Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:46

Bizim gənclərə azad İnternet azdır


Tural Şahtaxtinski
Tural Şahtaxtinski

- "Azad, maarifpərvər televiziya onlara istəklərindən və düşündüklərindən asılı olmayan nələrisə qazandıra bilər."

"Ölkədə ümumiyyətlə, azad telekanal yoxdur. Yoxdursa bu o deməkdir ki, bütün baş verənlər bizim istək və arzularımızla olmur."

Tural Şahtaxtinski

Bizdən asılı olanlar və olmayanlar

Bu yaxınlarda telekanallarda bir çox bayağı verilişlərin bağlanması xəbərini gördüm və düşündüm ki, görəsən bunun sonu necə olacaq?! Bəli, düşünmək lazımdı.

İllərdir toy ab-havasında olan telekanallarımız yəni həqiqətənmi biz istədiyimiz kimi normal gündəmlə insanlarımıza normal istirahət bəxş edəcək?!

Əgər normal olacaqsa, bizim insanlar buna hazırdırlarmı? Çox uzağa getmədən hər iki sualın cavabını tapmaq olar.

Bu gün ölkədə hər kəsin rahatlıqla baxa bildiyi, yayımı bütün ölkə üçün problemsiz olan bir neçə məlum telekanal var ki, onların heç biri azad deyil. Hansısa məmurun və ya hakim qüvvələrdən asılı olan şəxslərin əlindədir.

Ölkədə ümumiyyətlə, azad telekanal yoxdur. Yoxdursa bu o deməkdir ki, bütün baş verənlər bizim istək və arzularımızla olmur.

Bizim istək və arzularımızla olmursa, demək ki, heç vaxt toy ab-havasından qurtula bilmərik və hətta ondan daha pislərini görəcəyik.

İkinci sualın cavabı isə bir az uzun olacaq. Bizim insanlar buna hazır deyil, bəli həqiqətən hazır deyil.

Düşünün, məhəllədə, evdə, işdə, səfərdə gecə-gündüz kimin kimlə evlənməsi marağında yaşayan insanlar, ciddi işlərdən uzaq durmağı düşünən kəslər nəyə görə evinin içinə ötürülən bu məlumatlara yox desinlər?!

Təhsilə, elmə nifrət edənlər niyə mariflənmək üçün nəsə tələb etsinlər?!

Bu insalar dediyim kəslərə müəllim, şagird, tələbə, alim və hər işin, vəzifənin sahibi daxildir. Maraq dairələrini belə asanlıqla telekanallardan mənimsəməyi qoyub, düşünmədikləri, istəmədikləri bir şeyi niyə tələb etsinlər ki?!

Biz bəzən müxalif, azad, heç bir təsir altında olmayan insanların telekanallarımızda rahatlıqla çıxışlarını görmək istəyirik, amma bilmirik ki, bütün bunlar xalqa lazımdırmı, xalq bunu tələb edirmi?!

Bəlli durum onu göstərir ki, hazırda xalqa toy ab-havasında olan telekanallar daha doğmadır, doğma olmayanlara isə bu zəhərlə mübarizə yolu var, ən azı öz evlərində o telekanalları ləğv edə bilərlər.

Amma bu o demək deyil ki, bu tip verilişlərə qarşı çıxmamalıyıq. Əlbəttə, bunlar zəhərdi, uşaqların, yeniyetmələrin beyninə ötürülən zəhər.

Biz o zəhərin təsirindən qurtula bilməyən böyük bir gənclik ordusu itirmişik və zaman keçdikcə yenə də itiririk.

Müasir dünyada gəncin özünü yetişdirməsi, informasiya əldə etməsi, məlumat toplaması üçün televiziya o qədər də önəmli deyil, amma baxın bizim gənclik bunu tam olaraq bacarırmı?!

Ailədən ötürülən zəhər telekanallardan da ötürülür, sonra müəllimdən, sonra cəmiyyətdən. Məsələ qəlizdi, hətta ona gətirib çıxarar ki, qərara gələrik, televiziyanın heç bir önəmi yoxdur. Amma qəbul etmək lazımdır ki, var.

Yoxdursa niyə bizim bir dənə də olsun normal, ölkədə yayımı problemsiz olan telekanalımız yoxudur və qəbul etmək lazımdır ki, bütün bunların səbəbi uzun illər hakimiyyətin apardığı siyasətin nəticəsidir.

Unutmayaq ki, televiziya bizim hər birimizin asanlıqla informasiya əldə etməyimiz üçün bir vasitədir. İnternet şəxsin axtardığı və əldə etmək istədiyi bütün məlumatları asanlıqla qazanmağa bir vasitədir.

İndiki kültürdə böyüyən gəncliksə İnternet imkanlarından öz yüngül həvəslərinə, zövqlərinə uyğun yararlanacaq. Bu gün gənclərimizin böyük əksəriyyəti təkcə “Facebook” kimi böyük bir şəbəkədə kiçik başların idarə etdiyi bayağı səhifələrdə toplaşır. Bu onu göstərir ki, onların istədikləri budur.

Amma azad, maarifpərvər televiziya onlara istəklərindən və düşündüklərindən aslı olmayan nələrisə qazandıra bilər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG