- Tural İsmayılov
Hardasan?
Adını duyduğum gündən
Səninlə idi beynim.
Suallar beynimdən ruhuma yayıldıqca,
Və gecələr günüzlərdən daha sakit olanda sual verirdim -
Hardasan?
Qonşumuzda uşaqlar itkin düşəndə,
Evlərindəki ah-naləyə qonşular şəbədə qoşanda,
Uşaqlığımın bir tikə pendir çörəyini
Qonşunun oğlu ilə bölüşəndə, sual verdim -
Hardasan?
Sonra mən dərk etdim ki,
Pis adamlar gəbərmir.
Yaxşı adamlardır həyatın ən əclaf sındırılmışları.
Xeyirxah nənələr öləndə nəvələr sual edərdi -
Hardasan?
Orta məktəbdə yaxşı oxuduqlarımıza da
Bir mız qoyanda bizim müəllimlər,
Atası varlı, iç dünyası kasıb uşaqlar
Müəllimləri qarşısında az qala təzim etdirəndə deyirdim -
Hardasan...?
Əclaf adamlar şişərkən,
Uzaqda üfüqdə bir parça da ümid yox idi,
Ayrıseçkilik hər yerdə” xod gedəndə”
Bəzən baxırdıq kasıblığımıza və deyirdik -
Hardasan?
İlk dəfə onda anlamışdım...
Atalar mağazada ən ucuz oyuncaq axtarışında
Biz uşaqlar ən göstərişli bahalısına “cumar”, ağlayardıq.
Kasıb olduğumuzu dərk etdiyim həmin mağazada
Sual etdim o yaşda -
Hardasan?
Sonra elə başa düşdük ki,
Yaxşı adamlar daha ölməyəcəklər...
Elə belə düşünərkən, öz maaşıyla kitab alıb paylayan
Bakılı qonaq da ürək tutmasından öldü.
Həmin gün daha bir mənfur adam zirvəyə qalxmışdı
Və deyirdi camaat -
Hardasan?
İndi müharibələrdə də kişilik yoxdur.
Kişilik onsuz da portmanatın doluluğu ilə həmahəngdir.
Müharibələrdə əsgər vurmaq qəliz görünəndə,
Körpələr kürəklərindən vurulur və analar bağırırdı -
Hardasan?
Heç unutmaram, qoy yazım:
Rusetdən gələn biznesmen oğlu Leyla ilə
Evlənmək arzusundaydı
qızın xalası qulaqlarımın dibində oğlana
öz bacısı qızını pisləyəndə
anladım paxıllıq ölümdən də betərdir...
Söylə, ədalət, - hardasan?
Sevdiyim hər şey puç imiş məgər
Hamışı boş səfsəfə...
Mən isə otaqda ağlayırdım -
Hardasan?
Hərdən boş ümidlərə qapılırdı insanlar.
Tələbələr üçün auditoriyalar boz və darısqal
Çoxu üçün ali təhsil diplomdan ötə deyil.
Eybi yoxdur, bizlər də bir gün dəyər görərik
O günlər, bəs -
Hardasan?
Uğurlarımıza sevinib dar günümüzdə bizi
Mənən bizləyən, inildədən -
Hardasan?
Toyda araq stolunda qohumluğu şaha qalxıb,
Adi günlərdə ölümüzdən xəbər tutmayan
Qohum - Hardasan?
Qeybətlə insanları boğub,
Azadlıqları üzərində gərnəşən,
"bizdən yoxdur" deyə hamını borclu çıxaran
Despot təfəkkürlər!
Haqlılar haqsızlara yeniləndə -
Hardasan?
Ən sonunda hər şeyi xəlq edən sənsənsə,
Və hər kəsin ibadətində varsansa,
dua edirəm bu xalqa
və söyləyirəm -
göylərdən bax və sən də sual ver:
ey insan, bu, sən ola bilməzsən,
axı söylə -
hardasan?!