Keçid linkləri

2024, 15 Sentyabr, bazar, Bakı vaxtı 11:03

Rus xalqının daşıdığı xaç


Kremlyönümlü «Naşi» hərəkatının idman oyunları.
Kremlyönümlü «Naşi» hərəkatının idman oyunları.

-

Bu gün psixoloqlar böyük şəhərlərdə yaşayan çağdaş rusların ruhi vəziyyətindən narahatdırlar. Onların fikrincə, küçədəki qaraqabaq üzlər, vətəndaşlarda yüksək dəyərlər sisteminin əskikliyi və onların ancaq istehlakçı ideyasına, maddi dəyərlərə köklənməsi buna əsas verir. Çağdaş rusların yol yoldaşı qorxu, aqressivlik, asılılıq və depressiyadır.

Psixoloq Elena Gazarova-nın müşahidələrinə görə, müasir rus insanı mənəviyyatını və ruhunu itirir, qəddar, formal, mexaniki, proqramlaşdırılmış və azad olmayan birinə çevrilir, düşüncəsi daralır. Bütün bunlar psixoloqa görə, insanlığın itirilməsidir. O hətta hesab edir ki, durum elə böhran həddə çatıb ki, insanı qorumaq zamanı çatıb.

««İnsanlığın itirilməsi» deyəndə, psixoloq adamın içindən insanın yoxa çıxmasını, süzülüb getməsini nəzərdə tutur. İnsanın sosiallığı, yəni toplumun üzvü olmaq qabiliyyəti təhrif edilib: insanlar biri-birinin qayğısına qalmırlar. Hər bir insan ruhunu, mənəviyyatını inkişaf etdirə bilər, bu, hər kəsin borcudur. Bizim çağdaşlarımıza mülayim, mehriban qəhrəmanları elə çox göstərməsələr də, ekranda daha çox qan bataqlığı, yarımpornoqrafiya, hədsiz sayda ağır söyüşlərə yer verilsə də, baş insana düşünmək üçün verilib, ürək hiss etmək», - söyləyir Elena Gazarova.

RUSİYA VƏTƏNDAŞI 14 YAŞLI YENİYETMƏNİ XATIRLADIR

Onun fikrincə, normal insan bu sadalananlardan dəhşətə gəlməliydi. Amma belə deyilsə, səbəbi nədir?

Elena Gazarova.
Elena Gazarova.

«Deməli, bu insanlığın itirilməsidir, onlar qabaqlarına qoyulan hər cür zir-zibili həzm edirlər. İnsanlar ölməz dəyərlər əvəzinə müvəqqəti dəyərləri seçir, diqqətlərini xırda-para məsələlər verirlər. Bundan başqa, insanlarda yetişkinlik yoxdur. Bugünkü Rusiya vətəndaşı 14 yaşlı yeniyetməni xatırladır. Və bu yeniyetmənin seçim etmək qabiliyyəti hələ cilalanmayıb. Məndə belə təəssürat yaranır ki, bu qabiliyyətin cilalanması nəsə inkişaf etmir».

Psixoloqa görə, metroda, mağazada, küçədə rastlaşdığı insanların yaşadığı depressiyanın sezilməməsinin özü də təhlükəlidir, çünki bu illərlə, özü də on illərlə davam edə bilər. «Bu beyni, intellekti, hissiyyatı ört-basdır etmiş boz qatı lehməyə bənzəyir, o da canlı, təbii, spontan hisslərin böyüməsinə imkan vermir, insanı proqramlaşdırır, mexanikləşdirir və qeyri-azad edir», - psixoloq deyir.

Başqa psixoloq Karine Gyulazizova isə Rusiyada doğum və ölümün artmasına diqqət çəkir. Onun məruzəsi «Rusiyanın daşıdığı xaç: depopulyasiya» adlanır.

«Niyə «Rusiya xaçı»? Normada qrafikdə doğum və ölüm xətləri paralel getməlidir. Amma 1990-cı illərin əvvəlində onlar kəsişib və xaç yaradıblar... Bu, çox kədərli mənzərədir. Demoqraflar bilir ki, bu situasiyadan çıxış yoxdur. Məhvolma artıq gedir».

Psixoloq deyir ki, indiki halda doğumdan çox ölümə fikir vermək lazımdır. «Avropada doğum aşağıdır, ancaq ölüm də azdır, özü də getdikcə azalır. Rusiyada isə ölüm artır, niyə? Rusiyada insanın uzunömürlü olması yönündə iş görülmür», - Karine Gyulazizova söyləyir.

Karine Gyulazizova.
Karine Gyulazizova.

RUS XALQI YETİMXANA UŞAĞIDIR

Elena Gazarova əmindir ki, bugünkü depopulyasiyanın (əhalinin azalması) kökünü ötən əsrin 30-cu illərində axtarmaq lazımdır: «Mən 30-cu illərdəki «Qolodomor» və xalqın soyqırımını deyirəm. Bizdə nənələrdən, «Stalin uşaqları»ndan repressiyalar haqda hekayələr ötürülür, elə təəssürat yaranır ki, ölüm yaxındadır. Bunlar mif deyil, tarixi hadisələrdir və çox qorxuludur. Bu da şüuraltına işləyir».

Karine Gyulazizova bolşeviklərin böyük yanlışa yol verdiklərini güman edir: «Ruslarda çar taxtda yox, başdadır. Ölkəyə başçılıq edən istənilən şəxs hər nə olursa olsun batyuşka – ata olmalıdır, bunu indiki hakimiyyət haqqında demək olmaz, o öz valideynlik funksiyasını yerinə yetirmir. Ondan başqa, bizim üzü hansı səmtə getməyimiz haqqında doğru anlayış yoxdur: gah Avropaya, demokratiyaya doğru istiqamətlənirik, gah ənənələrdən yapışırıq... Bu koordinatlar sistemində insan da düzgün seçim edə bilmir. O, yetimxana uşağı kimi ayaqda qalmaq üçün önünə qoyulanı götürməlidir. Bugünkü rus xalqı da yetimxana uşağıdır, ailəsizdir və buna görə də onun seçimi həmişə ağrılı və yanlış olacaq».

Psixoloq Rusiya hökumətinin xalqı müəyyən ideyalar ətrafında birləşdirmək cəhdinə də toxunur. Bunlardan biri də ildönümü təmtəraqla qeyd olunan Böyük Vətən Müharibəsidir. «Mən demirəm müharibəni unudaq və ildönümləri qeyd etməyək. Amma əsas vurğunu müharibə ətrafında birləşməyə vurmaq yanlışdır. Müharibənin necə dəhşətli olduğunu göstərmək lazımdır, Qələbə gününü Olimpiadanın açılışı kimi qeyd etmək yox», - Karine Gyulazizova bildirir.

XS
SM
MD
LG