Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 05:43

Toxuculuq kombinatının yataqxanası çökür


Yataqxana.
Yataqxana.

-

«Üfunətdən bloka daxil olmaq mümkün deyil. Bina qəzalı vəziyyətdədir, qorxuruq ki, bir gün aşar, qalarıq altında».

Söhbət Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının Xətai rayonu, Cavanşir küçəsi 10-da yerləşən yataqxanasından gedir. Yataqxana sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə antisanitariyadan şikayət ediblər. Deyirlər, qəzalı binada yaşamaqla hər an həyatlarını təhlükəyə atmış olurlar.

Elminaz Kərbəlayeva danışır ki, bina çoxdan istismar müddətini başa vurub:

«Gecə yatmırıq. Ayıq qalırıq ki, bir az toz qopsa, yığışıb çölə qaçaq. Hər günümüz belə keçir. Burada uşaq, qoca var. İnsan nə qədər təhlükə hiss edə-edə yaşayar?».

«XƏCALƏT ÇƏKİRİK»

Sakinin dediyinə görə, binada yaşayanların yarısı qorxudan, yarısı da antisanitariyadan xəstəliyə tutulub:

«Binadakı tullantı sular öz qarşısına yığılır, çəkilib getmir. Qalır, ətrafı iy basır. Pəncərələri aça bilmirik. Qonaq-qara gələndə xəcalət çəkirik. İyrənc şəraitə görə heç kəs bu tərəflərə gəlmək istəmir».

Sakin deyir, binanın vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyətinə də dəfələrlə müraciət ediblər. FHN işçiləri ara-sıra binaya gələrək uçuq-sökük yerləri yamayıb gedirlər. Bu isə sakinləri qane etmir. Onlar binanın kökündən təmir-bərpa olunmasını istəyirlər.

YENƏ VƏD...

Bina sakini Əvəz Məmmədov:

«Burada cəmi 70 ailə var. Bu binanı nə qədər təmir etsələr də, xeyri olmayacaq. Hökumətdən ötrü 70 ailəni bir az kənarda təzə mənzillə təmin etmək nə böyük işdir ki… Ev-eşik versinlər, gedək, olan-qalan ömrümüzü adam kimi yaşayaq».

Xətai rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, yataqxana binasının vəziyyətindən xəbərdardırlar. Bina təmir-bərpa olunacaq qəzalı tikililərin siyahısındadır. Növbəti ildə binada təmir işləri aparılması nəzərdə tutulub. Antisanitariya məsələləri də abadlıq işləri zamanı aradan qaldırılacaq.

XS
SM
MD
LG