-
Avropa Şurasının maliyyə dəstəyi ilə Avropa İttifaqı Ermənistana 4 proqramın gerçəkləşməsi üçün 2 milyon avrodan çox vəsait verəcək. Seçki islahatları, ali təhsildə korrupsiya, ədalət mühakiməsi sistemində islahatlar – pis davranış və cəzasızlıqla mübarizə, eləcə də həbsxanalardakı insanların sağlamlıq və hüquqlarının qorunması diqqət mərkəzindədir.
«Bu əməkdaşlıq «Şərq Tərəfdaşlığı»na cəlb olunmuş tərəflərə demokratik islahatlar, xüsusilə də Ermənistanın bu struktura üzv olarkən üzərinə götürdüyü öhdəlikləri həyata keçirməyə yardım edəcək». Avropa Şurasının Yerevandakı ofisinin rəhbəri Natalia Vutova belə deyib.
Xanım Vutova AzadlıqRadiosunun erməni xidmətinin Qərbin Ermənistana ayırdığı maliyyə yardımının nə dərəcədə effektiv xərclənməsi barədə sualını cavablandırmaqda çətinlik çəkib.
«Biz pulu nazirliklərin bank hesablarına köçürmürük. Maliyyə vəsaitini özümüz idarə edirik və bu da, deyəsən, bu vəsaitin səmərəsiz istifadə olunması ilə bağlı bütün imkanları məhdudlaşdırır» - qurumun rəhbəri deyib.
Ermənistanın coğrafi mövqeyini nəzərə aldıqda, Natalia Vutova Ermənistan hakimiyyətinin demokratiya və insan haqları məsələlərində siyasi iradəsinin ifadəsini müsbət qiymətləndirib.
Jurnalist ABŞ-ın Ermənistandakı səfirinin bu günlərdə AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində vurğuladığı fikri xatırladıb. Səfir deyib ki, Ermənistanda korrupsiya demokratiya və insan haqlarının müdafiəsini zərbə altında qoyur.
«Bizim monitorinq qrupumuz var, onlar hökumət üzvlərinin öz öhdəliklərini necə yerinə yetirdiklərini monitorinq edirlər. Bizim dəyərləndirməmizin əsasında müstəqil ekspertlərin hesabatları dayanır» – N.Vutova deyib.
«PROBLEM OLMASAYDI, AVROPA BOŞUNA PUL XƏRCLƏMƏZDİ»
Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Paruyr Hovhannisyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, Ermənistan ədalət məhkəməsi və insan haqları ilə bağlı bir sıra sahələrdə kifayət qədər yüksək reytinqə malikdir. Bununla belə, onu da qeyd edib ki, heç bir problem olmasaydı, Avropa boş yerə pul xərcləməzdi.
Ermənistan və Avropa Şurasının əməkdaşlığı çərçivəsində görülən işləri ümumilikdə müsbət dəyərləndirən Natalia Vutova eyni zamanda hələ həll olunmayan məsələlərin də qaldığını deyib.
«Demokratik cəmiyyət yaratmağın əsasında seçki və azad kütləvi informasiya vasitələri durur» – deyən Vutova xatırladıb ki, Qərbin ayırdığı maliyyənin bir hissəsi məhz seçki prosesinin yaxşılaşdırılmasına yönəldilib.