Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:54

Gülməyimi saxlaya bilmirdim


Cavid Ramazanlı
Cavid Ramazanlı

- "O, yaza bilmir, bilmək ehtimalı da yoxdu, çünki istedadsızdı. Sənin ona sadəcə rəhmin gəlir. Adamlara yazığın gəlməklə çox qabağa gedə bilməzsən. İndiki dövrdə mərhəmət boş şeydi."

"Birtəhər özümə gəldim, qalxıb o biri küçədəki taksilərə doğru getdim. Taksi sürücüsü dedi ki, xəstəxanaya getsək, daha yaxşı olar, mənsə evə sürdürdüm..."

Cavid Ramazanlı

Gülməyimi saxlaya bilmirdim

Hekayə

2000-ci illərin ortalarında mən həftəlik qəzetdə işləyirdim. Qəzet bazar günü çıxırdı, biz isə hər şənbə səhər doqquzdan axşam saat yeddiyə, bəzən də gecəyə qədər gərgin işləyirdik.

Gördüyüm redaktə işinin məvacibi az olsa da, maraqlıydı, ən azından bazar günü şəhərə çıxanda əllərində qəzetimizi tutan oxucuları görmək adama xoş gəlirdi.

Hər altıncı gün iş qurtarandan sonra baş redaktor aldığı içki şüşələrini ortalığa gətirir, redaksiyanın mətbəxində 6-7 nəfər oturub vururduq.

Bizim baş redaktor çaxırı sevirdi, bir də danışmağı. O içib şənlənir, heç kimə aman vermədən ədəbiyyatdan, fəlsəfədən, cavanlığından danışırdı. Biz də sakitcə oturub qulaq asır, sonra isə hərə bir tərəfə dağılışırdıq.

Bir dəfə belə məclislərin birində baş redaktor dedi ki, bir nəfər cavan oğlan var, gələn həftə yazı gətirib gələcək, onun yazısını çap edərsiz.

Biz etiraz etsək də, xeyri olmadı. Baş redaktor qətiyyətlə yazı getməlidir dedi, vəssalam.

İş orasındaydı ki, bizim baş redaktorun eksperimentlərdən xoşu gəlirdi, hər dəfə qəzetin səhifələrində nəsə bir hoqqabazlıq baş verirdi, bu da tiraja təsir edirdi.

Amma onun vecinə deyildi. İndi də bilirdik ki, bəlkə də dediyi cavan oğlanın yazısını oxumayıb, sadəcə xahiş edib deyə çap edir, ya da baxır görək nə yaza bilir.

Növbəti həftə baş redaktorun dediyi cavan oğlan gəlib çıxdı. X ortaboylu, yaraşıqsız, qorxaq baxışları olan 23-24 yaşlarında bir adamıydı.

Şənbə günləri redaksiyada gərgin iş olduğundan adamlar əsəbi olurdular və əlavə adamları sevmirdilər, xüsusilə də maneçilik törədənləri.

X isə gələn kimi ayağa dolaşmağa başladı. O, gətirdiyi yazının üstündə həddindən çox əsirdi. Redaktorun yanından korrektorun yanına, kompüter dizaynerinin yanından da digər redaktorun yanına qaçırdı...

Dayanmadan da hər kəsə çox sağ ol, çox sağ ol deyir, minnətdarlıq edirdi. Bu ifrat mədənilik də adamları bezdirirdi. Onun üzündə elə bir ifadə vardı ki, elə bil bu saniyə kimsə onu möhkəm pərt edəcəkdi, var gücüylə mədəni olmağa çalışması da sanki adamları onu pərt etmək fikrindən daşındırmaq üçün idi...

Həmin gündən sonra X mütamadi olaraq redaksiyada görünməyə başladı. Başqa yazarların da redaksiyaya gəldiyi, maneçilik törətdiyi tez-tez olurdu.

Amma onlara gözün üstdə qaşın var deyən yoxuydu, X-də isə vəziyyət fərqliydi. Ona sifət göstərirdilər, acılayırdılar.

Mən altdan-altdan ona baxırdım, o belə anlarda çox pis olurdu, ona olan münasibətin fərqində idi, amma yenə də yazısının necə olacağına əmin olmadan çıxıb getmək istəmirdi.

Onun yazılarını sonda mən oxuyur və çapa getməsinə razılıq verirdim. Yanıma gəlib, başımın üstündə dayanırdı. İfrat səliqəylə yazdığı yazılara görə təhqiramiz münasibətə dözsə belə, bu yazılarda xüsusi heç nə yox idi.

X-nin məqalələri zəif idi, boz, mücərrəd cümlələrlə nəsə deməyə çalışırdı, ancaq alınmırdı. Onun yazılarıyla oxucular da maraqlanmırdı, nə bir məktub olurdu, nə də bir zəng...

Günlərin bir günü baş redaktor eksperimentindən əl çəkdi, dedi ki, onun yazılarını daha verməyək, boş yerə qəzet səhifəsini tutur. Amma bu dəfə mən X-i müdafiə eləməyə başladım.

Hər dəfə bir bəhanə gətirir, yazıları verməkdə davam edirdim. Heç özüm də bilmirəm niyə. Ona yazığımmı gəlirdi? İnsanlara yazığının gəlməsi təhqiramiz bir şeydir. Bu fikri özümə yaxın buraxmaq istəmirdim.

Amma necəsə onu qorumağa çalışırdım və üstəlik bilirdim ki, bu çox mənasız dirəşmədir. Adamların onu acılaması, ələ salması məni özümdən çıxarırdı.

X redaksiyaya gələndə çalışırdılar onu ümumiyyətlə görməsinlər, təkcə mən onunla isti görüşürdüm.

X-nin hürkə-hürkə redaksiyaya girməsi, hamıyla bir-bir görüşməsi, pərt olması, amma yenə də bacardıqca mədəni olmağa çalışması indiyədək gözlərimin qarşısındadır.

Bütün bunlarda həm də kədərli bir şey var idi: o, bütün baş verənləri anlayırdı və komik şəkildə özünü şax tutmağa çalışırdı.

Sonda yazısının gedəcəyi bəlli olan kimi isə, dərhal bir göz qırpımında aradan çıxırdı. Biz qəfil anlayırdıq ki, o, artıq yoxdur.

Mənsə özümü inandırırdım ki, X boş adam deyil, onda nəsə bir qeyri-adilik var...

Növbəti həftələrin birində gözlənilməz bir hadisə oldu, X redaksiyaya gəlmədi, hətta ondan sonrakı həftə də gözə dəymədi, üçüncü həftə də gəlməyəndə mən narahat olub ona zəng elədim.

Hal-əhval tutandan sonra soruşdum hara yoxa çıxıb, niyə görünmür? Dedi ki, işləri çoxdu, amma gələn həftə mütləq gələcək.

Növbəti həftə o, gəldi. Redaksiyadakılar onu görən kimi yenə sifətlərini turşutdular.

Amma X yazı gətirməmişdi. Soruşdum, niyə daha yazı yazmır. Sualımdan açıq-aydın sıxıldı, konkret cavab verə bilmədi, bəhanələr uydurdu. Mənsə dedim, yenə yazsın, biz onun yazılarını məmnuniyyətlə çap edərik.

Redaksiyada mənim dediklərimi eşidənlər mat-məəttəl qalmışdılar. O da bunun fərqindəydi... X çıxıb gedəndən sonra digər redaktor mənə yaxınlaşıb söhbətə tutdu:

- Nə görmüsən o degeneratda?

- Kimdə?

- Kimdə olacaq, indi gedəndə.

- Bu qədər qəddar olma. Adamdır da, yazır özü üçün.

- Qəddarlıq söhbəti deyil. Yazdığı bir şey yoxdu, burdakıların da zəhləsini töküb. Elə əsir yazdığının üstündə, elə bil şedevr yazıb gətirib. Sən də dirəşmisən ki, yaz...

- Heç nə olmaz, qoy yazsın, kasıb adamdı, heç olmasa honorar alır.

- Sən peyğəmbər, seyidsən, camaatın qayğısına qalırsan? Adam yaza bilmir, özü başa düşüb, bir sən başa düşmürsən.

- Hələ bilmək olmaz. Bəlkə yazdıqca düzələcək?

- Sən özün yazını hiss edən adamsan, bilirsən ki, o, yaza bilmir, bilmək ehtimalı da yoxdu, çünki istedadsızdı. Sənin ona sadəcə rəhmin gəlir. Adamlara yazığın gəlməklə çox qabağa gedə bilməzsən. İndiki dövrdə mərhəmət boş şeydi.

- Mərhəmət hansı dövrdə boş şey olmayıb ki? Mərhəmətli olmaq yaxşı şey deyil, bəs nə təklif eləyirsən?

- Heç nə. Elə adamlar var yararsızdırlar, bununla barışmaq lazımdı.

- Yararsız adam yoxdu, yararsız münasibət var.

- Yaxşı səslənir, amma həyat başqa şeydi.

- Nədir həyat!?

Aqressivcəsinə soruşdum. Əsəbləşdiyimi hiss edib, həmkarımın yanından aralandım.

Həmin dövrdə X mənim ağlımdan çıxmırdı. Ona görə kədərlənirdim. Mən onu xilasmı etmək istəyirdim?

Bəlkə məndə kimisə xilas etməyi istəmək kimi bir yanğı var? Nə üçün, niyə? Saatlarla içimdəki hissləri götür-qoy edirdim:

“Axı mən nəinki X-i, ümumiyyətlə heç kimi xilas edə bilmərəm. Bu çox absurd, eqoist istəkdir. Hər kəs özünün qeydinə qalmalıdır, mən kiməm ki, başqalarını xilas etmək kimi ağır yükü öz çiynimə götürməyi iddia edirəm? Adama deyərlər, sən kimsən axı?.. Ümumiyyətlə, bu mümkündürmü, yox, mümkün deyil... Amma...”

Bütün gün ağlımda belə fikirlər dolaşırdı. O zamanlar mən gənc və enerjili idim, daxilimdə böyük bir qüvvə hiss edirdim və əyrilikləri düzəltmək istəyirdim...

X yenə ortalıqda görünmürdü və mən dözməyib yenə ona zəng elədim. Telefonu götürəndə səsi gərgin idi. Hiss olunurdu ki, zəng eləməyim açıq-aşkar xoşuna gəlməyib.

Mənə dedi ki, redaksiyaya gəlməyə vaxtı yoxdur, amma mənimlə görüşmək istəyir. Bir küçənin adresini verdi, dedi, məni orda gözləyəcək.

Verdiyi ünvana çatanda gördüm, artıq məndən əvvəl gəlib. Salamlaşdıq. Çox həyəcanlı idi. Bir neçə dəqiqə qəribə sükut oldu. O, sanki çox ciddi bir şey söyləməyə hazırlaşırdı. Və birdən dedi:

“Mən indi sizə qısa bir şey danışacam. Amma xahiş edirəm danışanda mənim sözümü kəsməyin”.

Mən başımı tərpətdim.

X-nin danışdıqlarına nitq demək olarsa, hiss olunurdu ki, ona əvvəlcədən xeyli hazırlaşmışdı. O, danışıq adamı deyildi, indiyədək iki-üç cümləni axıra qədər səlis dediyini görməmişdim.

İndi danışanda gözləri parıldayır, ağzı gərgincəsinə açılıb örtülürdü, dodaqlarının arasından partlayışın qırıntıları kimi tökülən danışığı zamanı dili dolaşır və sanki çalışırdı ki, unutduğu heç bir şey qalmasın:

- Mən bilmirəm siz məni dolayırsız, yoxsa mənə yazığınız gəlir... Necə istəyir olsun, heç biri mənim vecimə deyil, amma xahiş edirəm, mənə zəng etməyin, axtarmayın... Əslində, mən sizin zənglərinizə cavab verməyə də bilərdim, ancaq istədim bu sözləri sizə deyim, ondan sonra.

Yoxsa demədiyimə görə ömür boyu pis olacaqdım... Mən hər şeyi bilirəm... mənə ətrafda olan münasibəti də, özümün hərəkətlərini də.

Bilirəm ki, nə qədər gülünc görsənirəm. Amma bu, özümdən asılı deyil, yenə də edirəm... Mənim çoxlu qüsurlarım var, bilirəm, bəlkə də başqalarında məndən daha çoxdur.

Onlarınsa bu vecinə də deyil, qüsurlarını görmədən rahatca yaşayırlar... veclərinə də deyil. Mən onların bütün iyrənc qüsurlarını, çatışmazlıqlarını görürəm və mənə elə gəlir ki, onlar da mənimkiləri görürlər.

Amma bu belə deyil... bilirəm ki, belə deyil. Onlar özlərinə o qədər aludə olublar, başqalarını görə bilməzlər...

Amma onlar özlərini ələ verənləri görəndə bağışlamırlar, bütün qəddarlıqlarını, iyrənc zarafatlarını işə salmaq üçün fürsət əldə edirlər...

Mən bütün bunları görürəm, amma adamlar arasında özümü itirirəm. Həmişə bir zərbə gözləyirəm... Bu, özümdən asılı deyil... başlayıram gic-gic hərəkətlər eləməyə... Özümdən asılı deyil...

İncitməyinə qalsa, insanların münasibəti həmişə məni incidir, ancaq axır vaxtlar o qədər də vecimə almırdım. Bilmirəm, bu öyrəşməkdəndi, yoxsa başa düşmüşəm ki, adamlar mənasız məxluqlardırlar.

Onların nə fikirləşdiyini, nə elədiklərini vecinə almamaq da olar... Amma sizi görən kimi bildim ki, təhlükəli adamsız. Siz adamın elə bil bütün içini görürsüz...

Sizin qabağınızda mən özümü... nətər deyim, şəffaf hiss eləyirəm... Ona görə də sizi çağırdım və istədim deyəm ki, elə fikirləşməyin mən heç nəyi qanmıram.

Ona görə də mənə nə yazığınız gəlsin, nə də dolamağa çalışın... Ya da ümumiyyətlə heç biri mənim vecimə deyil, sadəcə istədim biləsiz...

- Siz səhv başa düşmüsüz, yazığı gəlmək məsələsi deyil, nə də sizi dolamağa çalışıram..

- Xahiş edirəm, sözümü kəsməyin... Nə isə, bu məni elə də maraqlandırmır. Yazı yazmaq məsələsinə gələndə isə, onu da bilirəm ki, elə də ciddi istedadım yoxdu, sadəcə yazanda rahatlanıram... yüngülləşirəm.

Sizdən əvvəl başqa qəzetlərdə də yazmışam. Daha sizdə yazmayacam, bəlkə başqa yerdə yazdım, bəlkə də yox... Nə isə, gəldiyinə görə çox sağol... Xahiş edirəm, daha mənə zəng eləmə... Mən getdim, sağ olun...

X bu sözləri deyib, çıxıb getdi, küçənin ortasında eləcə qaldım. Bir müddətdən sonra çevrilib evə qayıtdım.

Bu hadisədən sonra X ortalıqlarda görünmədi, həqiqətən də bir də nə yazı göndərdi, nə də redaksiyaya gəldi.

Başqa qəzetləri ələk-vələk eləsəm də, onun yazısına hardasa rast gəlmədim. Beləcə, X yavaş-yavaş unudulub getdi, hər şey öz əvvəlki axarına düşdü...

Amma tale və ya təsadüf elə gətirdi ki, onunla illər sonra bir də rastlaşdım. Və bu zaman başıma gələn hadisədən sonra, bu qəribə adamın ölənədək mənim yaddaşımdan silinməyəcəyini birdəfəlik anladım...

***

Artıq qəzetdə işləmirdim. Bir şirkətin mətbuat xitmətinə işə düzəlmişdim, işlərim yağ kimi gedirdi. Elə həmin şirkətdə tanış olduğum bir qıza ildırım sürətiylə vurulub, ildırım sürətiylə də evlənmişdim.

Kişinin qarşısına hədsiz gözəl qız çıxanda başını itirir, qorxur ki, əlindən çıxar. Məndə də təxmini belə oldu. Amma çox xoşbəxt idim, işim, gözəl həyat yoldaşım, yaxşı dostlarım var idi.

Hər şey çox asanlıqla alınırdı. Mat-məəttəl qalmışdım, hərdən xoşbəxtlikdən qorxur, nəsə pis bir şey baş verər deyə, narahat olurdum. Ancaq hələlik hər şey qaydasında idi.

X ilə də sonuncu dəfə belə xoşbəxt günlərimin birində rastlaşdım.

Tutqun bir payız axşamı işdən çıxıb şəhərin mərkəzinə düşürdüm, xanımım mənə mərkəzdəki mağazaların birindən nəsə almağı tapşırmışdı, onun dalınca gedirdim.

Gənc Tamaşaçılar Teatrının qabağında qəfildən X qabağıma çıxdı. Düz üz-üzə gəldik. İkimiz də bir-birimizi tanıdıq. O, yanımdan sivişib keçmək istəyəndə saxlayıb hal-əhval tutmağa başladım. Dedim ki, yemək yeməyə gedirəm, mənə qoşulsun, bir yerdə gedək.

Etiraz etdi, amma onu birtəhər razı salıb, yaxınlıqdakı kafelərdən birinə apardım.

X-nin görkəmi heç də yaxşı deyildi, əynindəki paltarlar köhnəlmiş, sifəti arıqlamışdı, üzündə bəlkə də bir həftəlik saqqal vardı, gözlərinin altı da kölgələnmişdi.

Kafedə yemək və qırmızı çaxır sifariş verdim. Çox dalğın və susqun görünən X danışmağa həvəs göstərmirdi. Mən isə hey danışır, suallar verir, çalışırdım mühiti canlandıram.

Suallarıma verdiyi qısa cavablardan aydın oldu ki, həyatında elə bir yenilik yoxdur, yazmağın isə daşını atıb.

İşləyib-işləməməsi barədə də qeyri-müəyyən cavab verdi, çox güman, heç harda işləmirdi.

Biraz keçəndən sonra, qabağındakı boşqabları parıldatdığını görüb, əlavə yemək və çaxır sifariş verdim. Axır-axırda ikimiz də keflənmişdik.

X gülümsəyərək məni dinləyir, suallarımdan sıxılır, qeyri-müəyyən və başdansovdu cavablar verirdi.

Mən axırda dedim ki, ona nəsə olub, nəsə çox ciddi bir şey. Nəsə hiss etmişdim, dirəşib ondan söz almaq uğrunda mübarizəyə başladım.

X boyun əymirdi, amma sonda yumşalıb etiraf elədi. Mən isə bu zaman elə bir hərəkət elədim ki, bunu heç vaxt özümə bağışlamayacam, hər dəfə yadıma düşəndə xəcalətimdən yerin dibinə girəcəm...

O dedi ki, anası bir ay əvvəl vəfat edib, ona görə kefi yoxdur. Atasını uşaq vaxtı itiribmiş, başqa bacı-qardaşı da yoxdur, bir anası vardı, o da artıq mövcud deyil. Araya sükut çökdü...

Anasının necə rəhmətə getdiyini soruşanda o, elə qəribə görkəm aldı ki, bu məni hədsiz maraqlandırmağa başladı, X-ni yenə sual atəşinə tutdum. O dedi, anası rayonda toya gedərkən ölüb...

- Yol qəzasına düşüb?

- Yox

- Bəs nə?

- ...

Sınayıcı nəzərlərlə üzümə baxıb dedi:

- Körpüdən yıxılıb.

- Körpüdən yıxılıb?

- Həə...

- Başa düşmədim, körpüdən necə yıxılıb ki? Hündür körpü olub?

- Hə.

- Hmm, necə yıxılıb?

- ...

X ətrafa, yan-yörəsinə və sonda mənə baxdı.

- Nə baş verib?

- ...inək vurub.

- İnək vurub???

- Həə.

- İnəyin vurmasından ölüb, yoxsa yıxılıb harasınısa əzib?

- ...yox, harasınısa əzməyib, inək vuranda körpüdən su kanalına düşüb, kanal da dərin olub, anam da suda boğulub ölüb...

Mən heyrətlə onun üzünə baxıb soruşdum:

- Zarafat eləyirsən?

- Yox...

Mən bir an yenə key-key onun üzünə baxdım və başa düşdüm ki, o, tam səmimi danışır. Elə bu anda da dəhşətli bir şey oldu.

Bilmirəm çaxırın təsiriydi, yoxsa bu ölüm əhvalatı mənsiz hədsiz gülünc gəlmişdi, başladım şaqqanaq çəkib gülməyə...

Güldükcə X-nin heyrətdən əyilmiş ağzını görürdüm və daha da möhkəmdən gülürdüm... Əclafcasına bir şey elədiyimi bilirdim, amma özümə nəzarəti itirmişdim.

Dayana bilmirdim, gözlərimdən yaş gəlirdi, nə qədər özümü yığışdırmağa çalışırdımsa, xeyri olmurdu, ömrümdə bəlkə də heç vaxt bu qədər ürəkdən gülməmişdim.

Kənar masalarda oturanlar mənim əcaib gülüşümə təəccüblə baxırdılar. Qıyılmış göz qapaqlarımın arasından X-ni görürdüm, onun sifəti sonda elə bir ifadə almışdı ki, mən hələ də bu ifadəyə ad qoya bilmirəm...

Mən isə gülürdüm, özümü saxlaya bilmirdim, nə qədər çalışsam belə, xeyri olmurdu...

X oturduğu stuldan durub, kafedən çıxdı.

Gülməyim dayandı. Mən də tələsik hesabı ödəyib, kafedən çölə atıldım. Hava qaranlıqlaşmışdı, leysan yağış yağırdı. Ancaq bir xeyli qabaqda iti addımlarla gedən X-nin siluetini görə bildim.

Onun dalınca götürüldüm. Çatıb başladım üzr istəməyə. Dişlərini qıcayıb məni qırağa itələdi: “Əl çək də, rədd ol da başımdan, rədd ol!..”

Mən yenə dayanmadan üzr istəyirdim, vəziyyətdən çıxmağa çalışırdım. O isə dayanmadan gedirdi. Yenə ona çatıb arxadan ehmalca çiyninə toxdundum ki, dayanıb sözümü dinləsin.

O isə qəfil çönüb, sifətimə yumruq ilişdirdi. Gözüm qaraldı, yerə çökdüm. X bir anlıq tərəddüd elədi, sonra isə təpiyilə üzümə var gücüylə daha bir zərbə vurdu, burnumdan dəydi. X çıxıb getdi...

Bir neçə dəqiqəydi əllərimlə üzümü tutmuş vəziyyətdə yerdə uzanmışdım, göydən üstümə yağış tökülürdü, tamamilə islanmışdım, sir-sifətim qan içindəydi.

Birazdan birtəhər özümə gəldim, qalxıb o biri küçədəki taksilərə doğru getdim. Taksi sürücüsü dedi ki, xəstəxanyaa getsək, daha yaxşı olar, mənsə evə sürdürdüm...

Evin qapısını açan arvadım məni görəndə qışqırdı. Tələsik güzgünün qarşısına keçib özümə baxdım. Adama oxşamırdım...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG