Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:57

MTRŞ sədri «ANS-in sifəti»dən söz açdı


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli

-

«MTRŞ fəaliyyətə başladığı ilk gündən efirdəki bayağılığa, şitliyə, süni qalmaqallara qarşı ciddi mübarizə aparıb. Bu mübarizə həmişə olub».

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində belə deyib.

Nuşirəvan Məhərrəmli son qərarların tək ANS telekanalına aid olmadığını bildirib: «Bu, bütün televiziya kanallarına aiddir. İlk olaraq, xüsusən sosial problemlərin həllinə dəstək adı altında yaradılmış şou proqramlarına qarşı hərəkətə keçdik. Bu cür proqramlar həm ANS, həm də ATV telekanalında yayımlanırdı».

MTRŞ sədri özəl televiziya kanallarında hazırlanan verilişləri cəmiyyət üçün ən aşağı növ veriliş sayaraq, sözünə belə davam edib: «Çox təəssüf ki, Azərbaycanda milli-mənəvi dəyərlər anlayışını bəzi televiziya kanalları ironik şəkildə təqdim edir, mənasını bilmədiklərini deyirlər və bu hal xüsusən ANS televiziyasında özünü göstərir. Bu, çox düşündürücü məqamdır. ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu onun sifətidir».

«SANKİ ELƏDİKLƏRİ HƏR ŞEY DOĞRUDUR...»

ANS ötən əsrin 90-cı illərində «Azərbaycan həqiqətləri ilə bağlı dövlət televiziyasına nisbətən alternativ fikirlər yayımlayırdı» deyən Nuşirəvan Məhərrəmli bunu o vaxt başqa özəl TV-nin olmadığına bağlayır: «Çox təəssüf ki, ANS kanalı digər kanallardan fərqli olaraq 90-cı illərin ab-havası ilə yaşayır. Sanki onların etdikləri hər şey doğrudur. Heç kim onlara bir söz deyə bilməz. Bilirsiniz, dünənə qədər etdiyin işə görə sağ ol. Amma bu gün gördüyün işə görə cavab ver. Bəli, 90-cı illərin əvvəllərində ANS yeganə özəl kanal idi. O vaxt başqa özəl kanal yox idi»...

MTRŞ sədri Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ANS-in xidmətlərini qeyd edir, amma bu özəl TV-ni həm də «Azərbaycan efirinə ilk dəfə pornoqrafik film gətirən, ilk ən aşağı səviyyəli yumoristik verilişlər verən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir iş kimi göstərən bir kanal» adlandırır.

Nuşirəvan Məhərrəmli müsahibəsində cəmiyyətin bayağı televerilişlərdən və «hətta yeri gələrsə, bəzi televiziya kanallarından» bütövlükdə xilas olacağını vurğulayaraq fikrini belə yekunlaşdırıb: «Azərbaycanda qoy 10 televiziya kanalı olmasın, 6 və ya 7 televiziya kanalı olsun».

ANS MTRŞ-Nİ MƏHKƏMƏYƏ VERDİ

ANS isə öz növbəsində MTRŞ-ni məhkəməyə verib. Şirkət bu qurumun qərarlarının qanunsuz sayılması barədə iddiasını 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə çatdırıb.

Məhkəmənin ilk iclası oktyabrın 9-da olacaq.

Sentyabrın 30-da MTRŞ-nın iclasında ANS televiziyasının «Televiziya və radio yayımı haqqında» qanunun tələblərini pozulması faktı üzrə inzibati icraata baxılıb.

Çıxarılan qərarla «Sən tək deyilsən» və «Xoşqədəmlə axtarıram səni» proqramlarının yayımı bir ay müddətinə dayandırılıb.

MTRŞ-nin oktyabrın 5-dəki iclasında daha bir proqramın -«Salam, Azərbaycan»ın 10 gün müddətinə dayandırılması və ANS-in 54 min manat cərimələnməsi qərara alınıb.

XS
SM
MD
LG