «New York Daily News» kimi nüfuzlu qəzetin sorğusu göstərir ki, Vladimir Putin-in BMT Baş Assambleyasındakı çıxışı ABŞ vətəndaşlarının daha çox xoşuna gəlib, nəinki Obama-nın. Rusiya prezidentinin lehinə 96 faiz səs verib, Amerika prezidentinə cəmi 4».
CƏMİ BİR SAAT SONRA MƏLUM OLUB Kİ...
Cəmi bir saat sonra məlum olub ki... «New York Daily News» belə bir sorğu keçirməyib! Onun saytında, sadəcə, belə bir sorğuya istinad olub. Sözügedən sorğu isə xüsusi saytda keçirilib. Burda hər kəs səsvermə üçün mövzu seçə və reallaşdıra bilər.
Sentyabrın 29-da da istifadəçilərdən biri bu saytda sorğu keçirir: «Kimin nitqini daha çox bəyəndiniz -Putin-in, ya Obama-nın?». Bu istifadəçinin ləqəbi qəzetin adıyla (New York Daily News) üst-üstə düşür, üstəlik də o, həmin qəzetin əməkdaşıdır. Elə buna görə də qəzet bu sorğuya linki (keçidi) saytında yerləşdirir.
MEYDANA «ODNOKLASSNIKI» VƏ «YAPLAKAL» GİRİR
Bundan sonra baş verənlər heyrətamizdir! Rusiyanın iki internet portalı – «Odnoklassniki» (Antimaydan qrupu) və «Yaplakal» bu sorğunun linkini dərhal çap edir və auditoriyanı səsvermədə iştiraka çağırırlar.
Təbii ki, çağırışa hay verənlər tapılır. Onlar nəinki səsverməyə qatılır, hətta «qonaqpərvər» saytda pis şərhlər də yazırlar.
Bu çağırışa qədər səsvermə bərabər şəkildə getdiyi halda, durum dəyişir, səs verənlərin sayı kəskin artır. Nəticə Putin-in xeyrinə dəyişir.
Məşhur 96 faiz belə yaranır və «Rossiya 24» də tələsik onu ABŞ vətəndaşlarının rəyi kimi təqdim edir.